Prezidentin sərəncamı neçə min adamın maaşını artıracaq? - ŞƏRH

Baxış sayı:
2276

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub.
 
Qeyd edək ki, hazırda minimum əməkhaqqı 116 manatdır.
Prezidentin sərəncamını Qaynarinfo-ya şərh edən iqtisadçı ekspert Vüqar Bayramov minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə qədər artırılması üçün hökumət tərəfindən tədbirlərin görülməli olduğunu bildirib:
"Minimum əməkhaqqının 116 manatdan 130 manata artırılması rəsmi statistikaya əsasən 145 min vətəndaşın əməkhaqqısına təsir göstərəcək. Bu o deməkdir ki, 145 min vətəndaşın əməkhaqqılarında artımlar müşahidə olunacaq. Eyni zamanda nəzərə almalıyıq ki, beynəlxalq standartlara görə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmalıdır. Bu baxımdan güman edirəm ki, hökumət üçün də əsas məqsədlərdən biri minimum əməkhaqqının mövcud orta aylıq əməkhaqqının 60 faizinə, yəni təxminən 315 manata çatdırılmasına nail olmaqdır. Hökumət çalışmalıdır ki, növbəti mərhələlərdə minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqi beynəlxalq standartlara uyğunlaşdıra bilsin. Təbii ki, minimum əməkhaqqının artırılması digər ödənişlərə də təsir göstərəcək. Çünki bir sıra ödənişlər var ki, onların məbləği birbaşa minimum əməkhaqqı məbləği ilə müəyyənləşir. Eləcə də özəl və dövlət sektorlarında əməkhaqqılarının rəsmiləşdirilməsi sözügedən rəqəmdən aşağı olmayacaq.
Minimum əməkhaqqı ilə yanaşı eyni zamanda pensiya məbləğinin orta aylıq əməkhaqqıdakı artım faizinə yanvar ayında indeksasiyası həyata keçiriləcək. 2017-ci ildə hələlik orta aylıq əməkhaqqında artım 7 faiz olub, bu isə o deməkdir ki, ilin sonuna qədər artım faizi dəyişməzsə, pensiya məbləğlərinin 7 faizə indeksasiyası həyata keçiriləcək. Bu da 250 manat alan pensiyaçının pensiya məbləğinin 17 manat 50 qəpik artması anlamına gəlir. Əvvəllər pensiyaların baza hissəsi əvvəlki ilin inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunurdusa, indi artıq bu mexanizm dəyişərək orta aylıq əməkhaqqındakı artıma indeksasiya olunub, eyni zamanda təkcə baza hissəsi deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunub. Artıq vətəndaş öz pensiya məbləğini tam olaraq indeksasiya etməklə pensiyasındakı artımı müəyyənləşdirə bilər".