​Psixiatr dəhşətə gələcəyiniz FAKTLARI AÇDI: Qəbul etdiyimiz bu dərmanlar bizi necə qatil edir?

Baxış sayı:
10174

Bir neçə gün əvvəl “Buta Palace”ın art-direktoru Ramiz Taxvelinin həyat yoldaşını 5-ci mərtəbədən ataraq qətlə yetirməsi bir anda gündəmi dəyişdi. Bir müddət sonra R.Taxvelinin hadisəni törədərkən THC növlü marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış ağır psixi vəziyyətdə olduğu müəyyənləşdi. Cinayət fakı hazırda prokurorluq tərəfindən araşdırılır. Baş vermiş məlum hadisə bir sıra ağır problemləri, xüsusi ilə də son vaxtlar insanların psixi durumu ilə bağlı yaranmış pozuntuların kütləviləşməsini də gündəmə gətirdi. Odur ki, insan psixologiyasına təsir edən bu dərmanlar və onların insanlarda yarada biləcəyi davranış pozuntuları barədə mütəxəssis fikrini öyrənməyə qərar verdik. Həkimlərin sakitləşdirici və yuxu gətirici kimi yazdığı hər hansı dərman insanın ağır cinayət törətməsinə necə yol aça bilər? Muxalifet.az bildirir ki, sakitləşdirici, psixotrop dərmanların narkotik təsiri göstərməsi, onların narkotik və spirtli içkilərlə birgə qəbulunun hansı hallara səbəb ola biləcəyi ilə bağlı publika.az-ın suallarını Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov cavablandırıb. - Fuad həkim, əvvəlcə bir məsələyə aydınlıq gətirməyinizi istərdik. Bu gün yuxusuzluqdan əziyyət çəkən, depressiya əlamətlərini hiss edən, müəyyən psixi problemləri olanlar aptekdən hər hansı sakitləşdirici alıb qəbul edirlər. Bu nə qədər doğrudur və hər hansı fəsadlara səbəb ola bilərmi? - İnsanın həkim məsləhəti olmadan aptekdən sakitləşdirici alıb qəbul etməsi yolverilməzdir. Psixotrop dərmanla bağlı bu sahədə işləyən təcrübəli həkim doğru məsləhət verə bilər. Qanunvericiliyə görə yüngül depressiya, təşviş pozuntuları zamanı ilkin səhiyyə sahəsində işləyən həkimlər müalicə yaza bilər. Daha ağır vəziyyətdə olanlara isə psixiatr müayinə edib dərman yazmalıdır. Psixi problemlərdən əziyyət çəkənlərin qonşuları, tanışlarının məsləhəti ilə dərman qəbul etməsi ilə tez-tez rastlaşırıq. Bu çox pis yanaşmadır. Çünki 100-dən çox psixi xəstəlik var və kim zəmanət verə bilər ki, qonşu ilə həmin şəxsin psixi xəstəliyi eynidir. Fərqli psixi xəstəliyə eyni müalicə tətbiq edilməsi təbii ki, yanlışdır. Xarici ölkələrdə psixotrop dərmanlar daxil olmaqla bir çox dərman yalnız həkim resepti əsasında verilir. Psixotrop dərmanları bu cür qəbul etmək narkomaniyaya səbəb olmaz, lakin başqa ziyan gətirə bilər. - Hansı zərəri ola bilər? - Bəzi fiziki xəstəlikləri olanlar bu dərmanları qəbul etməməlidirlər. Məsələn, hamiləlik zamanı psixotrop dərmanları yazarkən diqqətli olmaq lazımdır. - Bütün psixi xəstəliyi olanlara dərman yazılmalıdırmı? - Qətiyyən yox. Çoxsaylı psixi pozuntular asan üsullarla müalicə edilir. Məsələn, düzgün həyat tərzi, gün rejimi, idmanla məşğul olmaq kimi üsullarla bir çox psixi problemi müalicə etmək olar. Bəzi psixi pozuntular psixoterapiya tələb edir. Bu zaman xəstələr ya psixiatr, ya da kliniki psixoloqla görüşür, problemlərini müzakirə edirlər. Bu xəstəlik dərmanlarsız keçib gedir. Lakin şizofreniya kimi ağır xəstəliklərə dərman müalicəsi mütləqdir. Təbii ki, bu dərmanı yalnız həkim müəyyən edə bilər. - Bu günlərdə “Buta Palace”nin art-direktoru həyat yoldaşını binadan atıb. Onun həmin vaxt barbiturat və marixuana qəbul etdiyi bildirilir. Yuxu gətirici effekti olan barbiturat insan davranışını dəyişə bilərmi? - Barbituratlar müasir psixiatriyada istifadə edilən dərmanlara aid deyil. Lakin adi bir korvalol, validol dərmanın tərkibində bu maddələr var. Barbituratlar əsasən 70-80-ci illərdə dərmanların tərkibində istifadə edilirdi. Məsələn, epilepsiya zamanı benzonal, fenobarbital qəbul edilirdi. İndi psixiatriya bu dərmanlara ehtiyac yoxdur. Müasir protokollarda bu tərkibli dərmanlardan istifadə qeyd edilmir. Artıq Avropa, Şimali Amerika ölkələrində bu dərmanlardan istifadə edilmir. Çünki bu dərmanların yan təsirləri problem yarada bilər. Həmin şəxsin bədənində hansı barbituratlar aşkar edilməsi məhkəmə tibbi ekspertizanın nəticəsində müəyyən ediləcək. - Barbituratların alternativi varmı? - Əlbəttə var. Psixiatr, Psixi Sağlamlıq Mərkəzinin rəhbər kimi deyə bilərəm ki, özünə hörmət edən mütəxəssis heç zaman barbiturat təyin etməz. Keçən əsrdə müasir dərmanlar olmayanda epilepsiya, təşviş zamanı barbiturat verilib. İndi isə çox yaxşı və təhlükəsiz dərman var. - Psixtrop tərkibli dərmanın spirtli içki, narkotiklə qəbul edilməsi beyində necə “partlayış”a səbəb ola bilər, hansı funksiyaları dəyişə bilər? - İstənilən dərmanı, antibiotiklər belə spirtlə qarşılıqlı reaksiya verə bilər. Spirt tək halda beyin sturukturuna təsir göstərə bilir və bütün dərmanlarla reaksiyaya girə bilər. Biz adətən xəstəyə dərman yazanda bu müddətdə spirtli içki qəbul etməməyi tövsiyə edirik. Yox əgər hər hansı bir vəziyyətdə məcbur qalıb spirtli içki içəcəklərsə, dərman qəbul etməsinlər. Beyində iki funksional hüceyrə var. Onlardan biri stimullaşdırır, digəri tormozlayır. Spirtli içkilər bəzi resepterlora təsir göstərir və beynin funksional vəziyyəti dəyişir. Bunun üzərinə psixotrop tərkibli dərman əlavə etsək təsiri iki qat artacaq. Burada toksiki effektlər yaranır. - Həkim psixtrop dərmanların tərkibində narkotik olması barədə fikirlər var. - Düzdür, cəmiyyətdə psixotrop dərmanların narkotiklərə bərabər olması kimi yanlış fikirlər var. Psixotrop dərmanlar psixi xəstəliklərin müalicəsində istifadə edilir. Heç kim bu dərmanı zövq almaq məqsədilə qəbul etmir. 30 ildir psixiatriya sahəsindəyəm, təcrübəmdə heç vaxt narkotik tərkibli dərman təyin etməmişəm. Psixiatriyada heç bir klinik protokolda narkotik istifadə edilmir. Psixotrop narkotikə bərabərdir kimi yanlış yanaşma psixi problemdən əziyyət çəkənlər üzərində böyük damğa yaradır. Məsələn, biri depressiyadan əziyyət çəkir və antidepresant qəbul edirsə, başqalarının ona narkoman kimi yanaşması doğru deyil. - Bu fikirlərin yaranma səbəbi nədir, sizcə? - Mən avamlıq deyərdim. Bu məlumatların az olması, psixi xəstəliklərə stiqma ilə bağlıdır. İnsanlar yanlış məlumatlara görə psixi xəstəliklərdən qorxurlar. Narkomaniya tamam başqa bir problemdir. Əksər psixi xəstəliklərin narkomaniyaya heç bir aidiyyəti yoxdur. Təəssüf ki, bu fikirlərə görə psixi xəstəliyi olanların çoxu narkoman olmadığını əsas gətirərək psixotrop dərmanları qəbul etməkdən imtina edir. - Ümumiyyətlə psixotrop dərmanların qəbulu ilə bağlı hansı şərtlər var? - Psixi pozuntuların müalicəsində 5 növ dərmandan istifadə edilir. Birincisi antipsixotik dərmanlardır. Bunlar əsasən psixoz, şizofreniya və digər psixotik hallarda (hallüsinasiya, sayıqlama) qəbul edilir. Bu dərmanların heç bir həzz gətirici effekti yoxdur. Onlar beyində olan bəzi maddələr, o cümlədən dopominin səviyyəsini normaya salır. İkinci növ dərmanlar antidepresantlardır. İndi bu dərmanların daha müasir formaları istehsal edilir ki, daha az yan təsirə malik olurlar, təhlükəsiz hesab edilir. Statistikaya görə, ABŞ-da 120 milyon insan antidepresantlardan müxtəlif vaxtlarda istifadə edib. Bu dərmanlar həmçinin təşviş, depressiya zamanı da qəbul edilə bilər. Depressiya ilə təşvişin bəzən eyni mexanizmləri olur və müasir antidepresantlar təşviş pozuntuları zamanı da istifadə edilir. Köhnə antidepresantların kardiotoksiki effekt kimi yan təsirləri olur. Bu zaman infarkt riski arta bilər. Ona görə də müalicədə daha çox müasir antidepresantlara üstünlük veririk. Üçüncü növ preparatlar əsasən anksialitik dərmanlardır əsasən təşviş zamanı istifadə edilir. Bunlar da iki cür - benzodiazepin və qeyri- benzodiazepin olmaqla iki yerə bölünür. Qeyri-benzodiazepin dərmanlar tam təhlükəsizdir. Benzodiazepin dərmanları uzun müddət istifadə etdikdə asılılıq yaradır. Ona görə, müasir klinik protokollarda anksialitikləri iki həftədən çox qəbul etmək məsləhət görülmür. Lakin bir daha xatırladıram ki, bu dərmanlar narkotik tərkibli deyil və heç bir narkoman onlardan istifadə etmir. Dördüncü qrup dərmanlar isə əhval ruhiyyəni sabitləşdirmək üçün istifadə edilir. Bunlar əsasən, biopolyar affektiv pozuntular, təkrarlayan depressiya zamanı geniş istifadə edilir. Bu dərmanlar növbəti tutmaların qarşısını alır. Statistikaya görə insanların 2.5 faizində biopolyar affektiv pozuntuya rast gəlinir. Axırıncı qrup dərmanlar demensiya (qazanılmış ağıl zəifliyi) zamanı istifadə edilir. Bu dərmanlar demensiyanı tam müalicə etmir. Hüceyrələrin bu istiqamətdə fəaliyyətini zəiflədə bilər. - Psixotrop dərmanlarla bağlı daha bir mif onların asılılıq yaratmasıdır. İnsanlar düşünür ki, bu dərmanı qəbul etsəm daim ondan asılı olacaqlar. - Psixatriyada dərmanın 90 faizi heç bir asılılıq yaratmır. Bu vaxta qədər kiminsə antidepresantlar, antipsixiotiklərdən asılı olması barədə eşitməmişəm. Yalnız diozepan, fenozepan kimi dərmanları uzun müddət qəbul edəndə uzun müddət asılılıq yarada bilir. Lakin bu asılılıq, narkotik asılılığı ilə qarışdırılmamalıdır. Məsələn, 1-2 ay fenozepan qəbul edənlər onsuz yata bilmir. Bu isə problem yaradır. Bu problemi yaşamamaq üçün həmin dərmanları təyin edərkən diqqətli olmaq lazımdır. Bizdə bezodiazepan təyin etməklə bağlı şərtlər normaldır, bunun üçün 3 möhürlü resept lazımdır. Bu reseptlərin bir nüsxəsi benzodiazepan satmaq icazəsi olan aptekdə saxlanılır. - Bir müddət əvvəl tramadol tərkibli dərmanların apteklərdə qanunsuz satışı gündəmə gəlmişdi. Narkotik tərkibli olduğuna görə, əsasən narkomaniyanın erkən mərhələsində olan gənclər daha çox alırdı. - Düzdür, tramadol psixiatriyada istifadə edilmir. Əsasən cərrahiyyə, onkologiyada ağrıkəsici kimi istifadə edilir. Bu dərmanın təsiri bəzən heroinə oxşadığına görə narkomanlar ondan çoxlu qəbul edərək narkotik ehtiyaclarını ödəyirlər. Həkim yalnız əməliyyat zamanı ağırını kəsmək üçün 1-2 həb yaza bilər. Lakin çoxsaylı həb içməkdə məqsəd müalicə olmaz. Narkologiyada abstinent sindromu zamanı bu dərmanı yaza bilərlər. Lakin onun qəbulu mütləq həkim nəzarətində olmalıdır. - Əsrimiz depressiya əsridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə psixi problemlər, xüsusən, depressiya xəstəliklər sırasında ilk yerdə olacaq. Xüsusən bu aylarda depressiyaya meyl artır. Necədir bu sahədə vəziyyət? - 1993-cü ildə hesabatlarında XXI əsrin depressiya əsri olacağı göstərilirdi. ABŞ, İran, Türkiyə, Çin, İsrail, Rusiya və eləcə də Azərbaycanda depressiyaların sayı artıb. Səbəblər müxtəlifdir. Həyat ritmi, sürəti, şərtlərinin dəyişməsi insan orqanizminə təsir edir və insanlar depressiyaya həssas olur.