Putin - Rusiyanın xilaskarı, yoxsa...

Baxış sayı:
457

Politoloq: “Putinin indiki siyasəti ölkəni parçalamağa aparır, çünki...”

Vladimir Putinin Rusiyada hakimiyyətə gəlişinin 20 illiyi yaxınlaşır. 20 ildir Rusiya prezidenti Vladimir Putin dünyada ən populyar, haqqında ən çox yazılan lider statusunu hələ də qoruyub saxlayır. SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasının ikinci prezidenti olan Vladimir Putini bəziləri rus xalqının bəlası, bəziləri isə xilaskarı adlandırır. Bir çox ekspertlər isə Putinin yalnız bir məqsədinin olduğunu bildirirlər: böyük Rusiya yaratmaq və bu dövlətin başında durmaq.

Onun bu məqsədi hər şeydə özünü göstərir - Çeçenistan hadisələri, Ukraynada baş verən kataklizmlər, qaz vasitəsilə manipulyasiya, İranla olan xüsusi münasibətlər, Türkiyə ilə münasibətlər, Avrasiya İttifaqı adlı “Yeni SSRİ” adlandırılan ittifaq qurması, Suriya məsələsində dirənişi və digər böyük masştablı davranışları. KQB-nin keçmiş zabiti Vladimir Putin ilk dəfə 2000-ci ilin martında prezident seçiləndən sonra onun qarşısında duran əsas vəzifə Rusiyanı Boris Yeltsindən miras qalan xaosdan xilas etmək idi...

Bəs Putin Rusiya üçün xilaskar sayılmalıdırmı? O, hakimiyyətə gəlməsəydi, Rusiya dağılardımı? İndi necə, Putin olmasa, Rusiya dağılarmı?

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya sabit dövlət olmadığına görə bu ölkənin hər zaman xilaskarlara ehtiyacı olub: “Vladimir Putin Rusiyanı çöküşdən xilas etdi. Rusiyanın dirçəlişi, dünya nizamında rolunun artması Putinin hakimiyyətə gəlişi ilə başlandı. Boris Yeltsin Rusiyası demək olar ki, Qərblə normal əlaqələri malik idi. Amma ölkədə siyasi, iqtisadi durum getdikcə çətinləşdirir, şimali Qafqazda müharibə Rusiyada subyektlər arasında mərkəzdən qaçma meyllərinə səbəb olurdu. Bu da Rusiyanın parçalanmasına, çöküşünə gətirirdi. Belə bir məqamda Putinin hakimiyyətə gəlişi, şimali Qafqazda müharibəni bitirməsi, mərkəzdənqaçma meyllərinin qarşısını alması, mərkəzi hakimiyyətin möhkəmlənməsi, Qərblə 2008-ci ildən başlayaraq ”soyuq müharibə"yə getməsi Rusiyanı parçalanmadan xilas etdi. Putin demək olar ki, Rusiyanın dünya miqyasında rolunu artırmağı bacardı, ikiqütblü dünya nizamının formalaşmasına gətirib çıxaracaq proseslərə start verdi. Qərb dəyərlərinə qarşı bununla paralel kiberhücümlar, informasiya müharibəsi apardı. 20 il ərzində Putin Qərbi Rusiya ilə hesablaşmağa sövq etdi. SSRİ-nin dağılmasından sonrakı 1990-cı illərdə dünya siyasətində sözü eşidilməyən Rusiyanı Putin dünyada söz sahibinə çevirə bildi. Bu, Rusiyanın xilası idi".

Politoloqun sözlərinə görə, ümumiyyətlə, Putin elə bir məqamda hakimiyyətə gətirildi ki, həqiqətən Rusiya zəifləyib çökəcəkdi: “Hazırda isə Putinin siyasəti 2000-ci illərin əvvəlki illərindəki siyasəti ilə adekvat deyil. Putinin indiki siyasəti ölkəni parçalamağa aparır. Çünki qloballaşan dünyada gənc ruslar Putinin sərt sistemi ilə razılaşmır. Daha mütərəqqi və demokratik Rusiya görmək istəyirlər. Putinin Qərb demokratiyası ilə müharibəsi ölkənin zəifləməsinə aparır. İndiki siyasət Rusiyanın inkişafına deyil, zəifləməsinə aparır. Bir yerə qədər Putinin sərt siyasəti ölkəni nüfuzlu duruma gətirdi. Hazırkı şərtlərlə aparılan siyasətin isə perspektivi olmayacaq. Hesab edirəm 2024-cü ildən sonra Rusiyaya yeni lider lazımdır ki, dünya üçün örnək olan demokratik sistem qursun. Bu gün Moskvada olan etiraz aksiyaları məhz ölkənin xilasına və inkişafına hesablanıb. İndiki Rusiya cəmiyyəti və içindən çıxan demokratik liderlər ölkəni daha da irəliyə aparmaq iqtidarındadır. Ona görə də post-Putin dövrünə Rusiya ciddi hazırlaşır. Vətəndaşlar artıq Putin sistemini növbəti dönəmdə görmək istəmirlər. Bunu sorğu anketləri də deyir. Rusiyada etiraz aksiyaları yeni siyasi sistemin qurulmasına gətirəcək. Putinin dağılmaqdan xilas etdiyi Rusiyanın indi də demokratikləşməsinə ehtiyac var”./musavat