PUTİNİ ÇƏTİN KORONAVİRUS SINAĞI GÖZLƏYİR! – “Vəziyyət göründüyündən də pisdir”

Baxış sayı:
1786

Koronavirus hələ Rusiyanı tam bürüməyib. Amma bir çox mütəxəssislərin fikrinə görə, yaxın zamanlarda epidemiyanın sürəti Rusiya prezidenti Vladimir Putin üçün çox ciddi sınaq olacaq.

COVİD-19 virusunun Rusiyada və xüsusən də əhalinin sıx yaşadığı Moskvada daha geniş yayılması onun üçün fəlakət deməkdir. Əgər on minlərlə adam xəstələnsə və ya ölsə, bu, Putin ətrafında formalaşdırılmış təbliğat “zirehini” dəlik-deşik edəcək. Xəstəlik nəticəsində ölənlərin sayının hədsiz artacağı tamamilə mümkündür. Çünki böyük şəhərləri istisna olmaqla, Rusiyanın digər yaşayış məskənlərində tibbi resurslar məhdud səviyyədədir və bununla yanaşı ölkə əhalisinin çoxluq təşkil edən yaşlı hissəsi yüksək risk qrupuna daxildir.

Yaxınlaşan bu böhran Rusiyanı dar zamanda yaxalayıb. Ölkə iqtisadiyyatının əsasını təşkil edən neftin qiyməti kəskin düşüb. Putinin 2036-cı ilədək hakimiyyətdə saxlanılması planı məcburən təxirə salınıb. Bu ilin məlumatına görə rusiyalılar arasında pnevmoniyadan xəstələnənlər keçən illə müqayisədə daha çox artıb. Bəzi tənqidçilərin fikrinə görə, virusun yayılmasının miqyasını gizlətməkdən ötrü hökumət statistika üzərində manipulyasıyalar aparır. Hazırda təhlükə elə səviyyəyə qədər yüksəlib ki, Putinin müttəfiqi olan Moskva meri Sergey Sobyanin açıq şəkildə deyir ki, vəziyyət göründüyündən də pisdir.

Keçən həftə Vladimir Putin xəstəxananı ziyarət edən zaman əlini sıxdığı Rusiyanın aparıcı həkimlərindən birində koronavirus testi müsbət çıxıb. Bu ciddi təhlükədir.

Rusiyanı iri miqyaslı böhran gözləyir

Koronavirus bütün dünyaya yayıldığı bir vaxtda heç kim Rusiya hökumətini fəaliyyətsizlikdə günahlandıra biməz. 30 yanvarda hökumət Rusiya ilə Çin arasındakı sərhəddi bağladı və çinlilərə elektron viza verməyi dayandırdı. Bundan bir neçə gün sonra Rusiya hökuməti hərbi təyyarələrlə vətəndaşlarını Çindən təxliyə etdi. Əlavə olaraq, Rusiya hökuməti koronavirus testi müsbət çıxan xarici vətəndaşları ölkədən deportasiya edəcəyini bildirdi.

Ancaq ekspertlər qeyd edirlər ki, bu tədbirlər ölkədə infeksiya sayını məhdudlaşdırsa da, kifayət olmayıb. Rusiya yoluxmanın qarşısının alınması istiqamətində tam mənasıyla lazımı addımlar atmayıb. Belə ki, elə həmin ayda Çindən, İrandan və Cənubi Koreyadan Moskvaya uçan sərnişinlər təyyarədən düşən kimi testdən keçirilməliydilər. Həm də ki, Avropadan gələnlərin hərarəti ölçülməli və onlar məcburi qaydada evdə iki həftəlik karantində saxlanılmalıydılar.

COVİD-19 testi yerli istehsal testinin köməyilə aparılıb ki, bu da mükəmməl səviyyədə olmayıb və bir çox hallarda nəticələr yalnış çıxıb. Nəticələrin düzgün alınması üçün testlər Sibirdəki yeganə laboratoriyaya göndərilib ki, orada da böyük növbə yaranıb. Ona görə də, testin nəticələrini gözləyən ruslar xəstə olub-olmadıqlarını bilmədən həyatlarını adi qaydada davam etdiriblər. Kreml isə düzgün informasiya almadığı üçün xəstəliyin izlənməsini lazımı formada həyata keçirə bilməyib. Beləliklə, bir neçə həftədən sonra Rusiya əlavə tədbirlər görməyə başlayıb. Yalnız mart ayının sonunda məktəblərin və bəzi müəssisələrin bağlanması, aviareyslərin məhdudlaşdırılması və əhalinin maliyyə yükünü yüngülləşdirmək üçün böyük iqtisadi stimulların nəzərdən keşirilməsi qərara alınıb. Ancaq bu zaman artıq aydın idi ki, Rusiyada qeydə alınan və hələ ilikin mərhələdə olan azsaylı xəstəlik halları artacaq.

Moskva Ali İqtisad Məktəbinin professoru, epidemioloq Vasili Vlasov deyir ki, Rusiya virusa qarşı kifayət qədər cəld reaksiya verməyib və görülən tədbirlər yetərli deyildi. Regional hakimiyyət keçən həftə məcburi özünütəcrid rejimi tətbiq etsə də, insanlar bu qaydaları pozmağa davam edirdilər. Baxmayaraq ki, hər tərəfdə polis növbə çəkir və hamının evdə qalmasının vacibliyini söyləyirdi. Ekspertlərin bildiridiynə görə, bu cür davranış rus xarakterinin tipik əlamətidir.

Vasili Vlasov söyləyib: “Əvvəl insanları evdə saxlamağa məcbur etmirdilər. İş ondadır ki, vətəndaşlar hələ sovet vaxtından öyrəniblər ki,onları məcbur etsinlər. Görürlər ki, onları kimsə məcbur etmir, fikirləşirlər ki, yəqin, vəziyyət elə də ciddi deyil”.

Verilən əmrlərə ciddi yanaşılması üçün Kreml müvafiq qanun qəbul edib. Həmin qanuna uyğun olaraq özünütəcrid rejimini pozanlar 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Bir çox mütəxəssislər deyir ki, Rusiya hakimiyyətinin gördüyü tədbirlər nə qədər sərt olsa da, lakin çox gec qalınıb. Putin və onun müttəfiqləri ilk mərhələdə lazım olan bütün tədbirləri həyata keçirmədilər. Belə ki, vaxtında ələ alınacaq tədbirlər daha çox fayda verəcəkdi.

İş ondadır ki, Putin ilk növbədə insanların sağlamlığı barəsində yox, siyasət haqda düşünürdü.

(“Vox”-ABŞ)

Tərcümə: azpolitika.info