Putin erməni jurnalisti nə üçün təriflədi: AZƏRBAYCANA QARŞI FƏALİYYƏTİNƏ GÖRƏ, YOXSA...?

2017-ci ilin aprel ayında Rusiya prezidenti Vladimir Putinin erməni əsilli jurnalist “Sputnik” İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanla çəkilmiş fotoları sosial şəbəkələrdə ciddi müzakirə edilmişdi. Həmin foto V.Putin "Russia today" telekanalanın yeni ofisinin açılışı zamanı çəkilmişdi və bu vaxt hamilə M.Simonyanın prezidenti müşayət etməsi, xüsusən də onunla səmimi davranışı diqqətlərdən qaçmamışdı. Sonradan Putinlə Simonyanın fotosu Rusiyada “Günün fotosu” seçilmiş və Rusiya prezidenti bu haqda mediaya açıqlamasında erməni jurnalist barəsində tərif dolu ifadələr söyləmişdi.
Maraqlıdır ki, Vladimir Putin iki gün əvvəl yenə də Marqarita Simonyanı tərif edərək, onun bir jurnalist kimi Rusiya dövlətinə xidmətlərindən bəhs etmişdir. Bəs, əslində M.Simonyan kimdir və Putinin onun hansı xidmətlərini nəzərdə tutur?
Oxucularımıza xatırladaq ki, bir müddət əvvəl Marqarita Simonyanın fəaliyyəti ilə bağlı saytımızda məlumat vermişdik. Qeyd etmişdik ki, Marqarita Simonyan təkcə Rusiyada deyil, Ermənistanda da güclü təbliğat ruporu kimi ad çıxarıb. O, qondarma “erməni soyqırımı”nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır. Marqarita Simonyan mütəmadi olaraq “Vestnikkafkaz.ru”, Ermənistanın “Verelq.am”, “Tert.am” xəbər portallarında dağlıq Qarabağ münaqişəsinə dair analitik məqalələrlə çıxış edir. O, həmin məqalələrdə öz erməni mənafeyini ortaya qoyaraq Dağlıq Qarabağdakı separatizmə dəstək verir, işğal faktına bəraət qazandırır, münaqişənin həllini tapmamasına görə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir.
Bu xidmətlərinə görə, 2010-cu il noyabrın 18-də prezident Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edildiyi haqda da oxucularımıza məlumat vermişdik.

ətta onu da vurğulamışdıq ki, “Sputnik” İnfromasiya Agentliyi 2014-cü il noyabrın 14-də Sputnik.az saytı adı altında Azərbaycanda da fəaliyyətə başlayıb. Ümumilikdə 30-dan artıq dildə xəbər yayımı ilə məşğul olan “Sputnik” keçmiş Sovet respublikalarının əksəriyyətində şöbəsini aça bilib. İddia olunur ki, sözügedən xəbər portalı hətta separatçı Abxaziya, Cənubi Osetiyada təbliğat aparmaqla məşğul olan “Sputnik” İA kürd dilində radio və sayt açmaqla PKK terrorçuları ilə də daimi əlaqə saxlayır.
Təsadüfi deyil ki, son illər “Sputnik” İnformasiya Agentliyinin ölkəmizdəki fəaliyyəti ciddi şəkildə tənqid olunur və böyük etirazlara səbəb olub. Məsələn, bir neçə ay öncə tanınmış jurnalist Mürtəza Bünyadlı “Facebook” statusunda Sputnik.az saytının baş redaktoru Əziz Əliyevin anasının erməni olduğunu və onun Rusiyadakı erməni lobbisi tərəfindən ölkəmizə göndərildiyini yazmışdı. Həmin vaxt bu məsələ Azərbaycan mediasında ciddi etiraz doğursa da, Ə.Əliyev tərəfindən “erməni lobbisinə xidmət etdiyi” haqda iddiaları təkzib etməyə cəhd belə olunmadı.
Odur ki, Rusiya prezidenti Vladimir Putinin “Sputnik” İnfromasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanı tez-tez tərifləməsi birmənalı qarşılanmır. Çünki, M.Simonyan Rusiyadan daha çox Ermənistanın maraqları uğrunda mübarizə aparan bir jurnalist kimi tanınır. Belə olduğu halda ortaya bir sıra suallara çıxır: V.Putin Ermənistanı Rusiyanın tərkib hissəsi hesab etdiyi üçün M.Simonyanın fəaliyyətini təqdir edir, yoxsa onun Azərbaycana qarşı ardıcıl hücumları, qərəzli və qeyri-dəqiq informasiylar yayması Rusiya prezidentinin maraq dairəsindədir? İnanırıq ki, bu suallara ən yaxşı cavabı dəyərli oxucularımızın özləri verəcək...
Hurriyyet.org