PROBLEM PUTİN DEYİL, RUSİYADIR! – “Rusiya heç zaman demokratik ölkə olmayacaq”

 Rusiyaya qarşı ABŞ tərəfindən yeni sanksiyaların irəli sürülməsi iki ölkə arasındakı münasibətlərin kəskin gərginləşməsinə gətirib çıxarıb. Bu cür pisləşmə soyuq müharibənin qurtarmasından sonra müşahidə edilməyib. Tərəflər bir-birlərini ittiham edərək, bəyan edirlər ki, münasibətlərin yaxşılaşmasına çalışırlar və onlar arasındakı düşmənçılık arzuolunmaz bir haldır.
 
Lakin ABŞ-da əksəriyyət münasibətlərin pisləşməsində Rusiya prezidenti Vladimir Putini günahlandırır. Əslində isə, iki ölkə arasınadakı əməkdaşlıq münasibətlərinin təbiəti heç vaxt asan və uzunmüddətli olmayıb. Amerikanın problemləri təkcə Putinlə yox, ümumiyyətlə Rusiya ilə bağlıdır. Bu iki ölkə arasında münaqişə ABŞ-ın 19-cu əsrin sonlarından böyük dövlət olmağa qədəm qoymasından və onların Mancuriya üstündə Rusiya imperiyası ilə təsir uğrunda rəqabətə girişdiyi zamandan başlayır.
Bəlkə də qlobal hadisələr rəqabətin xüsusiyyətini dəyişib və texniki tərəqqi onun təhlükəliliyini artırıb. Amma fikir ayrılıqlarının sferası – dəyərlər sistemi, təsir zonası, dünyanın necə qurulması prinsipi əvvəlki kimi öz yerində qalıb.
Rusiyanın ABŞ-ın daxili işlərinə qarışması, haradasa təzə bir şeydir. Bu təhlükə SSRİ-dəki kommunist idarə etməsinin bütün 74 ili boyunca mövcud olub. Vaşinqton və Moskva dünyadakı artan gərginlik və qarmaqarışıqlıq şəraitində daha balanslaşdırılmış münasibətin qurulması vacibliyini etiraf etməlidirlər.
Vaşinqton və Moskvanın qarşılıqlı əlaqələri, təsvir edildiyi kimi, dostcasına və uzunmüddətli olmayıb. Hətta İkinci Dünya Müharibəsi zamanı, anti-Hitler koalisiyası çərçivəsində də, onlar bir-birlərinə şübhə ilə yanaşıblar. Müharibə birlikdə yox, paralel aparılıb və sonda isə hər şey müqavilə imzalanması və bir-biriylə mübarizə aparan iki düşərgə arasında Avropanın bölünməsi ilə yekunlaşıb.
Sovet İttifaqının dağılmasından sonra daha yaxşı dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf edəcəyinə bağlanan ümüdlər, çox tezliklə xəyala döndü.
ABŞ-ın fikrinə görə, onların İkinci Dünya Müharibəsindəki qələbəsinin başlıca anlamı ondan ibarətdir ki, Qərbə sülh və çiçəklənmə gətirən liberal-demokratik prinsiplərə və sərbəst bazar qanunlarına söykənən dünya nizamını Rusiya və digər ölkələr də qəbul etməlidir. Yəni belə çıxır ki, onların bundan savayı hansısa xüsusi bir seçimləri yoxdur.
Rusiya Vaşinqtonun layihəsini dəstəkləməsə də, Sovet İttifaqı çökəndən sonra sosial–iqtisadi dağıntılara məruz qaldğına görə, onu qəbul etməyə razı olub.
Ancaq Putin zamanında Rusiya iqtisadiyyatında dirçəlmə baş verdiyinə görə, tarixi fikir ayrılıqları və münasibətlərdəki gərginlik yenidən baş qaldırdı. Ukrayna böhranının başlarında bu fikir ayrılıqları özünün ən yüksək zirvəsinə çıxdı və demək olar ki, münasibətlərdə tamamilə dağılma yarandı. İlk olaraq Vaşinqton sərt həqiqəti qəbul etməlidir: Rusiya heç zaman Qərb strukturuna uyğun gələn liberal demokratik ölkə olmayacaq!
Rusiyanın dünya arenasındakı əhəmiyyətli iştirakı, onun Avropanın düz mərkəzində yerləşən uğurlu coğrafi mövqeyinə, nüvə arsenalına və nadir təbii resurslarına bağlıdır.
Biz hələ onun döyüş qabiliyyətli ordusundan, dünya səviyyəli diplomatik korpusundan, mühüm tapşırıqların reallaşdırılması üzrə yeni texnologiyaların tətbiqi sahəsindəki böyük təcrübəyə malik elmi yaradıcılıq cəmiyyətindən danışmırıq. Rusiyanın, həmçinin kiber məkanda da nailiyyətləri var. Bundan sonra da düşüş yaşayacağının proqnozlaşdırılmasına baxmayaraq, Rusiya əvvəlki kimi böyük oyunçu olaraq qalacaq.
Vaşinqtonun Rusiya ilə qarşılıqlı fəaliyyət göstərməkdən başqa seçimi yoxdur. Və bu halda Vaşinqton öz qarşısında sual qoymalıdır – Avropada möhkəm və dayanıqlı təhlükəsizlik sisteminin yaradılması üçün böyük əhəmiyyət daşıyan, lakin Qərbə yad olan dəyərləri təbliğ edən, həmçinin də dünyanın digər strateji mühüm regionlarında Amerika ilə rəqabət aparan böyük və güclü ölkə ilə necə münasibət qurmaq lazımdır?
Variantlardan biri cəza tədbirləriylə, möhkəmləndirilən sanksiyalar vasitəsilə izolyasiya siyasətidir. Bu gün ABŞ siyasi sinfi məhz belə tədbirlərə üstünlük verir. Lakin Vaşinqton dünyanın böyük iqtisadiyyatlarından birini tamamilə izolyasiya edə bilmir, xüsusən də indi. Çünki Qərb dövlətlərindən savayı, dünya arenasında iri çəkiyə malik olan Çin və Hindistan Amerikanın arxasınca getmək niyyətində deyillər.
Ümumi yekunda sanksiyalar ümüdləri doğrultmur. Ona görə ki, Rusiya hesab edir ki, ortada duran məsələ onun həyati vacib maraqlarıdır (Ukrayna məsələsi kimi).
Ən yaxşı variant isə, Moskva ilə praqmatik münasibətlərin dəstəklənməsi və geniş miqyaslı münaqişlərdəki riskləri minimuma endirmək üçün, gücünü geosiyasi rəqabət müstəvisində rəqibin qarşısını ala biləcək məsələlərə yönəltməkdir. ABŞ özünün həyati vacib maraqlarını qətiyyətli şəkildə qorumalıdır, lakin bununla yanaşı, əgər onların əsas prinsiplərinə xələl gətirmirsə, digər məsələlər üzrə də, kompromislərə getməyə hazır olmalıdır.
Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin tamamilə bərpa olunmasına israr etməklə yanaşı, həm də Moskvaya çatdırmaq lazımdır ki, ABŞ Ukraynanın NATO-ya üzvlük məsələsinə alternativlər gətiricək və Rusiyanın buna qarşı olduğunu da nəzərə alacaq.
Bu cür ruhda digər vacib məsələlərə də baxmaq olar. Ciddi qlobal təhlükələr – kütləvi qırğın silahlarının yayılması, beynəlxalq terrorizm, iqlim dəyişikliyi və sairə problemlər, Rusiya və ABŞ daxil olmaqla, bütün böyük dövlətlərin birlikdə fəaliyyət göstərməsini tələb edir.
Vaşinqton və Moskva dünyada artan iğtişaşlar fonunda daha balanslaşdırılmış münasibətlərin qurulmasının vacibliyini etiraf etməlidirlər. Belə bir addımın atılması, hər iki ölkəyə tarixi fikir ayrılığını gizlətmədən öz maraqlarını qorumaq imkanı verər.
(“Politico”-ABŞ)