Putin: Çinlə əlaqələrimiz misli görülməmiş səviyyədədir

Baxış sayı:
2068

Moskva ilə Pekin arasında münasibətlər indiyədək misli görülməmiş səviyyəyə çatıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Szinpinlə Kremldə görüşü zamanı keçirilən mətbuat konfransında deyib. Rus lider Si Szinpinə "dəyərli dostum" deyə xitab edərək onun Moskva səfərinin ikitərəfli əlaqələrin inkişafı üçün açar rolu oynadığını bildirib.
Putin 2019-ci ilin sonuna qədər əsas hədəfin Çinlə ticarət həcmini 100 milyard dollar səviyyəsinə çatdırmaq olduğunu, lakin bu hədəfin vaxtından əvvəl yerinə yetirildiyini və bu rəqəmin 108 milyard dollara qədər qaldırıldığını vurğulayıb və çinli həmkarına təşəkkür edib.
Szinpin də Putinin fikirlərini təsdiqləyərək iki ölkə arasında münasibətin daha da yaxşılaşdığını bildirib:
“Münasibətlərimizi addım-addım tarixin ən yüksək səviyyəsinə çıxarmağı bacardıq. Münasibətlərimizi inkişaf etdirmək üçün heç bir məhdudiyyət yoxdur və bu münasibətlər daha da yaxşı olacaq. Bu səfərin yeni və vacib uğurlar gətirəcəyinə əminəm”.
Qeyd edək ki, Si Szinpin Beynəlxalq İqtisadiyyat Forumunda iştirak etmək üçün Sank-Peterburqa səfər edəcək.