Putin Rusiyada “Antimaydan” hərəkatı yaradır

Rusiyanın siyasətçiləri və ictimai xadimləri “Antimaydan” hərəkatının yaradılmasına başlayıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda təşəbbüs qrupunun üzvü, Federasiya Şurasının üzvü və “Döyüş qardaşlığı” ictimai hərəkatının sədr müavini Dmitri Sablin açıqlama verib.

Təşəbbüs qrupunun üzvlərindən biri də “Gecə canavarları” adlı motobaykerlər hərəkatının lideri Aleksandr Zaldostanovdur.

“Cərrah” ləqəbi ilə tanınan Zaldostanov prezident Vladimir Putinlə birlikdə motosikletçilər yürüşünə qatılmışdı.

Ölkədə narıncı inqilabın qarşısını almaq üçün yaradılan hərəkatda digər tanınmış ictimai xadimlər də yer alır. Hərəkat hələlik rəsmən formalaşdırılmayıb, ancaq planlaşdırılır ki, onun öz qərargahı, icraiyyə komitəsi və fərdi üzvlük qaydaları olacaq.

“Antimaydan” hərəkatının şüarı belədir: “Rəngli inqilablara, xaosa və anarxiyaya yol verməmək üçün birlikdəyik”.

“Biz müasir dövrün çağırışlarını yaxşı başa düşürük. Görürük ki, qardaş Ukraynada nə baş verir. İndi bizim əsas məqsədimiz Rusiyada “Maydan”a yol verməməkdir. Bütün küçə hərəkatları, bütün rəngli inqilablar qan tökülməsinə gətirib çıxarır, bundan ilk növbədə qadınlar, qocalar, uşaqlar əziyyət çəkir. Biz birləşirik ki, buna yol verməyək”- deyə Dmitri Sablin bildirib.

O deyib ki, hərəkatın üzvləri müxalifətin mitinq keçirdiyi yerlərə toplaşacaq. Elə bu gün “antimaydançılar” müxalifət liderlərindən Aleksey Navalnını dəstək aksiyasının keçiriləcəyi Manej meydanına toplaşmağa hazırlaşırdılar.

“Antimaydançılar” ideoloji düşmənlərinə “bütün mümkün yollarla” etiraz etməyi planlaşdırırlar.