Putin üçün məğlubiyyət planı - AYGÜN MURADXANLI YAZIR

Baxış sayı:
600

İndi emosiyasız yazmaq, savaş meydanından güllə kimi yağan xəbərlərin altında soyuq başla düşünüb onları analiz etmək çox çətindir. Ümid edirəm, bu yazı bitənə qədər döyüşün bütün ağırlığını üzərində daşıyan Müdafiə Nazirliyi Azərbaycan Milli Ordusunun düşmənə çox böyük itki verməsilə bağlı azı 10 xəbər də yayacaq.
 
Dondurulmuş münaqişələrin aktiv fazaya keçirilməsi hər zaman böyük təxribatlarla başlayır. Tovuzun Ağdam kəndinə hücumdan öncə də belə oldu. Bir neçə gün idi internet üzərindən Ermənistanın Azərbaycanın Qarabağdakı mövqelərinə qəfil hücumu və bizim böyük itki verməyimizlə bağlı xəbərlər, səs yazıları yayılırdı. Nəbz yoxlayırdılar…
 
Hərbi elitanın bu xəbərləri necə dəyərləndirdiyini deyə bilmərik, amma bu gün Azərbaycan dövləti böyük fakt qarşısındadır – Silahlı Qüvvələrin generalı Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha iki zabitimiz şəhid olub. Ancaq itkilərimiz təkcə onlar deyil. 18 yaşlı əsgərimiz daxil 2 gündə 7 şəhid vermişik!
 
Orduya bələd olanların sosial şəbəkələrdə general Həşimov haqqında ürək yanğısı ilə paylaşdıqları statuslardan aydın olur ki, düşəmən yeni eyni senari ilə hərəkət edir. Şuşa alınmazdan Ramiz Qənbərovu, Ağdam alınmazdan Allahverdi Bağırovu, Laçında Əliyar Əliyevi, Xocalıda Əlif Hacıyevi… necə aradan götürmüşdülərsə, bu gün də bizi məğlubiyyətə kökləmək üçün general Polad Həşimov kimi milli davaya sədaqətli hərbçimizi aradan götürüblər… Heç bir şəhidimizin qanı yerdə qalmasın!
 
Bütün ölkə “necə ola bilər”, “general səngərdə olmur axı, onu necə vurdular”, “generalın koordinatlarını düşmənə kim verib“, “niyə hələ də Nəcməddin Sadıqov Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir” suallarına cavab axtarır, açıqlama tələb edir. Cavab isə olmayacaq. Rusiya kəşfiyyatının təsirində olan hərbi elitanın generalın ölümünü sirr pərdəsinə bükəcəyi aydındır.
 
Torpaq itkisi, 28 illik işğalın min bir acısını yaşasa da Azərbaycan vətəndaşının döyüş ruhuna ancaq həsəd aparmaq olar. 3 gündür Azərbaycanın ürəyi sözün əsl mənasında cəbhədə döyünür. Sərt karantin rejiminə baxmayaraq minlərlə insan döyüş bölgəsinə axışıb, gənclik səfərbərlik tələb edir, minlərlə vətəndaş hərbi komissarlıqlara qeydiyyatdan keçib, hər tərəfdən torpaq uğrunda savaşa çağırışlar eşidirik. İlk 2 gündə savaşa qarşı təbliğat aparanlar, təslimçilik ruhu aşılayanların da səsi yavaş-yavaş avazıyır. Artıq onlar da dərk etməyə başlayırlar ki, Azərbaycan savaş başlamadı, savaşa cəlb olundu. Daha dəqiqi, Rusiyanın imperiya maraqları Kremli yenidən Qafqazda ocaq qalamağa yönəltdi.
 
Hazırlıq çoxdan başlayıb. Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin noyabrındakı müsahibəsində SSRİ-nin bərpası ideyasını yenidən səsləndirmişdi. Həmin müsahibə apreldə yayıldı. İndi anlaşılır ki, noyabrda Orta Doğudakı prosesi tamamlamadan özünə “ikinci cəhbə” açmaq istəmədiyi üçün Rusiya yazı gözləyirmiş.
 
Bir neçə il öncə dövriyyəyə buraxdığı Gömrük Birliyi ideyası SSRİ-nin bərpası yolunda önəmli addıma çevrilə bilmədiyi üçün Rusiya prezidentinin gündəmə yeni fikirlə çıxacağı gözlənilən idi. Aprel ayında “artıq SSRİ-nin bərpası haqqında fikirlərdən ehtiyat etmək gərək deyil” deyən Putin Konstitusiyaya dəyişikliklərlə bütün keçmiş SSRİ ərazilərinə iddialı olduğunu rəsmiləşdirdi.
 
Qısa zaman öncə qəbul edilən dəyişikliklərdən sonra ən böyük ehtimal o idi ki, Putinin Qarabağda, Abxaziyada, Osetiyada, Dnestryanıda Krımdakı kimi saxta referendumlar təşkil edəcək. Referendumda qondarma dövlətlərin “vətəndaşları” təhlükəsizliklərinin təmin olunması məqsədilə keçmiş SSRİ əraziləri kimi Rusiyanın yurisdiksiyasına keçməyə “hə” deyəcəklər. Bunun ardınca isə həmin ərazilərdə Rusiya hərbi bazaralı rəsmiləşdiriləcək və möhkəmləndiriləcək. Yəni, Azərbaycan Qarabağı təkrar itirəcək, 1992-ci ildən sonra ilk dəfə Rusiya ordusunu ərazisində görəcək.
 
Bu gün Ermənistan-Azərbaycan sərhəddində baş verənlər sübut edir ki, təxminlər gerçək ola bilər. Çünki Rusiya Qərb istiqamətidə yeni işğal təhlükələri yaradaraq Azərbaycanı Qarabağdan tamamilə əl çəkməyə məcbur etmək üçün bütün gücünü ortaya qoyub. Cəbhədən alınan hər xəbər belə düşünməyə əsas verir.
 
Savaşdan söz açarkən vurğunun Rusiya üzərində olması yəqin heç kimi təəccübləndirmir. Arxasında Rusiya olmasa 10 milyonluq Azərbaycanın, 40 milyonluq Güney Azərbaycanın, 80 milyonluq qardaş Türkiyənin, 500 minlik Borçalının, 1 milyonluq Dərbəndin ortasında qalan 2,5 milyonluq Ermənistan nəinki hərbi uğur qazana, heç başını səngərdən qaldıra bilməz, tapdayıb keçərik…
 
Amma böyük iddialar həm də böyük, hesablanmamış səhvlər deməkdir. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən Rusiya da 3 gündür böyük səhv etməklə məşğuldur. Onun hədəf aldığı Tovuz Azərbaycanın Qərb bölgəsidir və bu ərazi Avropanın enerji dəhlizidir. Bakı-Tiflis-Ceyhan, TAP, TANAP kimi Avropanın enerji təhlükəsizliyi üçün önəmli kəmərlər, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu bu ərazidən keçir və bölgədə sabitliyin hər hansı şəkildə pozulması kəmərlərin son məntəqələrində ciddi narahatlıq doğurur. Yəni, Ermənistan ordusunun Azərbaycan torpağına atdığı hər güllə əslində Avropaya yönəlikdir və Qərb bundan hiddətlənməyə bilməz.
 
Avropanın narahatlığı artıq bir neçə gündür yayılan bəyanatlarda görünməyə başlayıb. ABŞ da daxil olmaqla Qərb bölgədə münaqişə istəmədiyini aydın şəkildə açıqlarıb. Proseslərin gedişindən görünən həm də odur ki, Şimali Atlantika bloku Qafqazda enerji təhlikəsizliyinə təhdidlərin qarşısını almağı Türkiyəyə tapşırıb. Azərbaycanla qardaşı ölkə, eləcə də Avropanın enerji təhlükəsizliyində tranzit ərazi olması Türkiyənin önəmini bu məsələdə bir qədər də artırıb.
 
Türkiyə son illər beynəlxalq siyasi məkanda Azərbaycanın Qarabağla bağlı mövqeyini davamlı müdafiə edir. Hərəkətə keçərsə, fövqəladə imkanlara malik Türkiyə Silahlı Qüvvələrinin hərb məkanında da Azərbaycana çox güclü dəstək verə biləcəyi şübhəsizdir. Azərbaycanı və Türkiyənin hərb tarixləri qarşılıqlı dayanışmalarla zəngindir. 1914-cü ildə Sarıqamışda Rusiya ilə vuruşan Osmanlı ordusuna 90 min Azərbaycan türkü könüllü qoşulub, 1918-ci ildə bolşevik-daşnak qüvvələri ilə vuruşan Azərbaycan Milli Ordusuna Osmanlının Qafqaz İslam Ordusu yarıma gəlib, 1991-ci ildə Sovetlər Biriyi dağılandan dərhal sonra Türkiyənin milliyyətçi-ülküçü camesindən yüzlərlə döyüşçü Qarabağda, Ermənistan-Azərbaycan sərhəddində yenə də erməni-rus birləşmələri ilə vuruşmaq üçün Azərbaycanın könüllü dəstələrinə qatılıb. 1992-ci ildə Azərbaycan Milli Ordusunu qurulmasında Türkiyə hərbi elitasının böyük xidmətləri olub. Necə deyərlər, qardaşlıq bir tale ortaqlığıdır, zaman yeni dayanışma zamanıdır.
 
Azərbaycan Milli Ordusunun nə döyüş ruhu, nə zabitlərimizin professional keyfiyyətləri hər hansı şübhəyə əl yeri qoymur. Ermənilərlə təkbətək qaldığımız istənilən döyüşdə düşməni yenmək Azərbaycan ordusu üçün çətin olmayıb. Çətin olan baş düşmənin – Kremlin Azərbaycanın hərbi-siyasi elitasındakı əlaltılarını zərərsizləşdirməkdir. Ukrayna, Gürcüstan, Moldova ordularında rus kəşviyyatına bağlı olan elitanı zərərsizləşdirə bilmədikləri üçün Krımı, Donetski, Luqanskı, Abxaziyanı, Osetiyanı, Dnestryanını itirmədimi? Onları zərərsizləşdirmək üçün bizə Türkiyənin döyüş taktikası ilə yanaşı hərbi əks-kəşfiyyatında da dəstəyi gərəkdir. Həm də çox gərəkdir. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsi Azərbaycanın həm hərbi, ən əsası da siyasi elitası üçün həyacan təbili olmalıdır.
 
Rusiyanın planlarını pozmaqdan ötrü Azərbaycan təcili Türkiyəyə hərbi yardım müraciəti etməlidir. Bu yalnız Rusiyanın köləliyində yaşayan Ermənistana hərbi gücümüzü göstəmək üçün yox, həm də Rusiyaya NATO ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə bərabər dövlət müstəqilliyimizin keşiyində dayandığını sübut etmək üçün gərəkdir.
İkincisi, bütün siyasi hakimiyyət, xüsusən savaş başlayandan varlığı ilə yoxluğu yalnız Rusiyanın erməni xarici işlər naziri Lavrovla telefonla danışmaqdan bilinən və hələlik xarici işlər naziri kürsüsünü məşğul edən Elmar Məmmədyarov nəhayət əsl vəzifəsilə məşğul olub durmadan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə növbəti təhdidləri ilə bağlı dünya birliyinə müraciətlər etməlidir. Savaş Qarabağda deyil. Savaş sərhəddədir. Ermənistandan Azərbaycanın dinc əhalisi hədəf alınıb. Bu gün yoxdur, sabah hərbi əməliyyatlar genişlənsə, Azərbaycan yeni köç dalğası ilə üzləşəcək, ölkənin Qərb sərhədlərindən keçən yüz milyardlarla dəyəri olan neft-qaz kəmərləri savaşın ortasında qalacaq. Azərbaycanın bu məsələnin ərtafında elə bir toz-duman qoparmalıdır ki, İrəvanla Kreml arasında göz-gözü görməsin, Avropa birbaşa, yaxub Türkiyə vasitısilə Azərbaycana hərbi-siyasi dəstəyini gücləndirsin. Rusiyanın Azərbaycanın ərazilərinə işğal təhlükəsi yaratmaqla Avropanın enerji dəhlizinə təhdidlərinin qarşısını almağın başqa yolu yoxdur.
 
Azərbaycan bu odun içərisinə gözlənililməz düşsə də xalqın qəfil hücuma sərgilədiyi mövqe öz hakimiyyətin ən böyük güc qaynağıdır. Siyasi partiyaların hakimiyyətə tam dəstək verməsi, hakimiyyət üçün böyük avantajdır. Bu, beynəlxalq arenada da, daxildə dövlətimizə qarşı xain plan quranlara qarşı mövqe üstünlüyümüzdür. Hakmiyyət Bakıda şəhid zabitlərimizin dəfni ilə başlayan yürüşü böyük xalq izdihamına çevirməlidir. Biz Azərbaycan dövlətinin, millətinin 1920-ci ildə yaşadıqlarının təkrarlanmasına qətiyyən yol verməməliyik. Savaş Qarabağa çevrilməli, Azəraycanın ərazi bütövlüyünü bərpa etmək əsas vəzifəmiz olmalıdır.
 
Geri çəkilməyimiz mümkün deyil. Yalnız irəli!
 
Qəzamız mübarək olsun!

 
Aygün MURADXANLI