Putin mediasının Azərbaycanda kəşfiyyat-pozuculuq fəaliyyəti – ƏZİZ ƏLİYEVİ KİM HİMAYƏ EDİR?

“...Azərbaycanda “Sputnik” İnformasiya Agentliyinin fəaliyyət göstərməsi təqdir olunmalıdır... Amma heç bir halda imkan vermək olmaz ki, bu gün iddia olunduğu kimi, “Sputnik Azərbaycan”ın fəaliyyətindən ermənilər istifadə etsin... Rusiyadakı erməni lobbisinə xidmət etdiyi vurğulanan “azərbaycanlı” Əziz Əliyevin bu saytın başında saxlanılması ən azı ölkəmizin milli maraqlarına ziddir”

Ötən ayın birinci yarısında tanınmış jurnalist Mürtəza Bünyadlının “Facebook”da yazdığı bir status, ölkədə bir sıra ciddi proseslər baş verməsinə rəğmən, mətbuatın gündəmini bu mövzuya yönəltdi. Doğrudur, jurnalistin bu açıqlaması yeni deyildi, bundan öncə də həmin mövzuda statuslar yazılmış, məqalələr dərc edilmişdi. Amma, görünür,  bu mözvu Azərbaycan cəmiyyəti üçün hər zaman aktual olduğundan, yenidən ciddi rezonansa səbəb oldu. Həm də ona görə ki, verilən informasiya düşmən ölkənin kəşfiyyat qrupunun Azərbaycanda sərbəst fəaliyyət göstərməsindən bəhs edirdi...
Xatırladaq ki, söhbət Rusiyadakı erməni lobbisinin Azərbaycanda bəzi media orqanlarına nəzarət etməsindən gedirdi. Jurnalist çox ciddi ittiham irəli sürərək qeyd edirdi ki, konkret olaraq Sputnik.az saytı erməni lobbisinə xidmət edir. Onun sözlərinə görə, bu saytın baş redaktoru Əziz Əliyevin anası ermənidir və bir müddət Moskvada çalışan jurnalisti Bakıya Rusiyadakı erməni lobbisi göndərib. ““Sputnik.az” birbaşa Rusiyanın dövlət büdcəsi ilə maliyyələşir və həmin şəbəkənin üzərində də dayanan Marqarita  Simonyandır. Bu Simonyan haqqında da yetərincə məlumat var, kim istəsə onunla maraqlana bilər”, – deyə M.Bünyadlı məlumat vermişdi.
Qeyd edək ki, Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnfromasiya Agentliyini “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov idarə edir. Onun müavini isə ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır.
Yukselis.info yazır ki, Marqarita Simonyan Ermənistanda güclü təbliğat ruporu kimi ad çıxarıb. O, qondarma “erməni soyqırımı”nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır. Marqarita Simonyan mütəmadi olaraq, “Vestnikkafkaz.ru”, Ermənistanın “Verelq.am”, “Tert.am” xəbər portallarında dağlıq Qarabağ münaqişəsinə dair analitik məqalələrlə çıxış edir. O, həmin məqalələrdə öz erməni mənafeyindən çıxış edərək Dağlıq Qarabağdakı separatizmə dəstək verir, işğal faktına bəraət qazandırır, münaqişənin həllini tapmamasına görə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Təbii ki, Ermənistan rəhbərliyi də onun bu xidmətlərini unutmur. Təsadüfi deyil ki, 2010-cu il noyabrın 18-də prezident Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib.

Sputnik.az Azərbaycanda 2014-cü il noyabrın 14-də fəaliyyətə başlayıb. Ümumilikdə isə 30-dan artıq dildə xəbər yayımı ilə məşğul olan “Sputnik” keçmiş Sovet respublikalarının əksəriyyətində şöbəsini aça bilib. İddia olunur ki, sözügedən xəbər portalı hətta separatçı Abxaziya, Cənubi Osetiyada təbliğat aparmaqla məşğul olan “Sputnik” İA kürd dilində radio və sayt açmaqla PKK terrorçuları ilə də daimi əlaqə saxlayır.
Dəyərli oxucularımıza onu da xatırladaq ki, sözügedən informasiyanın yayılmasından sonra saytımızda Mürtəza Bünyadlının sensasion müsahibəsi dərc olundu. Təkrarçılıq etmədən vurğulayaq ki, həmin müsahibədə səslənən bir sıra ittihamlar sonradan apardığımız araşdırma nəticəsində öz təsdiqini tapdı. Görünür, daha ciddi faktların açıqlanacağından narahat olan qarşı tərəf 25.05.2017-ci ildə Sputnik.az-da dərc olunan “Bizə atılan daşlardan bina tikəcəyik”sərlövhəli yazıda özlərini “təmizə çıxarmağa”, daha dəqiq desək, ölkə rəhbərliyinin “çətiri altına” girməyə cəhd edir. Belə ki, yazıda Azərbaycanın dövlət başçısının “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyova müsahibə verməsi xüsusi olaraq vurğulanır və bir növ dövlətə sığındıqlarını nümayiş etdirmək istəyirlər...
Əlbəttə, Azərbaycan kimi kiçik bir ölkədə, yazı müəllifinin də qeyd etdiyi kimi, geniş auditoriyaya sahib olan “Sputnik” İnformasiya Agentliyinin fəaliyyət göstərməsi təqdir olunmalıdır. Bu, Azərbaycanla Rusiya arasında media sahəsində əlaqələrin inkişafına töhfə verməklə yanaşı, ölkəmizin dünyaya çıxışına da müsbət təsir göstərə bilər. Amma heç bir halda imkan vermək olmaz ki, bu gün iddia olunduğu kimi, “Sputnik Azərbaycan”ın fəaliyyətindən ermənilər istifadə etsin. Əgər bu deyilənlər gerçəkdirsə, o halda bu xəbər portalının rəhbəri ən qısa zamanda ermənilərə pərəstiş etməyən peşəkar bir jurnalistlə əvəzlənməlidir və o, azərbaycanlı olmaya da bilər. Amma Rusiyadakı erməni lobbisinə xidmət etdiyi vurğulanan “azərbaycanlı” Əziz Əliyevin bu saytın başında saxlanılması ən azı ölkəmizin milli maraqlarına ziddir.
Doğrudur, İ.Əliyev Kiselyova müsahibəsində “Sputnik Azərbaycan”ın fəaliyyəti haqqında müsbət fikirlər səsləndirib. Lakin bütün bunlar heç də bu xəbər portalının ölkəmizdə kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olmasına əsas vermir. Hansı ki, bu media şəbəkəsinin fəaliyyəti haqda yazılanların hər biri çox ciddi faktlardır və bu günə qədər ittiham hədəfi  - Əziz Əliyev tərəfindən təkzib etməyə cəhd belə olunmayıb.
Digər tərəfdən, Fransa prezidenti Emmanuel Makron Rusiyanın dövlət rəhbəri Vladimir Putinin üzünə qarşı “Sputnik” agentliyi yalan informasiyalar yayır” söylədiyi kimi, Rusiya və Azərbaycanın yaxın qonşuluq münasibətləri fonunda Azərbaycanın ölkə başçısı da Dmitri Kiselyova verdiyi müsahibəsində bu agentliyin əməllərindən bəhs etməzdi. Çünki, çoxlarına bəlli olduğu kimi, Azərbaycan dövlətinin rəhbərliyi Rusiya ilə münsibətlərdə hər zaman səmimiyyətə üstünlük verib və qarşı tərəfin çirkin və təxribat xarakterli əməllərini heç vaxt ictimailəşdirməkdə maraqlı olmayıb və bununla bağlı bir çox faktlar sadalamaq olar...
Sadəcə, görünür, Fransa və Rusiya arasında səmimiyyətdən kənar güclü rəqabət olduğundan, Emmanuel Makron Vladimir Putinlə keçirdiyi mətbuat konfransı zamanı, yəni bütün dünyanın gözü önündə “RT televiziyası və “Sputnik” agentliyi özlərini təsir, təbliğat və yalan təbliğat orqanları kimi aparırlar” deməyi vacib hesab edib. Bu isə, dolayısı ilə sözügedən KİV-lərin öz missiyyalarını aşdıqları, yəni kəşfiyyat-informasiya fəaliyyəti ilə məşğul olduqlarını ictimailəşdirmək idi. Təsadüfi deyildi ki, bundan az öncə "Sputnik" agentliyi ABŞ Konqresindəki akkreditasiyadan da məhrum edilmişdi. Bu zaman Konqresin rəsmi nümayəndəsi Castin Uilson “Konqresdə təmsil olunan mətbuat nümayəndələri sırasında dövlət tərəfindən maliyyələşdirilən KİV işçisi ola bilməz” – açıqlaması ilə üstüörtülü şəkildə bəyan etmişdi ki, sözügedən media orqanı fəaliyyət sferasından kənara çıxır, yəni təmsil etdiyi dövlətin xeyrinə kəşfiyyat məlumatları toplamaqla məşğul olur.

Əslində, biz ötən yazımızda da bu haqda bir faktı oxucuların diqqətinə çatdırmşdıq. Qeyd etmişdik ki, 2016-cı ilin aprelində baş verən 4 günlük müharibə zamanı Moskvadan “Life news” telekanalının müxbirləri müvafiq akkreditasiyadan keçmədən cəbhə bölgəsinə yollanıblar. Onlar Rusiyada tanınmış media maqnatı Aram Qabrelyanın da üzvü olduğu erməni lobbisinin tapşırığı əsasında Azərbaycanda qərəzli reportaj hazırlamaq niyyətində olublar. Lakin yerli mətbuat nümayəndələrinin çevikliyi nəticəsində onların bu çirkin niyyəti baş tutmayıb. Nəticədə heç bir reportaj hazırlamağa imkan verilmədən, respublika hüdudlarından kənarlaşdırılıblar.
Bundan əlavə daha bir faktı diqqətinizə çatdıraq. Sputnik.az-ın yazarı “Bizə atılan daşlardan bina tikəcəyik” sərlövhəli yazısında qeyd edir ki, “Azərbaycanın tarixi yerləri, memarlıq abidələri, təbiəti, məişəti, mətbəxi, musiqisi, mədəniyyəti 300 milyon insan arasında məhz “Sputnik Azərbaycan”-ın vasitəsilə yayılır”. Bəlkə də saytın xanım əməkdaşı haqlıdır. Bəs, bu fəaliyyət çərçivəsində Sputnik.az daha hansı əməllərlə məşğuldur? Əslində, bu suala ötən yazımızda qismən cavab vermişdik. Həmin yazıda qeyd olunurdu: “Bu saytın əməkdaşları Azərbaycan standartlarına görə çox yüksək maaş alır, üstəlik ölkəmizdəki əksər media orqanlarından fərqli olaraq Sputnik.az-ın regional müxbirləri də fəaliyyət göstərir. Hətta belə bir informasiya da var ki, 2016-cı ildə saytın bölgə müxbirləri Göygöl rayonunda erməni qəbiristanlıqları haqda milli maraqlarımıza zidd olan reportaj hazırlamaq istəyiblər. Lakin bu zaman onların fəaliyyətinin qarşısı alınıb...”.
“Sputnik Azərbaycan”-ın xanım yazarı “Bizim imkanımız var ki, Rusiyanın bəzi KİV-lərində, eləcə də Sputnik-in digər xablarında ölkəmizlə bağlı yayılmış həqiqətə uyğun olmayan məlumatları təkzib edək və onun daha geniş arenaya yayılmasının qarşısını alaq” – deyə, qeyd edir. Bəlkə də müəllif bu fikirlərini səmimi olaraq dilə gətirir. Lakin erməni südü ilə böyüyən bir şəxsin rəhbərlik etdiyi xəbər portalında bu cür fəaliyyət göstərmək mümkünmü?
Lap Əziz Əliyevin Bakıya Rusiyadakı erməni lobbisi tərəfindən və xüsusi missiya ilə göndərildiyi haqda fikirləri qoyaq kənara, sizcə, Azərbaycan dövlətinə heç bir bağlılığı olmayan və anasının erməni olduğu iddia olunan bir şəxs ermənilər tərəfindən ölkəmizə qarşı hazırlanan təxribatların qarşısının alınmasında maraqlı olar? Biz buna inanmırıq. Amma siz yenə də “iki ayağınızı bir başmağa soxmağa çalışacaqsınızsa”, onda kimin haqlı olduğuna dəyərlər oxucular qərar verər...
Yazırsınız ki, “Bizim üçün jurnalistika Həsən bəy Zərdabidən başlayır, Nəcəf Nəcəfovla yeni inkişaf mərhələsinə qədəm qoyur. Biz maarifçi kimi doğulan və milləti maarifləndirməyi bir missiya olaraq görən jurnalistika məktəbinin yetirmələriyik”. Çox gözəl. Buna inanmaq istərdik. Lakin bizə elə gəlir ki, bu xoşməramlı missiyanızı 2014-cü ildən, daha dəqiq desək, “Sputnik Azərbaycan”da fəaliyyətə başladığınız gündən “sandıqda gizlətmisiniz”. Əgər, israr edib bizim dediklərimizlə razılaşmayacaqsınızsa, onda buyurun, “Sputnik Azərbaycanda” ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik fəaliyyəti haqda tutarlı bir yazınızı göstərin. Yox, yox, arxivinizi axtarmayın, onsuz da tapmayacaqsınız. Çünki biz sizdən qabaq axtarmışıq və nəinki sizin, heç bir əməkdaşınızın ermənilərin əleyhinə ciddi bir yazısını tapa bilməmişik.
Deyirsiniz ki,  “...türk hərbçilər qəflətən (?) Suriya sərhədində Rusiya təyyarəsini vurdular... Rusiya mediası birmənalı şəkildə Türkiyənin üstünə gedirdi, hətta “Sputnik Türkiyə”-nin özü belə. Və biz, Türkiyə mətbuatından daha çox Türkiyənin yanında olduq, yəni Azərbaycan dövlətinin tutduğu mövqeni dəstəklədik”. Əlbəttə, bizim məqsədimiz sizin fikirləri bir-bir təhlil etmək, yalan və doğrularınızı üzə çıxarmaq deyil. Buna rəğmən, qeyd etməliyik ki, çalışdığınız saytda sizin iddianızı təsdiq edən bircə fakta rast gəlmədik. Ola bilər ki, siz haqlısınız, Türkiyə-Rusiya münasibətləri gərginləşəndə yumşaldıcı mövqedən çıxış etmisiniz, bəlkə də əksər Azərbaycan mətbu orqanı kimi qardaş ölkənin - Türkiyənin maraqlarını üstün tutmusunuz. Lakin sizin misal göstərdiyiniz "Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur" sərlövhəli yazıda “Çırtdanın nağılı”ndan gətirdiyiniz sitatlardan və Jirinovskinin “dəli” olmasından başqa heç bir səmimi fikrə rast gəlmədik. Səmimi olanlar yalnız Rusiyanın açıq şəkildə müdafiə olunması və Qərbin “div” gözündə təqdim edilməsidir. O cümlədən, bir çox başqa yazılarda da Türkiyənin Rusiyadan üzr istəməsinin dəfələrlə tirajlanmasını “səmimiyyət”inizin bariz nümunəsi hesab etmək olar.
Yeri gəlmişkən onu da deyək ki, son günlər Azərbaycanda Rusiyanı “mələk”, Qərbi “div” (oxu: şeytan) cildində təqdim edən yeganə mətbu orqan “Sputinik Azərbaycan” deyil. Əslində, bu xəbər portalı Rusiya büdcəsindən maliyyələşdiyindən, onun bu cür mövqe sərgiləməsi anlaşılandır. Maraqlısı odur ki, bir sıra “milli” KİV-lərimiz də son vaxtlar Putin mediasının “qüdrətindən”, Qərbin bu şəbəkənin qarşısında aciz qalmasından yazır. İddia edirlər ki, Fransa prezidentinin “RT televiziyası və “Sputnik” agentliyi haqda dediyi fikirlər də məhz bu acizlikdən, yənu bu KİV-lərin Qərbdə böyük gücə çevrilməsindən qaynaqlanır. Amma, nədənsə, kimsə bu media şəbəkəsinin öz missiyasını aşaraq kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olmasından, məhz bu səbəbdən də Avropa və Amerikada dışlandığından danışmaq istəmir...
Hurriyyet.org
P.S. Hörmətli oxucularımıza onu da çatdıraq ki, Sputnik.az saytının fəaliyyəti haqda açıqlama verən tanınmış jurnalist Mürtəza Bünyadlı bir neçə gün əvvəl Bakının mərkəzində naməlum şəxs tərəfindən açıq şəkildə təhdid olunub. Görünür, bu da sözügedən agentliyinin “gücünün” göstəricisidir. Yəqin ki, Sputnik.az saytının baş redaktoru Əziz Əliyevə Azərbaycanda “toxunulmazlıq” statusu qazandıran və onu himayə edən də elə bu gücdür.
P.P.S. Mövzu ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Növbətimiz saylarımızda oxucularımızı daha ciddi faktlarla tanış etməyə çalışacağıq.