Prorektorun otağındakı oğurluqla bağlı - DAHA 3 HƏBS

Baxış sayı:
3205

Bakıda adam oğurluğunda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Turab Nağıyev 11 il, Altay Əliyev 10 il, Şahmar Nağıyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər Pərviz Quliyevin və tanışlarının 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurladığını biliblər. Əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə və digər dəstə üzvlərinə zəng edərək, polisə xəbər verməyəcəklərini söyləyib, bunun qarşılığında pul tələb ediblər.
Tələb rədd edildikdə onlar 2016-cı il martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə Altay Əliyevin avtomobilinə mindiriblər. Pərvizi başqa kafeyə apararaq döyüblər, əldə etdiyi puldan onlara da verməli olduğunu bildiriblər.
Pərviz Quliyev pulu olmadığını dedikdə dəstə üzvləri 40 min manata təzə ev aldığını xatırladaraq həmin evi satmasını tələb ediblər.
Evi satan Pərviz Quliyev onlara əvvəl 15 min manat, daha sonra əlavə 3 min manat verib.
Xatırladaq ki, 2017-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində "Odlar Yurdu" Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub.
Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.