Putin arvadını döyürmüş...

Rusiya prezidenti Vladimir Putin keçmiş həyat yoldaşı Lüdmilanı döyürmüş. Bu iddia Rusiya lideri barədə yeni alman sənədli filmində irəli sürülüb. Xəbəri ilkin olaraq "Daily Telegraph" yayıb.

ZDF televiziyasında bu həftə ilk dəfə göstərilmiş filmdə Qərb kəşfiyyat agentliyinin əvvəllər açıqlanmamış fayllarına istinad olunur. Fayllarda Putinin KQB zabiti olduğu vaxtlar - 1980-ci illərdə və sonrakı dövrdə Rusiyada hakimiyyətə yüksəlişi əks olunub. Drezdendəki KQB ofisinin "Lehnchen" kod adlı katibi Lüdmila ilə dostluq edirmiş, Putinin arvadını döydüyünü də o deyib. Sənədli film Putini o zaman kök və bərk içən kimi təsvir edir.

Putinin həyatına beş dəfə sui-qəsd olunduğu barədə də məlumat var. Biri Londonda baş verib. Keçmiş KQB mayoru London aeroportlarının birində saxlanıb, o, Rusiya liderini öldürmək missiyasını həyata keçirirmiş. Sənədlərə inansaq, digər sui-qəsd cəhdləri Moskva, Sankt-Peterburq, Tehran və Bakıda baş verib.

Daha bir iddia 2010-cu ildə Putinin üzündə əməliyyat etdirməsidir. Kəşfiyyat agentliyi bildirib ki, həmin il Rusiya liderinin Ukraynaya səfəri zamanı gözlərinin altındakı kölgələr əməliyyat nəticəsində peyda olub. Putinin sözçüsü kölgələri televiziya işıqlandırmasının zəifliyinə bağlamışdı.

Putinin başqalarını gözlətmək xəstəsi olduğu da söylənir. Bir dəfə Britaniya kraliçasını qəsdən yarım saat gözlədib. Adətən nazirlərini 2-3 saat gözlədir. Almaniya kansleri Angela Merkeli də bir neçə saat gözlətdiyi olub.

"Bu, onun hakimiyyətinin əlamətidir. Mən sizə lazımam, ancaq mənə lazım deyilsiniz, ona görə də gözləməlisiniz" - bioqraflarından biri Ben Judah filmdə deyir.

Sənədli filmdə o da iddia olunur ki, Putin yuxudan gec durur, işlərinin çoxunu günortadan sonra görür. O, səhərlər kənd pendiri yeyir, hovuzda üzür, sonra isti-soyuq duş qəbul edir. Ben Judah deyir ki, Putin qocalmaqdan bərk qorxur. Maraqlısı da odur ki, ABŞ-la rəqabətə baxmayaraq cənab Putin idmanını Amerika istehsalı olan fitnes qurğularında edir.