​Putin Ərdoğanın sözünü yerə salmadı: Krım tatarlarının iki lideri əfv edilərək həbsxanadan Ankaraya göndərildi

Türkiyə Krım tatarlarının dünənə qədər həbsdə olan ik liderinin əfv edilərək, Rusiyadan çıxmasına səbəb olub.
Hurriyyet.org xəbər verir ki, Krım tatarlarının müqavimət hərəkatının ik lideri – İlmi Umerov və Ahtem Çiyqoz dünən təyyarə ilə Ankaraya yola düşüblər.
Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyi nəticəsində baş verib. O, Rusiya prezidenti Vladimir Putinə şəxsən müraciət edərək, liderlərin azad edilməsini xahiş edib. Ərdoğandan isə bu addımı atmasını Ukrayna prezidenti Pyotr Poroşenko, türk həmkarının yaxın günlərdə baş tutmuş Kiyev səfəri zamanı  xahiş edib. “Qolosislama.com” saytı yazır ki, bu barədə məlumatı Krım tatarları xalqının mənəvi lideri Mustafa Cemilov verib.
“Radio Svoboda” redaksiyasının xəbərində deyilir ki, əfv barədə fərman məxfiləşdirilib və dərc edilməyib.
Dünən səhər Umerov və Çiyqozu Krım ərazisindən Türkiyəyə yola salıblar. Bu gün isə onların Ukraynaya gedəcəkləri gözlənilir. Krım tatarlarının azad edilməsi barəsində danışıq prosesinin iştirakçıları bunun “siyasi qərar və Türkiyə ilə Ukraynanın iştirak elədikləri danışıqların nəticəsi olduğunu” bildirirlər. Bəzi mənbələr isə buna qarşılıq olaraq, növbəti “məhbus azad eləmək” addımının Ukraynadan gözlənildiyini bildirirlər.
İlmi Umerov cəmiyyət içərisində Rusiyanın ərazi bütövlüyünün pozulmasına çağırış ittihamı ilə iki il həbs cəzasına məhkum edilmişdi. Ahtem Çiyqoz isə Rusiya məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilmişdi – o, 2014-cü il, fevralın 26-da Krımın Ali Radası binası qarşısında kütləvi iğtişaşaların təşkilində ittiham edilirdi.
Krımın ilhaq edilməsindən sonra Rusiya hökuməti Krım-tatar xalq Məclisini ekstremist təşkilat elan eərək onun fəaliyyətini qadağan eləmişdi.
Dəfələrlə beynəlxalq və Rusiya hüquq müdafiəsi təşklatları Umerovun, Çiyqozun və digər Krım tatarları siyasətçləri və fəal vətəndaşlarının azad edilməsini tələb eləmişdilər. ABŞ və Avropa İttifaqı da Rusiya məhkəmələrinin krımlılara qarşı çıxardıqları hökmləri tənqid eləyib.