Psixi xəstəliklər dövrü başladı: nevroz, depressiya…

Baxış sayı:
3292

Ümumdünya Səhiyyə Təşkilatı da təsdiq edir ki, 2020-ci ildə psixi problemlər, xüsusən, depressiya xəstəliklər sırasında ilk yerdə olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri psixiatr Azər Bağırov qaynarinfo saytına son zamanlar yeniyetmələr və gənclər arasında intihar hallarının artması ilə bağlı verdiyi geniş müsahibədə bildirib.
Onun sözlərinə görə, indiyə qədər ilk sırada ürək-damar xəstəlikləri gəlirdi:
“2020-ci ildə psixi problemlərin, xüsusən, depressiyanın xəstəliklər sırasında ilk yerdə olacağı gözlənilir. Səbəb olaraq isə sənayeləşmə, demoqrafik artım, gərgin iş rejimi, stressli yaşam şərtləri və s. kimi faktorları göstərmək olar.
Ancaq ümumilikdə, genetik psixi pozğunluqları, şizofreniya, təşviş-həyəcan pozuntuları və s. ümumi rastlanma sıxlığında nəzərə çarpacaq artım müşahidə olunmur. Sadəcə, cəmiyyət inkişaf etdikcə, xəstəliklərə daha tez və daha dəqiq diaqnoz qoyulur, statistik olaraq müalicə başlanılır. Bu da say artmının baş verməsi hissini yarada bilir. Əslində isə ciddi bir dəyişiklik olmur”.
Psixiatr bildirib ki, xalq arasıda “nevroz” deyilən xəstəlik ön sıradadır:
“Şəxsi praktikamda xalq arasında “nevroz” olaraq bilinən təşviş-həyəcan pozuntusu dediyimiz hallar birinci sıradadır. İkinci sırada isə depressiya hallarıdır. Valideynlərə məsləhət görərdim ki, xüsusilə 13-17 yaş aralığında uşaqlarında içinə qapanma, yanaşma tərzinin dəyişməsi, özünə baxımı azalırsa, ünsiyyətdən qaçırsa, fərqli hallar müşahidə olunursa, dini mövzulara çox yönəlirsə və yaxud ətrafdakı insanlardan fərqli düşüncə tərzi, fikirlər ilə çıxış edirsə, bu hallarda şübhələnmək və mütəxəssisə müraciət etmək lazımdır”.