​Putin orta mənzilli raketlər müqaviləsinin icrasını dayandırdı

Baxış sayı:
8611

Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilənin müddəalarını yerinə yetirməsini dayandırması barədə fərman imzalayıb. 
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, prezidentin fərmanı imzalandığı gündən qüvvəyə minir. 
Putinin fərmanında vurğulanır ki, ABŞ müqavilə üzrə öhdəlik pozuntularını aradan qaldırmayanadək və ya onun qüvvəsi başa çatanadək Rusiya müqavilənin şərtlərinin icrasını dayandırır. 
Xatırladaq ki, ötən ilin 20 oktyabrında ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”. Ötən ilin 4 dekabrında isə Vaşinqton müqavilənin şərtlərinə əməl etməsi üçün Rusiyaya 60 gün vaxt verib. Əks təqdirdə, ABŞ müqavilənin icrasını dayandıracaq. Vaşinqtonun bu qərarı NATO tərəfindən də dəstəklənib. 
Nəticədə, qarşılıqlı ittihamlardan sonra 2019-cu ilin 2 fevralında Tramp müqavilədən çıxdıqlarını bəyan edib. Moskva isə Vaşinqtonun bu addımına adekvat cavab verəcəklərini bildirib. 
ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərbə dəyə bilər. Çünki Rusiyanın qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığa daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region Avropa olacaq.