Putin sui-qəsdlərdən danışdı: “Bilirsiniz niyə sağam?”

Mən öz təhlükəsizlik xidmətimə inanıram.
 
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin rejissor Oliver Stouna müsahibəsində deyib. CBS teleşirkətinin saytında yayımlanan müsahibədə Putin qeyd edib ki, o öz işi ilə məşğuldur, təhlükəsizlik xidmətinin əməkdaşları isə öz işləri ilə və indiyə qədər hər şey qaydasında olub.
Stoun Putinə qarşı 5 sui-qəsdin olduğunu xatırladıb. “Əlbəttə, bu, Fidel Kastroya qarşı sui-qəsdlər qədər deyil – o, belə vəziyyətlə 50 dəfə rastlaşmışdı”, - rejissor bildirib.
Putin deyib ki, sui-qəsdlərlə bağlı Kastro ilə müzakirəsi olub:
“Kastro mənə dedi ki, bilirsən indiyə qədər niyə sağam? Mən soruşdum, nəyə görə? O dedi: “Ona görə ki, mən öz təhlükəsizliyimlə həmişə şəxsən məşğul olmuşam”.
Daha sonra Putin Stounun sualına cavab olaraq öz təhlükəsizlik xidmətinə güvəndiyini vurğulayıb.
Qeyd edək ki, müsahibə sənədli film kimi 12-15 iyun tarixlərində ABŞ-ın kabel televiziyası olan “Şoutaym” (Showtime) kanalında nümayiş olunacaq./Axar.az