“PUTİN RUSİYASI - 4” - “Kremldə çoxlu sayda qüllələr var”

Baxış sayı:
415

7 dekabrda Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak etməklə bağlı öz qərarını açıqladı. O vaxtdan indiyədək planlaşdırılmış dördüncü prezidentlik müddəti ilə əlaqədar nə proqram, nə də həyata keçiriləcək hər hansı iş planı ortaya qoyulmayıb. Belə görünür ki, bu, yaxın zamanlarda da baş verməyəcək. Lakin Rusiyadakı mövcud müəyyən meyllərə əsasən, dünyanın “Putin 4”-dən nə gözlədiyini təsəvvür etmək olar.
Yəqin ki, Putin növbəti dəfə prezident postuna namizədliyini irəli sürdükdə, Rusiya elitası rahat nəfəs aldı. Rusiya rəhbərliyindəkilərin sistem daxilində bütov olmadıqları, əksinə, öz məqsədlərini güdən müxtəlif qruplardan ibarət konqlomerat təşkil etdikləri və resurslar uğrunda bir-birini zəiflətməyə cəhd göstərdikləri faktını bəzi ekspertlər belə şərh edirlər:“Kremldə çoxlu sayda qüllələr var”. Bu sistemdə Putin elitalar arasındakı münaqişədə moderator və hakim rolunda oynayır.
 
Putin sisteminin gələcək aqibəti
 
Putinin bu rolu unikaldır: bu sistemi o özü üçün yaradıb və onun hakim rolundan kənarlaşdırılması dramatik destabilizasiya və ümümi yekunda isə kollapsa gətirib çıxaracaq. Belə demək olar ki, Putinin prezidentliyi elitaya onun özündən daha çox lazımdır.
İrəlidə Putin özünə xələf tapmalı və həmin şəxs isə 2000-ci ildə Boris Yeltsinin gələcəyinin təminata alınması kimi, Putinə də təminat verməlidir. Əgər Putin lazımı şəxsi tapsa, bu o demək deyil ki, Rusiya elitası həmin şəxsi münaqişələrdə hakim kimi qəbul edəcək. Belə olan halda bu bir qrupu gücləndirəcək, digərini isə əksinə, zəiflədəcək. Bu isə sistemin bütün balansını pozacaq.
Artıq indinin özündə Putin sisteminin sabitsizləşməsini müşahidə etmək mümkündür. Sakitliyi pozan ABŞ-ın sanksiyalar siyahısına düşmüş ”Rosneft” dövlət konserninin icraçı direktoru İqor Seçindir. O, elitanın mühafizəkar qrupunun ən irəlidə gedən nümayəndəsidir və Putinin etibarlı adamı kimi tanınır. Seçin 1994-cü ildən Putini müxtəlif postlarda müşahidə edib.
Keçən il Seçin Federal Təhlükəsizlik Xidmətinin köməyi ilə keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayevə qarşı anti-korrupsiya prosesini təşkil etdi. Seçinin sözünə görə, Ulyukayev ondan rüşvət almaq istəyibmiş. 2017-ci ilin dekabrında məhkəmənin hökmü ilə Ulyukayevə 8 il həbs verilib. Ulyukayevə qarşı təhqiqat aparmaqla, Seçin Rusiya elitasında hökm sürən yazılmamış qanunu pozub. O, münaqişəni öz aralarında həll etmək əvəzinə onu ictimailəşdirib.
 
İfrat mühafizəkarlar daxili balansı pozurlar
 
Ulyukayevin işi böyük maraq doğurdu, amma söhbət birbaşa onun özü ilə bağlı deyildi. Seçinlə müqayisədə Ulyukayev kiçik fiqurdur. Bu şahmat gedişi baş nazir Dmitri Medvedyevin yanında yer alan Ulyukayevin timsalındakı liberal-iqtisadi ideoloji ətrafın təhqir edilməsi və onun zəiflədilməsi məqsədini güdüb. Bu addım göstərdi ki, Seçinin ifrat mühafizəkar qrupu Putin sistemində üstün mövqedədir və beləliklə də mövcud daxili tarazılıq pozulur.
Prezidentliyinin dördüncü müddətində Putinin sistemi nəinki daha mühafizəkar və reaksiyon olacaq, hətta onun anti-Qərb rəng alacağını göstərən bir neçə indikator var. Belə ki, Putinin prezident seçkilərində iştirakı ilə bağlı namizədliyi “Rusiya-mənim tarixim”sərgisində irəli sürüldü. Bu sərgi Kreml rəhbərini mənəvi-ruhi ata hesab edən rus pravoslav yepiskopu Tixon tərəfindən təşkil edilmişdi. Tixon həmçinin rus pravoslav kilsəsinin daxilindəki monarxik və hədsiz mühafizəkar kəsimin qeyri-rəsmi rəhbəridir.
Namizədlik barəsində rəsmi məlumatın verilməsi üçün belə bir yerin seçilməsi rəmzi xarakter daşıyır: əksər rusiyalı tarixçilər hesab edirdilər ki, Tixonun sərgisi mühafizəkarlığı və avtoritarizmi dəstəkləyir. Bu isə Rusiyanın bütün demokratikləşmə cəhdlərinin Qərblə intriqadan ibarət olmasını göstərir.
 
Sabitsizləşmə Kremlin monilitliyini zəiflədir!
 
Tarixdən qərəzli şəkildə istifadə edilməsi, Kremlin tarixi təftişçiliyi, avtoritar praktikanın qanuniləşdirilməsi və “Rusiyaya qarşı Qərbin qəsdi” kimi düşüncələrin artması yaxın zamanlarda üzə çıxıb. Putin sistemində yetərli hakimiyyətə malik olan Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun müsahibələrinin birində də bu meyl sezilir. Belə ki, Bortnikov İosif Stalinin geniş miqyaslı siyası represiyasını “Stalin xarici casuslarla mübarizə aparırdı” arqumenti ilə müdafiə edir. Onun fikrinə görə, Rusiyada ”beşinci kolon”a qarşı mübarizə davam etməlidir, çünki “Rusiyanın dağılması Qərbin əl çəkmədiyi bir ideyadır”.
İfrat mühafizəkarların təsirinin böyüməsi Putin sisteminin sabitliyini pozur və bu sabitsizləşmə Rusiya dövlət başçısının yığcam siyasət yürütməsini məhdudlaşdırır. Bu yığcamlıq həmin sistemin həm Rusiyada, eləcə də dünyadakı ən böyük üstünlüyüdür.
İndi belə görünür ki, Rusiya 4 – ölkənin tarixi möhtəşəmliyi, Rusiyanın demokratiya ilə bir araya sığmasının mümkünslüzlüyü və Qərbin Rusiyaya qarşı qəsd hazırladığı kimi nağıl mövzunun köməyilə cəmiyyətin Kremlin dəstəklənməsi istiqamətində səfərbərliyinə çalışacaq. Artan iqtisadi və sosial düşüş fonunda bu, o anlama gəlir ki, ölkədəki represiya və xariclə bağlı aqressiya yüksələcək.
 (“Wiener Zeitung”-Avstriya)
Tərcümə azpolitika.info-nundur