​Prokuror Fikrət Qocanın oğlunu öldürənlərə ağır cəza istədi - ŞAİRİN NƏVƏSİ ŞİKAYƏTÇİ DEYİL

Şair Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəhmədov Elnur Balamirzə oğlunun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Elnur Nəhmədovun 19, Ruslan Məmmədovun 4, Pərviz Hüseynovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Mərhumun oğlu şikayətçi olmadığını deyib.
Qeyd edək ki, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədovla birlikdə daha iki nəfər həbs edilib.
Onlar Pərviz Hüseynov və Ruslan Məmmədovdur. Hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinirlər. Elnur Nəhmədov isə Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.