“Pul hər kəs üçün önəmlidir, kim “yox” deyirsə...” – Ərəb ölkəsinə üz tutan futbolçumuz

Baxış sayı:
331

“Yeni Sabah”ın budəfəki müsahibi Küveytin “Əl-Salmiyə” klubunda çıxış edən azərbaycanlı futbolçu Kamal Mirzəyevdir. Maraqlıdır ki, gənc futbolçular adətən  yaxşı karyera qurmaq üçün Avropaya üz tutur, bəs 25 yaşlı yarımmüdafiəçimiz hansı məqsədlə bu ərəb ölkəsinə yollanıb? Çünki əksər vaxtlarda karyerasını bitirmək üzrə olan futbolçular ərəb ölkələrinə gedir ki, yaxşı pul qazansın. Elə isə K. Mirzəyevi dinləyək:

- Necə oldu ki, “Əl-Salmiyə” klubuna keçməyi qərara aldınız?

- “Salmiyə” klubu məni yoldaşlıq oyununda bəyəndilər. Sonra mənim fikirlərimi öyrəndilər. Mən də xarici klubda özümü sınamağı qərara aldım. Klubun baş məşqçisinin istəyi ilə də burdayam.

- Təklif təkcə bu ölkədən idi yoxsa, xaricdən başqa təkliflərin də vardı?

- Xeyr, sadəcə bu ölkədən idi. Amma hazırda bu ölkənin başqa iki klubu da mənimlə maraqlanır. Bununla məşğul olan şəxslər var.

- Artıq bir müddətdir ki, orada çıxış edirsiniz. Azərbycan futbolundan hansı fərqli məqamaları müşahidə etmisiniz?

- Burada daha çox sürətli və fiziki oyuna üstünlük verirlər. Azərbaycanda isə texniki oyun oynanılır. Fərq yalnız budur.

- Bəs azarkeşlərin səviyyəsi necədir?

- Oyunlara gələn azarkeşlər üstünlük təşkil edir. 5-6 mindən çox azarkeş stadiona gəlir. Bizdə isə yalnız “Qarabağ”ın Avroliqadakı oyunlarına azarkeşlər çox gəlir.

- Orada Azərbaycan futboluna maraq varmı?

- Daha çox Avroliqada iştirak etdiyinə görə, “Qarabağ”ı tanıyırlar, bir də millinin oyunlarına baxırlar.

- Fərqli mədəniyyətlərə sahib ölkəyik. Bu sizə nədəsə mane olurmu?

- Yox. Müsəlman ölkəsi olduğu üçün əsas qidalanmadı, başqa problem yaratmır.

- Azərbaycanlı futbolçular çox zaman xaricdə uzun müddət oynamır, sıxılır. 

- Sıxılmaq olur. Əlbəttə, belə düşünürlər. Amma klub futbolçunun istədiyi şərtləri yerinə yetirə bilmədiyində futbolçu da qalmaq istəmir.

- Bəziləri sizin bu ökəyə məhz pul üçün getdiyinizi də düşünür. Bu məsələyə münasibətiniz necədir?

- Pul hər kəs üçün önəmlidir, kimsə “yox” deyirsə, deməli, qazanc yeri var.

- “Qəbələ”nin futbol akademiyasının yetirməsisiniz. Son vaxtlar yəqin ki, fikir verirsiniz ki, adətən klub öz yetirmələrinə şans verir. Burada qalmaq üçün klubdan sizə nəsə deyildimi?

- “Qəbələ” köklü komandadır. Azərbaycan futboluna çox futbolçu verib. Deməli, düzgün yolda işləyir.

- “Qəbələ”nin oyunlarına yəqin ki, baxırsınız. Keçmiş komandanızın hazırkı durumu ilə bağlı nə deyə bilərsiniz?

- Hazırkı durumu ürəkaçan deyil. Açığı, biz öyrəşmişik ki, “Qəbələ” 1 və 2-ci yerlər uğurunda oynasın.

- Samir Abasovun “Qəbələ”ni irəli aparacağını düşünürsünüzmü? Onun adı keçmiş komandanızla birgə çəkilir.

- Samir Abasov böyük məşqçidir, oyun fəlsəfəsi yaxşıdır. Topu özündə saxlayan, hücuma tez çıxan komanda formalaşdırır. O, Azərbaycanda 3-4 yaxşı məşqçidən biridir.

- “Əl-Salmiyə”də yaxşı iştirak edib millinin heyətində yer almağı düşünürsünüzmü? Məsələn, yığmamızın baş məşqçisi Nikola Yurçeviç bildirmişdi ki, oyunçu qıtlığı var. 

- Milli komada elədir ki, buna görə AFFA rəhbərliyi hər bir şəraiti yaradıb. Yurçeviç milliyə lazım olan vaxtda lazım olan futbolçuları çağırır.  Təklif gözləyirəm. Fransız baş məşqçim də tezliklə milliyə dəvət almağımı gözləyir.