“Putin Qarabağda 7 rayonun qaytarılmasını təklif edir”

“Ukrayna böhranından sonra Rusiya xeyli sarsılıb”.

 Bu haqda politoloq Qabil Hüseynli açıqlama verib.

 O, Sərkisyanın Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışdığını bildirib:

 “Cəbhənin təmas xəttində Ermənistanın aktivləşməsini bu dəfə Bakıya təzyiq kimi qəbul etmirəm. Çünki hətta mətbuatda yayılıb ki, Putin İrəvanda yeddi rayonun geriyə qaytarılmasını Sərkisyanla müzakirə edib və müsbət qərar qəbul etmək fikrindədir. Düzdür, yayılan məlumatların 100% yerinə yetiriləcəyinə də əmin deyiləm.

Moskvanın bu günlərdə Azərbaycana Ermənistan vasitəsi ilə təzyiq göstərdiyini də düşünmürəm. Sadəcə, Ermənistan indiyə qədər verdiyi böyük itkilərin əvəzini çıxmağa çalışır. Ona görə də tülkü kimi müxtəlif xəyanətkar yollarla Azərbaycan Ordusuna sarsıdıcı zərbə vurmaq istəyir. Hətta Ohanyanın özü də öyünərək deyirdi ki, “harada olursa-olsun, Azərbaycanın bizə vurduğu zərbələrin cavabını qaytaracağıq”. Ona görə də son zamanlar onlar aktivləşirlər. Bu onların 20 nəfər itki verməsindən sonra daha da artıb.

 Ermənistan analarının Sərkisyanın iqamətgahı qarşısında mitinq keçirməsi və ordunun verdiyi itkilər ölkədəki vəziyyəti acınacaqlı vəziyyətə salıb. Belə bir şəraitdə Sərkisyan Ermənistan ordusundan əhalini sakitləşdirəcək “uğur” gözləyir. Bu uğuru onlar artıq iki aydır gözləyir və heç bir nəticə əldə etmirlər. Hər dəfə daha böyük itkilər verirlər. Azərbaycan Ordusunun uğuru və ruh yüksəkliyi göz qabağındadır. Ermənilərin arasında isə aşınma prosesi gedir. Ermənistan ordusunun bir əsgərinin Azərbaycana keçməsi də bunun əyani sübutudur. Xüsusən Zakir Həsənovun “Ermənistanın malik olduğu döyüş ehtiyatlarının 70%-ni ilk həmlədəcə məhv edəcəyik” bəyanatı Ermənistanda ciddi xof yaradıb. Bütün bu səbəblər Moskvanı da hərəkətə gətirib. Moskva bölgədə müharibə istəmir. Çünki müharibənin olması Rusiyanın da müharibəyə cəlb edilməsi deməkdir. Ukrayna böhranından sonra Rusiya xeyli sarsılıb. Yeni müharibə ocağının yaranması məsuliyyətini isə Moskva heç vaxt daşıya bilməz”.