Pərvin Abiyeva: “Oğlanın dabanı onurğama girdi, nəfəsim kəsildi “ - FOTOLAR

Baxış sayı:
15136
“Nə Bakıda, nə Türkiyədə yaşayıram. Hər ikisinə gedib-gəlirəm. Uzaqlıq fobiyam var. Ona görə Türkiyədəki serial təkliflərini qəbul edə bilmirəm. Orada çalışsam, məcburən müqavilə imzalamalıyam. Kontraktın da müddəti minimum 2 ildir. Uzaqda yalnız iki həftə yaşaya bilərəm”.
 
Musavat.com xəbər verir ki, aktrisa Pərvin Abiyeva uzun fasilədən sonra media nümayəndələrinin qarşısına çıxıb. 
 
Jurnalistlərin suallarına cavab verən Pərvin əməliyyat olunmasından da danışıb: “Ötən ilin fevralında ayağımın yuxarı hissəsində əzələ yırtılması oldu. Onun içinə kirli maye doldu. Vaxt keçdikcə üstünə düşmədim, sonra mənə əziyyət verdi, kəsdirmək qərarına gəldim. Əməliyyatım zamanı zəlzələ baş verib. Şükür edirəm ki, həkimlər məni qoyub, qaçmayıblar”.
 
- Türkiyə istehsalı olan “Haraket sekiz” filmində rol aldınız. Çəkilişlər necə keçdi?
 
- Çətin idi, çünki döyüş səhnələri vardı. Bir həftə ağır məşqlər etdim. Çiynimdən və kürəyimdən zərbə aldım. Çəkilişlər zamanı qəşəng təpik yemişəm, onun ağrısını hələ də kürəyimdə hiss edirəm. Həqiqi döyüşçülər idi, onlarla döyüşdüm. Gözlənilməz təpik gəldi. Oğlanın dabanı onurğamın içinə girdi. Ayaqqabıları isə əsgər çəkmələri idi. Nəfəsim kəsildi, bir müddət yerdə qaldım, dedim, vəssalam, mən öldüm. Amma döyüşü öyrənəndə əziyyət çəkmişdim deyə, dedim ki, bunu tamamlamalıyam. Bir ay o ağrı ilə yaşadım. Filmdə baş rollarda türk aktyorlar və aktrisalardır. Öz adıma deyə bilərəm ki, obrazım ikinci plan olsa da, çox yaddaqalandır.
 
- “Hareket sekiz” rol aldığınız üçüncü türk filmidir. Türkiyədə, yoxsa Azərbaycanda işləmək sizə daha rahatdır? 
 
- Türklərlə işləmək asandır, çünki aktyora dəyər verirlər. Demirəm ki, Azərbaycanda belə deyil. Aktyor üçün hər şey həll olunur: geyim, yemək, istirahət dərdi yoxdur. Hər iki ölkədəki çəkiliş meydançamız çox rahat idi. Orada işləmək daha rahatdır. Azərbaycanda bütün setlərdə vəziyyət eyni deyil. 
 
- Aldığınız qonorar sizi qane etdimi?
 
- Bizə tapşırıblar ki, bu haqda danışmayaq. Ayıbdır. 
 
- Pərvini hansı xüsusiyyətlərinə görə türkiyəli rejissorların diqqətini çəkir? 
 
- Üç ildir ki, eyni şirkətlə çalışıram. “Hareket sekiz” üçüncü işbirliyimdir. Onlar özümü və işimi çox bəyənirlər. Həm də ünsiyyətçil insanam. 
 
 - “Hareket sekiz” filminin Türkiyədəki qalasında libasının müzakirələrə səbəb oldu. Bəyənənlər qədər bəyənmələyənlər də çox idi?
 
- İstanbuldakı qala tezbazar idi. Qırmızı xalı yox idi. Fikir vermisinizsə, bütün qalalarda geyimlərim müzakirə olunur. Amma gözəl görünürdüm, saçımı-makiyajımı özüm etmişdim. Geyimimə olan tənqidlərə münasibətim normaldır. Səhnə adamıyam. Nəinki tənqidlərə, artıq təhqirlərə alışmışam.
 
- “Yemin” serialında azərbaycanlı obrazını canlandıran Yağmur Şahbazova ölkəyə qayıtmaq istəməyən qadını canlandırdığı üçün tənqid olundu. İddia edilir ki, azərbaycanlı aktrisalar Türkiyədə aşağılanır. 
 
- Yağmura bildirilən iradları qəbul etmirəm. Çünki azərbaycanlı aktrisadır. Türkiyənin ən yaxşı kanallarından birində  ekrana gəlir. Əksinə, onu ürəkləndirmək, yol açmaq lazımdır. O münasibət mənə xoş gəlmədi. Xəbərlərə baxdım, daha sonra həmin epizoda nəzər yetirdim. Orada şişirtməli heç nə yox idi. Bu, bütün dünyada var. Harada qaçaq yaşayırsansa, oradan səni deportasiya edir, ölkənə göndərirlər. Mən Türkiyədə hörmət görürəm, heç kim məni aşağılamayıb.