PUTİN BAĞIŞLAMADI: Ermənistanda “hibrid müharibəsi” başlayır

Baxış sayı:
3316

Ermənistan-Rusiya xəttində atəş səsləri susmur. Paşinyan hakimiyyətinin Moskva qarşısında mərkəzdənqaçma siyasəti Kremlin ciddi qəzəbinə səbəb olur. Lakin bağışlamağı sevməyən ruslar hələ ki, ermənilərlə sərt dildə danışmaqla kifayətlənirlər. Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov Koçaryanın həbsinə münasibət bildirərkən, Ermənistanda baş verənlərin onları narahat etdiyini açıqladı.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə qonşu ölkələrin Gürcüstandakı NATO təlimlərində iştirakından təəssüf hissi keçirdiklərini bildirdi. Bu təlimlərdə Ermənistanla yanaşı, Türkiyə və Azərbaycan da iştirak edir. Lakin Ermənistan mediası Zaxarovanın məhz erməniləri nəzərdə tutduğunu yazır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, erməni siyasi şərhçi Aykazn Qaqriyanın fikrincə, Rusiya Ermənistanın Qərblə istənilən əməkdaşlığına qarşıdır və Kreml çətin ki, baş verənləri bağışlayacaq.
“Rusiya və Ermənistan arasında “atışma” getdikcə şiddətlənir. Rusiya indi dilemma qarşısındadır: Ermənistanın yeni hökuməti ilə işləmək, yaxud da qırmızı xətti keçərək, müdaxiləyə əl atmaq. İkinci yol nə qədər təhlükəli olsa da, Moskvanın müdaxiləni seçəcəyi daha çox inandırıcıdır”, - deyə erməni şərhçi vurğulayıb.
Digər şərhçi Romella Mnasakanyan isə Qərbin Ermənistanı xilas etməli olduğunu yazıb.
O, Gürcüstan və Ukrayna ssenarisini xatırladıb və Qərbin Rusiyanın müdaxiləsi qarşısında heç nə edə bilmədiyini qeyd edib.
“Rusiya Gürcüstan və Ukraynada istədiyini etdi. Bununla göstərdi ki, o istəyəndə dağıda bilir. Bu baxımdan, Rusiya Ermənistana da müdaxilə edə bilər. Qərb bunu nəzərə alaraq keçmiş səhvlərini təkrarlamamlı və Ermənistanı xilas etməlidir. Çünki Rusiya Ukrayna və Gürcüstanda olduğu kimi Ermənistanda da “hibrid müharibəsi”nə başlayacaq. Halbuki, bu müharibə birbaşa Qərbə qarşıdır”, - deyə erməni şərhçi iddia edib.