PUTİN QƏRBDƏN YARDIM İSTƏDİ – “Koronavirusa görə sanksiyaları qaldırın...”

Baxış sayı:
2427

Rusiya prezidenti Vladimir Putin “Böyük iyirmilər”in (G20) videobağlantı ilə keçirilən konfransında ölkələrin koronavirus pandemiyası ilə daha effektli mübarizə apara bilmələri üçün iqtisadi sanksiyaların qaldırılmasını istəyib. Bu barədə Qərb mediası məlumat yayıb.

Xatırladaq ki, bütün dünyada 500 min insan koronavirusa yoluxub. İndiyədək bu virusdan 23 min nəfər ölüb.

Putin martın 26-da keçirilən G20 sammitində deyib ki, sanksiyalar dərmanların, ərzaq, avadanlıq və texnologiyaların qarşılıqlı mübadiləsinin yaxşılaşdırılması naminə humanitar mülahizələrlə qaldırılmalıdır.

Rusiya hazırda Avropa İttifaqı və ABŞ tərəfindən onun üzərinə bir neçə dəfə qoyulmuş sanksiyaların altındadır. Rusiyanın üzərinə sanksiyalar Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə və bu ölkənin şərqində təcavüz törətdiyinə görə qoyulub.

Moskva indiyədək habelə ABŞ tərəfindən İran üzərinə qoyulmuş boğucu iqtisadi sanksiyaları pisləyib. Vaşinqton 2018-ci ildə dünyanın altı gücü ilə İran arasında 2015-ci ildə imzalanmış sazişdən çıxdıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Putin G20 sammitində konkret olaraq heç bir ölkənin adını çəkmədən zəruri mallar və bu malların alınması üçün bank köçürmələri üzərinə qoyulmuş sanksiyalara moratorium elan edilməsini istəyib.

O deyib ki, bu, insanlar üçün ölüm ya qalım məsələsi, tamamilə humanitar bir məsələdir. Bundan əvvəl Tehran İran üzərindəki sanksiyaların qaldırlması üçün ABŞ-a çoxsaylı müraciətlər etmişdi.

Birləşmiş Ştatlar koronavirusun ən çox yayıldığı və tələfat törətdiyi İrana xəstəliklə mübarizədə dəstək təklif edib.

Martın 26-a olan məlumata görə İranda indiyədək 29,406 nəfər koronavirusa yoluxub və bunlardan 2234-ü vəfat edib.

Bununla belə, Vaşinqton İran üzərindən sanksiyaların qaldırılmasına və Tehran üzərinə “maksimum təzyiq” siyasətinin dəyişdirilməsinə niyyət nümayiş etdirməyib. İran rəsmiləri Vaşinqtonun humanitar yardım təklifini rədd ediblər və bunun əvəzində sanksiyaların qaldırlmasına çağırıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 26-da Twitterdə yazıb: "ABŞ “əbədi pandemiya” istəyir? Bu qanunsuz sanksiyalara əməl edilməsinin dayandırılmasını mənəviyyat qanunları tələb edir”.

Rusiyada indiyədək 840 yoluxma sənədləşdirilib, üç ölüm halı qeydə alınıb./azpolitika.info