Putindən təbrik niyə gəlmədi... - SƏFİRİN İZAHI VƏ FAKTLAR

Baxış sayı:
5470

Ermənistanda Nikol Paşinyanın “Mənim addımım” blokunun qələbəsi ilə başa çatan növbədənkənar parlament seçkilərindən 10 günə yaxın vaxt keçsə də Rusiya prezidenti Vladimir Putindən təbrik gəlməyib. Bu isə Ermənistan rəhbərliyini möhkəm pərt edib.

Virtualaz.org xəbər verir ki, jurnalistlər bunun səbəbini Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkindən soruşublar. Səfir bildirib ki, belə təbrik “dövlətlərarası protokolda nəzərdə tutulmayıb”.

“Dövlətlərarası protokol var və orada belə təbriklər nəzərdə tutulmayıb. Təbriklər ancaq təyinatın özü baş tutandan sonra göndərilir. Biz hakimiyyət strukturlarının formalaşdırılması qrafikini izləyirik, ona görə də bununla bağlı suallar meydana çıxmır”-səfir deyib.

Ermənistan parlament üsul-idarəçiliyinə keçdiyi üçün Nikol Paşinyan baş nazir statusunda ölkə rəhbəridir və deməli başqa ölkələrin başçıları diplomatik protokola görə onun seçkilərdə qələbəsini təbrik edə bilərdi.

Rusiya prezidentinə gəldiksə isə internet mənbələrində Putinin parlament üsul-idarəçiliyinin hökm sürdüyü başqa ölkələrdə baş nazirləri partiyasının seçkilərdə qələbəsi münasibəti ilə təbrik etdiyinə dair çoxlu rəsmi xəbərlərə rast gəlmək olar. Məsələn, Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Rusiya prezidenti İsrailin və Yaponiyanın baş nazirlərinə də analoji təbriklər göndərib.