“Pərvizin kafesi”ində xaş, araq və...ağdamlı şuşalını bıçaqladı - “ÇOX İÇƏNDƏ YADIMDA HEÇ NƏ QALMIR...”

Baxış sayı:
11278

Mərdəkanda, Abşeron sanatoriyasının 5-ci korpusunda məskunlaşmış məcburi köçkünlərin mübahisəsi qanla sonuclanıb. Şuşa rayon sakininin söyüş söyməsi  sanatoriyanın həyətindəki kafedə aşpaz işləyən Ağdam rayon sakininin qəzəbinə səbəb olub. Sonuncu əsəblərini cilovlamağı bacarmayıb və bıçağa əl atıb. Hadisədən sonra qonşular arasında barışıq olub. Zərərçəkmiş məhkəmədə onu vuran şəxsi bağışladığını deyib. Məhkəmə heyəti tərəfindən 49 yaşlı Pərviz Nəzəri barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Ağdam rayon sakini Pərviz Nəzərinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il yanvarın 1-də Mərdəkan qəsəbəsində yerləşən Abşeron sanatoriyasının həyətindəki kafedə baş verib. Qəsəbə sakinləri arasında “Pərvizin kafesi” kimi tanınan obyektə mütəmadi olaraq  gəlib-gedən Şuşa şəhər sakini İlham Xəlilovla Rərviz Nəzərinin arasında mübahisə düşüb. Sərxoş müştəri kafe sahibinin qulluğundan narazı qalaraq onun ünvanına xoşagəlməz ifadələr işlədib. Müştərinin təhqirlərinə dözməyən P.Nəzəri isə onu bıçaqlayıb.

36 yaşlı İ.Xəlilov 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Hadisədən sonra İ.Xəlilov ilkin izahatında polis əməkdaşlarına guya evində yıxılaraq xəsarət aldığını deyib. Araşdırmalar zamanı isə məlum olub ki, yaralı polisə yalan məlumat verib. Polis əməkdaşların keçirdiyi əməliyyat zamanı İ.Xəlilovun Abşeron sanatoriyasının həyətindəki kafenin aşpazı Rərviz Nəzəri ilə mübahisə etdiyi və onun tərəfindən bıçaqlandığı müəyyən edilib. P.Nəzəri saxlanılaraq istintaqa təhvil verilib.

Təqsirləndirilən Pərviz Nəzəri ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində Mərdəkan qəsəbəsindəki Abşeron sanatoriyasında yerləşən 5-ci korpusda yaşadığını, 2015-ci ildən bəri sanatoriyanın həyətində kafe işlətdiyini göstərib: “Aşpaz işləyirdim. İlhamı 2003-cü ildən tanıyıram, qonşum olub. Tez-tez kafeyə gəlib gedirdi”.

 

P.Nəzəri deyib ki, hadisə baş verən gün İlham tanışı Rasim adlı şəxslə kafeyə gəlib, xaş və araq sifariş ediblər. Bir neçə saat süfrə arxasında yeyib-içdikdən sonra Pərvizi çağıraraq onlara yaxşı qulluq olunmadığına görə iradını bildirib: “Gecə saat 23 radələri idi. Mübahisə yaranmasın deyə dedim nə istəyirsinizsə deyin, gətirim. İlham üstümə qışqırdı, söyüş söydü. Kafedən həyətə çıxdım, üstümə sarı gəlib yumruq vurmaq istədi. Onu qorxutmaq üçün bıçaqla qarnından vurdum. İlham qarnını tutub qışqırdı. Həmin vaxt ətrafda heç kim yox idi. Qorxub qışqırdım, köməyə adam çağırdım, İlhamı xəstəxanaya apardılar”.

Zərərçəkmiş İlham Xəlilov ifadəsində sərxoş olduğundan hadisə zamanı baş verənləri xatırlamadığını göstərib: “Həmin vaxt içkili idim. Ayılanda gördüm xəstəxanadayam. Həkimlər bıçaqlandığımı dedilər. Sonradan bilmişəm ki, məni qonşum Pərviz bıçaqlayıb. Çox içəndə yadımda heç nə qalmır. Ona görə də heç nəyi xatırlaya bilmirəm. Ola bilsin Pərviz bıçaqla vurub. Qapıbir qonşuyuq, münasibətimiz həmişə yaxşı olub. Pərvizdən şikayətim və tələbim yoxdur”.

Məhkəmənin hökmü ilə Pərviz Nəzəri 3 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub. Təyin olunmuş cəza 2 sınaq müddəti olmaqla şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.