“Problemli kreditlər məsələsi birdəfəlik həll edilməlidir”

Vahid Əhmədov: “Banklardakı rüşvət, korrupsiya, “şapka”lar bu sistemi acınacaqlı duruma gətirib”
 
“Hansı banklarda maxinasiyalar həyata keçirilirsə, Mərkəzi Bankın bundan xəbəri olmalıydı”
 
Millət vəkili Vahid Əhmədov “Hürriyyət” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
 
-Vahid müəllim, belə iddialar səsləndirilir ki, prezident İlham Əliyevin Ərdoğan tərəfindən G-20 sammitinə dəvət olunması əvvəlcədən sammit iştirakçısı olan dövlətlərlə, xüsusən də ABŞ və Avropa Birliyi ölkələriylə razılaşdırılıbmış. Sizcə, bu iddialar nə dərəcədə həqiqəti əks etdirir?
 
-İstənilən halda İlham Əliyevin həmin sammitə dəvət olunması çöx böyük hadisədir və bu dəvət yüksək qiymətləndirilməlidir. Bu məsələdə Türkiyə prezidenti Ərdoğanın jestini xüsusi qiymətləndirmək lazım və onun əhəmiyyətini qətiyyən azaltmaq olmaz. Çünki kimlərləsə razılaşma olmuş olsa belə ev yiyəsi statusunda Ərdoğan idi və o yaranmış fürsətdən istifadə edərək Azərbaycana olan qardaş münasibətini bir daha ortaya qoydu. Ola bilsin, siz dediyiniz kimi, o, ən azı protokola uyğun olaraq belə bir dəvət etdiyini üzv dövlətlərin rəhbərlərinə bildirib və onları inandırıb ki, İlham Əliyevin bu sammitə qatılması dünyanın özü üçün vacibdir, lazımdır. Onları inandırmaq üçün əslində Ərdoğan prinsipcə heç əziyyət də çəkməməliydi. Çünki həmin 20 dövlətin hər biri Azərbaycanın regionadakı rolunu və prezident İlham Əliyevin yürütdüyü unikal siyasəti izləməmiş deyillər və əksinə, mən deyərdim ki, onların özləri də maraqlı olardı ki, İlham Əliyev bu tədbirə qatılsın. İlham Əliyevin oradakı iştirakı və çıxışı olduqca yerində və uğurlu alındı. Mən cənab prezidentin həmin toplantıdakı çıxışını dinlədim. O yaranmış fürsətdən maksimum istifadə edərək dünyanın ən nəhəng dövlətlərinin rəhbərləri qarşısında bir sıra vacib məsələlərə toxundu, Azərbaycanın Avropa məkanı üçün əhəmiyyətli və vazkeçilməz bir dövlət olmasını, regionun və dünyanın enerji təhlükəsizliyində həlledici rola sahiblənməsini, bəşəriyyətə nümunə ola biləcək tolerant bir ölkə olmasını vurğuladı. Eyni zamanda ABŞ dövlət başçısı Obamaya, İngiltərənin baş naziri Kemerona, İtaliyanın baş nazirinə, Ərdoğanın özünə minnətdarlıq bildirməsi də sıradan bir addım deyildi və mən deyərdim ki, çox ciddi siyasi gedişlər idi. Mən diqqətlə fikir verdim ki, onların hər biri İlham Əliyevin bu çıxışından razı qaldılar. Özü də İlham Əliyev başqaları kimi çıxışı zamanı hər hansı konspektdən istifadə etmədi, buna baxmayaraq çox yüksək səviyyəli bir çıxış edərək həmin sammitə təsadüfən dəvət edilmədiyini sübut etdi. Prezidentimiz bir daha dünyaya bəyan etdi ki, Azərbaycan Qafqazlarda çox önəmli dövlətdir. Eyni zamanda dünya dövlətlərinə də çatdırdı ki, bu gün dünya terrorizmdən əziyyət çəkir, amma Azərbaycan 20 ildən artıqdır ki, terroru dövlət siyasətinə çevirmiş bir işğalçı ölkənin terroruna, soyqırıma, etnik separatizmə məruz qalıb. Sözümün canı odur ki, bu sammit çox mətləblərə aydınlıq gətirdi. Fikir verdinizsə, orada Obama ilə görüşmək üçün hətta növbəyə dayananlar vardı. Amma cənab prezident Obama ilə də, Kemeronla da görüşdü. Bu, Azərbaycana göstərilən diqqətin əlaməti idi.
Konkret olaraq sualınıza gəldikdə isə demək olar ki, əlbəttə, iri dövlətlərin razılığı olmasaydı, Ərdoğan təkbaşına İlham Əliyevi dəvət etməzdi. Müqayisə üçün deyək ki, Azərbaycandan böyük olan İran da Türkiyə üçün xeyli əhəmiyyətli ölkə statusundadır və buna baxmayaraq yalnız Azərbaycan və Sinqapur G – 20 zirvəsinə dəvət olundu. Bir sözlə, bu toplantının nəticələri barədə fikir bildirərkən demək lazımdır ki, obrazlı desək, Azərbaycan 10 xallıq sistem ilə elə 10 bal da qazandı.
 
-Deputat Fəzail Ağamalı “Beynəlxalq Bank”ın keçmiş sədri Cahangir Hacıyevi “quldur” adlandırıb. Son olaylarda bəlli olub ki, Eldar Mahmudovun dəstəsi ölkənin bank-maliyyə sisteminə nəzarəti ələ keçirmək istəyində imiş...
 
-Biz Azərbaycanın bank sisteminin nöqsanları və ehtiyaclarıyla bağlı öz fikirlərimizi bildirmişik. Şəxsən mən az qala 7-8 ildir deyirəm ki, Azərbaycanın bank sisteminin çox ciddi və köklü islahatlara ehtiyacı var. Bu, yalnız bank faizlərinin yüksək olması ilə məhdudlaşmır. Ümumiyyətlə, bankların likvidliyinin təmin edilməsi, dayanıqlı dövriyyə vəsaitlərinin yaradılması, bankların birləşərək iri banklara çevrilməsi kimi vacib məsələləri hər zaman parlament tribunasından və mediaya açıqlamalarımdan dəfələrlə dilə gətirmişəm. Siz də bilirsiniz ki, Cahangir Hacıyevin rəhbərliyi altında “Texnikabank” necə müflis edilərək ələ keçirilib. Amma gec də olsa ədalət bərpa olundu və köhnə bankir öz yerinə qaytarıldı. Mən Etibar Əliyevi uzun illərdi tanıyıram, həmin bankı qurub yaradanlardan biridir və sırf bank işçisi, yüksək ixtisaslı mütəxəssisdir. Belə peşəkarları kənarlaşdırmaq öz mənfi nəticələrini verməliydi və verdi də.
O ki qaldı bank sistemindəki problemlərə, etiraf edilməlidir ki, onlar kifayət qədər çoxdur və günü-gündən də bu problemlərə yenisi əlavə olunur. Bank sistemində olan rüşvət, korrupsiya, “şapka”lar bu sistemi acınacaqlı duruma gətirib. Bu azmış kimi bank sisteminə düzgün nəzarət mexanizmləri də yoxdur və bu da əlavə problemlərə gətirib çıxarır.
 
-Bəzi iqtisadçılar Elman Rüstəmovu qınayırlar ki, ölkənin bank sistemində yaşanan xoşagəlməz situasiyaya görə o günahkardır. Yəni o, doğrudanmı, tutaq ki, Etibar Əliyevin necə müflisləşdirilməsindən, digər bankların məlum bandanın girovuna çevrilməsindən xəbəri olmayıb...?
 
-Ölkənin pul-kredit sisteminə rəhbərliyi də, nəzarəti də Mərkəzi Bank həyata keçirdiyi kimi onlar da yaşananlara görə məsuliyyət daşıyırlar. Hansı banklarda maxinasiyalar həyata keçirilirsə, obrazlı desək, kimlərsə saman altdan su yeridirsə, əlbəttə ki, Mərkəzi Bankın bundan xəbəri olmalıdır. Çünki Mərkəzi Bankın səlahiyyəti var ki, istənilən bankda monitorinq həyata keçirsin və tələblərə cavab verməyən bankların lisenziyası əlindən alınsın. Elman Rüstəmovun özü bir bankir kimi peşəkardır. Mən onu 92-ci ildən tanıyıram və bu sahənin mütəxəssisi olduğuna da şübhəm yoxdur. Elman Rüstəmovun bütün bu müddət ərzində gördüyü işləri də qiymətləndirmək lazımdır. 2008-ci ildən üzü bəri dünyadakı maliyyə böhranlarından Azərbaycanı maksimum itkisiz çıxarmaqda da onun xidmətləri az deyil. Amma onu da etiraf etmək lazımdır ki, əgər hər hansı bir bankda bu cür hallar baş verirsə, yəni bankların fəaliyyətinə yuxarıda deyildiyi kimi qanunsuz olaraq kənar müdaxilələr edilirsə, Mərkəzi Bank bunu bilməli və qarşısını almalıdır. Ola bilməz ki, Mərkəzi Bank rəhbərliyi bunu bilməsin və baş verənlərdən xəbərləri olmasın. Əgər xəbərləri yoxdursa, deməli, Mərkəzi Bank səhvlərə yol verib. Ona görə də hesab edirəm ki, bütün bu xoşagəlməz halların qarşısı vaxtında Mərkəzi Bank tərəfindən alınmalıydı.
 
-Əgər bunu müəyyənləşdirmişdilərsə, dərhal prezidentə məruzə edilməli deyildi?
 
-Tamamilə doğrudur. Prezidentə çıxmaq çətin oldusa, heç olmasa Prezident Administarsiyasına çıxılmalıydı ki, vəziyyət belədir. Yəni müəyyən instansiyalar var ki, bu problemlər əndazəni aşmadan vaxtında öz həllini tapa bilərdi. Çox təəssüflər olsun ki, belə bir şans qaçırılıb.
 
-Problemli kreditlərdən yaxa qurtarmaq üçün nə etmək lazımdır? Problemdən çıxış yolu nədədir?
 
-Mənim qənaətimə görə, görünür bu problemli kreditlər məsələsini birdəfəlik həll etmək istəmirlər. Bu problemi kökündən həll etmək üçün problemli kreditlərin yaranma mənbələrinə baxmaq lazımdır. Əgər sən millətə-istər hüquqi, istər fiziki şəxs olsun- 30-35 faizlə kredit verirsənsə, bunu qaytarmağın mümkün olmayacağını əvvəlcədən bilirsən və ya bilməlisən. Əgər sən mənim əmanətimi 9-10 faizlə qəbul edirsənsə, sonradan həmin pulu mənə 30 faizlə verirsənsə hansı ədalətən və halallıqdan dəm vurursan? Məsələnin kökü bax burdadır.
İkincisi də siz fikir verdinizsə, cənab prezident də problemli kreditlər məsələsinə qarışdı, müəyyən tapşırıqlar da verildi, hətta səs-küylü həbslər və istintaqa cəlbetmələr də oldu, amma yenə də heç bir irəliləyiş olmadı. Əksinə, problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Son vaxtlar qaytarılmayan kreditlərin həcmi 1 milyard 370 milyon idisə, artıq 1 milyard 400 milyonu keçib. Deməyim odur ki, bu məsələnin üzərində ciddi düşünmək və müvafiq tədbirlər görmək lazımdır. Elə kreditlər də var ki, onların qaytarılma ehtimalının sıfıra bərabər olduğunu hamı bilir. Elə kreditlər var ki, onları alanlar təyinatı üzrə istifadə etməyiblər. Bunlarla bağlı sərt cəza tədbirləri görmək lazımdır. Eyni zamanda verilən kreditlərin çox ciddi monitorinqi aparılmalıdır ki, onu götürən adam doğrudanmı təyinatı üzrə xərcləyir, yoxsa şəxsi mənafeyi üçün sabah qaytarılması mümkünsüz olan yerlərə sərf edir. Amma çox vaxt kredit verənlə alanın maraqları üst-üstə düşdüyü üçün buna nəzarət edilmir, nəticədə ölkənin bank sistemi çox ciddi zərbələr alır.
Təbii ki, bütün günahları bankların üzərinə atmaq da doğru olmazdı. 21 fevral devalvasiyasından sonra bankların çətin günlər yaşadığını da hamımız bilirik. Mən bir neçə dəfə Milli Məclisdə təklif etmişəm ki, gəlin bankların rəhbərlərini dəvət edək, qapalı müzakirələr aparaq, qoy onlar öz dərdlərini açıq şəkildə desinlər, qanunsuz müdaxilələri göstərsinlər, bank faizlərinin bu qədər yüksək olmasının obyektiv və subyektiv səbəblərini qoy açıq desinlər, amma çox təəssüflər olsun ki, bu təklifim keçmədi və belə bir dar çərçivədə ölkənin bank sektorunun problemləri mövzusunda dinləmələr təşkil edilmədi. Çünki bunu etsəydik, ümumi mənzərə bizim üçün tam aydın olacaqdı və onun qarşısını almaq üçün yollar arayıb tapmaq mümkün olacaqdı. Bəlkə doğrudan da siz dediyiniz kimi, banklara qanunsuz müdaxilələr var, bəlkə onları sıxırlar, rüşvət alırlar, qanunsuz yollara təhrik edirlər, bütün bunlara aydınlıq gətirilə bilərdi. Mən parlamentin növbəti iclasında yenə bu məsələni qaldıracam və tələb edəcəm ki, bank rəhbərlərini parlamentə dəvət edərək onları dinləyək.
 
-Bu günlərdə parlamentin növbəti çağırış payız sessiyasının ilk toplantısı keçiriləcək. Çıxış imkanınız olsa hansı məsələləri qaldıracaqsınız?
 
- Məni bir iqtisadçı kimi ən çox narahat edən məsələ ölkədə qeyri-neft sektorunun inkişafındakı ləngimələrdir. Neftin qiymətinin kəskin aşağı düşməsi şəraitində bu sahəyə 10 qat diqqət ayrılması vacibdir. Biz təxirəsalınmaz tədbirlərə əl atmasaq iqtisadiyyatımızda şokterapiyalar baş verə bilər və manatın ikinci şok devalvasiyası qaçılmaz olar. Ola bilsin ki, bu məsələləri operativ həll etmək üçün bir şura da yaratmaq mümkündür. Mən cənab prezidentə də çox minnətdaram ki, son vaxtlar kiçik və orta sahibkarlılğın inkişafı üçün taleyüklü qərarlar verdi. Nəticədə sahibkarların yoxlanılmasında iki illik fasilə yarandı. İndi elə etmək lazımdır ki, sahibkar bu dəstəyi hiss edə bilsin, müdaxilələr tamamilə aradan qaldırılsın ki, sahibkarlar dirçələ bilsinlər. 
 
“Hürriyyət”