​Prokuror öz oğlunun 10 min manat borcunu kabinetində ödəyib - "MTN İŞİ"

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses zərərçəkmiş Bədəlov Zakir Dilənçi oğlunun epizodu üzrə davam edib. Məhkəmədə şahidlər ifadə verib.
Zakir Bədəlov qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. Onun sözlərinə görə, qohumu Zakir Mustafayev onu MTN vasitəsi ilə hədələyərək, əlavə 150 min, daha sonra isə 200 min tələb edib.
Bu epizod üzrə Zakir Bədəlovun qızı Tamella Bədəlova da eyni məzmunlu ifadə verib. O, ifadəsində göstərdiklərini atası və anasından eşitdiyini, özünün heç bir hadisəyə şahidlik etmədiyini bildirib.
Digər bir şahid isə zərərçəkmiş Neman Kərimovun epizodu üzrə dindirilib.
Qeyd edək ki, sabiq polis əməkdaşı N.Kərimov 2009-cu ildə dayısı oğlu Elvin Mövsümov və 2 qız tanışı ilə birlikdə "Elit" otelinə istirahət edərkən MTN maskalıları tərəfindən saxlanıldıqlarını və nazirliyə gətirildiklərini deyib. O, MTN-də polkovnik Səlim Məmmədov və Elçin Çıraqovun ondan 250 min tələb etdiklərini, sonda isə 80 minə razılaşdıqlarını söyləyib. MTN-ə gətirilmə səbəbi kimi isə 30 min borclu olduğu Sevinc Rüstəmovanın ondan şikayət etməsini göstərib.
Məhkəmədə ifadə verən Sevinc Rüstəmova bəzi maraqlı məqamlara toxunub. O, zərərçəkmiş kimi tanınan Neman Kərimovun ondan 30 min manat borc aldığını deyib. Və əlavə edib ki, N.Kərimov həmin pulun 10 minini isə Binəqədi rayonunun sabiq prokuroru olmuş Mirələkbər Seyidovun oğlu üçün alıb.
Pulunu geri ala bilməyən Sevinc Rüstəmova buna görə sabiq prokurorun yanına getdiyni söyləyib: "Mən prokurorun yanında oldum. Ona baş berənləri danışdım. Mirələkbər Seyidov da Nemana zəng edib, yanına çağırdı. Ondan soruşdu ki, oğlu üçün 10 min məndən pul alıbmı? Neman da təsdiqlədi. Prokuror oğlu üçün alınan 10 min manatı verdi. Nemanın isə 20 min borcu qaldı".
Qalan pulunu ala bilməyən S.Rüstəmova MTN-ə müraciət etdiyini deyib.
Neman Kərimov MTN-də ondan alınan 80 mini dayısı Zakir Mövsümovdan borc aldığını məhkəmədə deyib. O, mərhum dayısının Akif Çovdarovla görüşdüyünü və məbləği 250 mindən 80 minə saldığını bildirib.
Şahid Sevinc Rüstəmova Neman Kərimovun dayısının MTN-ə gəlişi haqda da danışıb: "Zakir Mövsümov MTN-də bacısı oğlu Nemana sərt sözlər dedi. O, bildirdi ki, bacısının ölümünə səbəb də Neman olub".
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.