“Prezidentin xanımı bizdən xəbərsiz “talkuçka”ya getmişdi” - Elçibəyin mühafizəçisi

Baxış sayı:
6102

Mərhum prezident Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi Oqtay Məmmədov bu günlərdə dünyasını dəyişən Həlimə Əliyeva barədə xatirələrini Teleqraf.com-a danışıb. 
Muxalifet.az müsahibəni oxucularına təqdim edir:
- Oqtay bəy, əslində üzdə görünməsəniz də, Elçibəy ailəsinə ən yaxın şəxslərdən biri siz olmuşunuz. Həlimə xanım yaddaşınızda necə qalıb?

- Həlimə xanım yaddaşımda əsl türk xanımı, ailəsi və övladları ilə məşğul olan azərbaycanlı xanımı kimi qalıb. Sizə Həlimə xanımla bağlı maraqlı bir epizod danışım: Bir gün rəhmətlik bəy mənə sual etdi ki, uşaqlara haradan ayaqqabı almaq olar? Məndə soruşdum ki, bu sualı niyə verirsiniz, sizə ayaqqabı lazımdır? Əbülfəz bəy bildirdi ki, uşaqlarının ayaqqabıları köhnəlib və onlara təzə ayaqqabı almaq lazımdır. Sonra bir daha sual etdi ki, camaat ayaqqabını haradan alır? Mən də bildirdim ki, adətən, “talkuçka”dan alırlar. Nəzərə alın ki, o zaman ayaqqabılar ancaq “talkuçka”larda satılırdı. Mən Bəyə dedim ki, uşaqların ayaqqabılarını ölçülərini mənə deyin, bu işlə məşğul olum. Ticarət Nazirliyinə deyəcəyik, ayaqqabıları gətirəcəklər, pulunu da ödəyəcəyik. Bəy dedi ki, qətiyyən elə şey eləmə. Səhəri gün prezidentin ailəsinin sürücüsü mənə dedi ki, Əhmədliyə “talkuçka”ya gedirlər. Dedim, necə gedirsiniz, nə üçün bizə məlumat verməmisiniz? Bildirdi ki, Həlimə xanım onu çağırıb deyib ki, uşaqlara ayaqqabı almaq üçün Əhmədliyə getməlidirlər. Mən məcburi şəkildə mühafizə xidmətinin əməkdaşlarını göndərdim, dedim kənardan prezidentin ailəsini mühafizə edin, amma yaxınlıqlarında əsla görünməyin. Həlimə xanım görməsin ki, ətrafında mühafizəçilər gəzir. Həlimə xanım belə xarakterli qadın idi. Görsəydi ki, ətrafında mühafizəçilər var, bunu deyər və sonra söz-söhbət yaranardı. Biz məcbur idik ki, mühafizəni təşkil edək. Çünki kimsə bilərəkdən onlara yaxınlaşa bilər və beləcə, böyük hay-küy qopa bilərdi. Çox sadə xanım idi, sadə yaşamağı sevirdi. Seyid nəslindən olduğu üçün özünü belə məsələlərdən bir az da qoruyurdu. Ancaq eyni zamanda çox mehriban, ciddi və gülərüz idi.

- Övladlarının qayğıları, gündəlik problemləri ilə daha çox Həlimə xanım məşğul olurdu?

- Bəli, sırf özü məşğul olurdu. Bəy əsasən, uşaqları ilə görüşür, söhbət edir, dərsləri ilə maraqlanırdı. Əslində Əbülfəz bəy daha çox rezidensiyada olurdu, arada uşaqlar ona baş çəkir və ya özü uşaqları görməyə gedirdi. Bəyin vaxtı yox idi ki, uşaqların cari problemləri ilə məşğul olsun. Bu məsələ Həlimə xanımın öhdəsinə düşmüşdü. Adətən, bəy yayda uşaqlarla daha çox məşğul olurdu.

- Həlimə xanım siyasətə heç meyl etmirdi?

- Yox. İnanın ki, Mən heç vaxt onun siyasət haqqında danışdığını görməmişəm.

- Siz prezidentlə xarici səfərlərə gedirdiniz və ya xarici prezidentlər ölkəyə səfərlər edirdi. Bu səfərlərdə Həlimə xanım heç vax iştirak etməyib?

- Xeyr, heç bir səfərdə və qonaq qarşılama mərasimində Həlimə xanım iştirak etmirdi.

- Bu onun şəxsi arzusu ilə belə olurdu?

- Mən bunu deyə bilmərəm. Ailə üzvləri arasında heç vaxt problem olmayıb. Bunun rəhmətlik Bəyin, yoxsa Həlimə xanımın qərarı olduğunu dəqiq deyə bilmərəm. Ancaq siyasətə meyl etməyən xanım idi.

- Hakimiyyətdə olduğunuz müddətdə Həlimə xanım dövlət adamları ilə əlaqə saxlayıb, nəsə soruşur və ya söz deyirdimi?

- Yox. Heç mühafizə onun yaxınlığında görünmürdü.

- Bir illik hakimiyyətiniz dövründə Prezident Aparatına da gəlib-getməyib?

-Mən daima Əbülfəz bəyin yanında olmuşam. Bu müddətdə də Həlimə xanımın aparata gəldiyini görməmişəm. Mən görməsəm belə, əgər gəlsəydi, mənim xəbərim olardı.

- Övladları gəlirdi?

-Yox, uşaqları da heç vaxt Prezident Aparatına gəlməyib. Uşaqlar adətən, rezidensiyaya gəlirdi. Bu da nadir hallarda olurdu. Həm də nəzərə alın ki, o zaman Bəyin uşaqları çox kiçik idi. Ərturqutun 5-6 yaşı olardı. Çilənay bir az böyük idi, 12-13 yaşında olardı.

- Əbülfəz bəy, rezidensiyada tək qalırdı?

- Bəli, tək qalırdı.

- Buna səbəb nə idi?

- Bəy işləyirdi. Hələ Elmlər Akademiyasında işləyən dövrdə onda bir iş vərdişi yaranmışdı. Gecə saat üçə, dördə qədər sənədlərlə işləyirdi. Həm də sənədləri özü işləməyi sevirdi, kiməsə tapşırmırdı. İş qrafiki çox ağır idi. Bəlkə də buna görə uşaqlarına əziyyət vermək istəmirdi.

- Həlimə xanım Kələki dövründə də Bəyin yanında deyildi?

- Yox, Kələkidə birgə yaşadılar. Həlimə xanım Kələki dövründə Bəyin yanında idi və bir çox şeyləri özü hazırlayırdı. Bakıya qayıtdıqdan sonra da buradakı evdə birgə yaşadılar. Amma Ankarada xəstəxanada Həlimə xanım yox idi. Həlimə xanım mənim yaddaşımda bizim dədə, baba xanımlarımız kimi qalıb.

- Həlimə xanım son 30 ildə bir dəfə də olsun, mətbuata açıqlama, müsahibə verməyib. Buna səbəb nə ola bilərdi?

- Məncə, bu onun şəxsi qərarı idi. Kimsə onu məcbur edə bilməzdi ki, mətbuata danış və ya danışma. Bildiyiniz kimi, Həlimə xanım bəyin vəfatından sonra heç vaxt mətbuata danışmadı. Əsasən, oğlu Ərturqut və ya kürəkəni Aqil Səmədbəyli danışardı. Qızı Çilənay nadir halalrda danışıb.

- Prezidentin xanımı olasan siyasətə, mətbuata meyl etməyəsən. Bu, qəribə deyilmi?

- Prezidentin özü də çox sadə idi. Məsələn, biz bir il prezidentlə hər gün bir yerdə olmuşuq. Ancaq siz mənim fotomu çox nadir hallarda görə bilərsiniz. Yəni nə kadrlarda, nə də fotolarda məni görmək çətin məsələdir. Biz əməkdaşlarımıza da deyirdik ki, gözə görünməyin, vəzifəmiz fotolara düşmək deyil. Mühafizə çalışırdı ki, diqqət cəlb etməsin. Rəhmətlik Bəyin özü də gözə girməyi, diqqət mərkəzində olmağı çox sevmirdi. Məsələn, bir dəfə təklikdə dedim ki, Bəy, niyə müsahibələr vermirsiniz. Dedi ki, Oqtay, axı biz nə iş görmüşük ki, durub müsahibələr verək, televiziyalardan düşməyək? Dedi, əvvəl ciddi bir iş görüb başa çatdırmalı, sonra xalqın qarşısına alnıaçıq çıxmalıyıq. İndi mən çıxıb nə deyəcəyəm? Onsuz da işimizi hələ başa çatdırmamışıq. Ancaq görünür, topluma belə sadə insanlar lazım deyildi.