Putin Mehriban Əliyevanı mükafatlandırdı - FOTO

Baxış sayı:
6967

Moskvada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.

V.Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.

Rusiya Prezidenti bu mükafatın təqdim olunmasını məntiqli qərar adlandırıb: “Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”.

V.Putin qeyd edib ki, ordenin adı Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.

Mehriban Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-dən Rusiyada rəsmi səfərdədir.