“Prezidentin parlamenti buraxmaq imkanı yoxdur...” - DEPUTAT

Baxış sayı:
12110

Mahir Dərziyev: “Müxalifətin məqsədi xalqı küçəyə tökmək, cəmiyyətdə qarşıdurma yaratmaq və sonra növbədəkənar parlament tələbi ortaya qoymaqdır”

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci tura qalması dünyanın diqqət mərkəzində olan məsələlərdən biridir. Çünki əsas rəqiblər, yəni hazırda iqtidarda olan hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə müxallifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında birinci turun nəticələrinə görə 1% səs fərqi olması ikinci turda seçkilərin çox gərgin keçəcəyini deməyə əsas verir. Yəni 1% səs fərqi namizədlərin ikisinə də şans yaradır ki, hansısa biri prezident olsun. Bu şans həm də Gürcüstanda iqtidarla müxalifətin “ölüm-dirim mübarizəsi” hesab olunur.
Amma proseslər onu göstərir ki, hazırda iqtidarda olan “Gürcü arzusu” çətin durumdadır. Çünki birinci turda prezident seçilə bilməyn xanım Salome Zurabişvili ikinci turda da qalib gələ bilməsə, prezidentlik institutunun “Gürcü arzusu”nun əlindən çıxmasına səbəb olacaq ki, bu da müəyyən qədər hazırkı iqtidarın mövqeyini laxladacaq. Hətta bu, “Gürcü arzusu” Partiyasının hakimiyyətdən tam uzaqlaşdırılması ilə də nəticələnə bilər. O baxımdan, birinci turda prezident seçilə bilməyən S.Zurabişvili ilə hakim “Gürcü arzusu” Partiyası arasında müəyyən narazılıqların olduğu da mətbuata sızmaqdadır.
Maraqlıdır ki, ikinci tura qaldıqdan sonra hakim partiya öz mövqeyində hər hansı bir dəyişiklik edə bilərmi? Bu və digər suallara cavab almaq məqsədilə Gürcüstanda baş verən prosesləri daha yaxından izləmək imkanına malik olan, “Gürcü arzusu” Partiyasının deputatı Mahir Dərziyevlə söhbətləşdik.
(Əvvəli bu linkdə:http://muxalifet.az/demokratiyanin-daha-da-glismsi-namin-gurcu-arzusu-namizd-irli-surmdi-mahir-drziyev.html )
- Yeri gəlmişkən, son günlər Zurabaşvili ilə hakim partiya daxilində fikir ayrılığı olduğu da səslənir. Bütün bunlar növbəti seçki prosesinə nə kimi təsir göstərə bilər?
- Bilmirəm dediyiniz məlumatı haradan alırsınız. Ola bilər, müxalifət tərəfindən zaman-zaman mətbuata yanlış informasiyalar sızdırılır. Guya, Zurabişvili ilə “Gürcü arzusu” arasında qarşdurma, ziddiyyətlər mövcuddur. Bəli, Kaxa Kaladzenin belə bir bəyanatı oldu ki, seçkinin bu şəkildə olmasında Salome Zurabişvilinin namizədliyi rol oynadı. Belə bir şey olub. Amma Kaxa Kaladze ondan sonra demişdi ki, Salome Zurabişvilinin birinci turda qalib gəlməməsinin başlıca səbəbi onun özünü cəmyyətə yetərincə təqdim edə bilməməsidir. Zurabişvili ilə “Gürcü arzusu” arasında heç bir qarşdurma, fikir ayrılığı yoxdur. Dünənki (red-ötən həftə) görüşdə bu, bir daha təsdiq oldundu. Birmənalı olaraq bizim bizim komanda, yerlərdəki fəallarımız Salome Zurabişvilini dəstəkləyirlər. Biz ikinci turda bizim namizədin xeyli səs fərqi ilə oppenentə qalib gələcəyinə əminik.
-Mahir müəllim, artıq müxalifət tərəfdarları seçkinin nəticələrini indidən bayram etməkdədirlər. Bu, mətbuatda gedən müsahibələrdən aydın görünür. Burada Bakradze və digər müxalif partiyaların dəstək bəyanatı əsas rol oynadı. Siz necə düşünürsünüz, qələbəyə sevinmək üçün tez deyil?
- Çox tezdir. Yəqin eşitmiş olarsınız, bizm tərəflərdə dağa, yaylağa gedəndə nənələr inəyi sağırlar, nəvələr vedrəni aparanda deyirlər, “ay uşaq, yavaş elə cınqırı calayarsan”(red- gülür). Azər Süleymanovla müxtəlif partiyalarda olsaq da, dostuq, yaxşı münasibətlərimiz var. Azərlə görüşəndə deyirəm ki, a bala, yavaş elə cınqırı calayarsan. Deməli, bunların taktikası nədən ibarətdir? Bunlar gözəl bilirlər ki, seçkidə qalib gəlmək üçün yetərincə resursları yoxdur. Yeri gəlmişkən, Azərlə hərdən görüşəndə deyirəm, Azər, 2024-cü ilə baxın, yəni 2020-ci ildə də sizə fürsət yoxdur. Bunların taktikası bəlli siyasi texnologiyalardır. Yəni bilirsiniz ki, Saakaşvili və ətrafında olanlar “rəngli inqilablar” üzrə Sorosun məktəbini əla qiymətlərlə oxumuş insanlardır. Bunlar bilirlər ki, labüd olaraq bu seçkilərdə qalib olacağıq. Düzdür, keçən seçkidə bizim müəyyən səhvlərimiz oldu. İnşallah, biz onu qısa vaxtda düzəldəcəyik. Komandada heç bir panika yoxdur və nəticələrə də əminik. Sadəcə olaraq onların məqsədləri ölkədə vəziyyəti gərginləşdirmək, qarşıdruma yaratmaq və istənilən vasitələrlə xaqlı küçəyə yığımaqdır. İndidən özün deyirsən ki, deyirlər, biz onsuz da qalib gəlmişik, seçki saxtalaşdırılacaq. Mən heç Azərə rəva görməzdim, Azərbaycan mətbuatının hansınasa verdiyi müsahibədə deyib ki, biz hesab çəkəcəyik. Yəni hakimiyyətə gələn kimi “dar ağacları” qurulacaq. İndidən qisasçılıq, nifrət və bu kimi əhval-ruhiyyə Gürcüstan cəmiyyətinə yaxşı heç nə vəd etmir. Ölkədə sabitlik, əmin-amanlıq, asayiş bizim dəyər verdiyimiz məsələlərdir.
 -Biz də Azər Süuleymanovun verdiyi müsahibəni oxumuşuq. O, sizin dediyiniz mənada deməyib ki, hesab çəkəcəyəyik. O, deyir ki, işimizlə hesab çəkəcəyik…
-Yox. Sən bilmirəm hansı müsahibəni oxumusan?
-Həmin Siz dediyiniz müsahibəni oxumuşam.
-Olar. İşləri ilə nə hesab çəkəcəklər? Onların gördükləri işlər göz qabağında idi. Mən də bu ölkədə yaşamış adamam. Mənim Azərbaycanda müxalifətdə çoxlu dostlarım var, çox təəssüf edirəm ki, onlar da Saakaşvilini tərifləyirdilər, tərəfini tuturdular. Mən həmişə onlara deyirdim ki, bəli, “Qırmızı körpü”dən gəlib keçib, Qara dənizə qədər gedəndə bu ölkədə hər tərəf şüşələrdir, yəni fasadı yaxşıdır. Amma ölkədə yaşamaq çox çətin idi. Düzdür, mən vaxtilə Saakaşvilini hakimiyyətə gətirənlərdən biri olmuşam. O dövrdə mən 4 ilə yaxın Şevardnadzeyə qarşı müxalifətdə oldum. Saakaşvilinin etdikəri danılmazdır. Amma bu, ölkənin inkişafının labüd nəticəsi idi. Saakaşvilinin tarixi şəxsiyyət kimi də xidmətləri var. Amma onun sonra diktatorluq ambisiyaları, ölkədə mütləq, müstəbid rejim qurmaq cəhdləri və bu cəhdlərin də xeylisi qəbulolunmazdır. Bu gün bəzi eloğlularımız bizi nədə ittiham edir? Deyir ki, ə, dövlət boşalıbdır. Marixauna məsələsi cəmiyyətdə birmənalı qarşılanmır. Amma vaxtilə “bir çimdik şeyə” görə aparıb cavan uşağı 3-4 il türməyə soxub, orada həyatını puç edirdilər. Yəni türməyə girən adam orada islah olunub, çıxır. Bu kimi məqamlar var, olsun. Saakaşvilinin Gürcüstanda 15-20 faiz civarında sabit bir elektoratı var. Biz bunu gözəl bilirik, çoxdan təhlil olunub. Bu 15-20 faiz buna səs verə bilər. Açığı, 2012-ci ildə mənimlə bir komandada olan, bu gün incimiş adamlar var. Onların inciməyi o idi ki, biz niyə hakimiyyətə gələn kimi “rasionllar” deyilən adamları ayağından asmadıq.
 -Belə fikirlər də səslənir ki, prezident seçkiləri Gürcüstan üçün o qədər də əhəmiyyətli deyil. Bu haqda siz nə düşünürsünüz?
-Tamamilə doğrudur. Bizim səhvlərimizdən biri bizim yetərincə səfərbər olmamağımız oldu. Yəni Salome Zurabaşvilinin namizədliyi yox, əsas prezident institunun bu gün Gürcüstanda o qədər də önəmli olmayan bir institut olması ilə bağlı idi. Yəni bizim yerlərdə fəallar da, bilənlər də bilir ki, bu elə də səlahiyyəti olmayan institutdur. Amma müxalifət bunu tamam ayrı müstəviyə keçirdi. Hər şeydən öncə, bunlar elan etdilər ki, Saakaşvilini, həbsxanada olan Vano Merabişvili, Baçi Axalaia kimi adamları əfv edəcəklər. Əfv etməkləri ilə də Saakaşvilinin vətəndaşlığını qaytaracaqlar. Bu, siyasətə yol açmaq deyil. Bunu Gürcüstanda hamı dərk edib və mən əminəm ki, bu seçkilərin nəticələrinə çox böyük təsiri olacaq. Yəni bu ölkəni qarşıdurmaya, xaosa sürükləməkdir. Bu adamlar indidən deyirlər ki, biz xalqı küçələrə tökəcəyik. İstənilən halda bunlar vəziyyəti gərginləşdirməyə cəhd edəcəklər. Bu, artıq Gürcüstan seçicisinə, sıravi vətəndaşa getdikcə daha çox aydın olur ki, sadə görünən bu prezident seçkilərindən ölkə üçün hansı dəhşətli nəticələr doğa bilər. Bundan başqa, bunların planlarından bir də 2020-ci parlament seçkilərinə hazırlaşmaqdır.
- Elə Azər Süleymanov da deyib ki, prezident seçkilərindən dərhal sonra növbədənkənar parlament seçkiləri keçiriləcək...
- Hansı əsasla? Azərin dediyi boş şeydir. Mən ona həmişə deyirəm ki, Azər, boşboğazlıq etmə. Müxalifətdir, müxalifətin işidir, döşəməlidir. Populizm siyasətdə məqbul  şeydir. Amma Azər siyastçidir. Azər bilməlidir ki, hansı halda ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər.  Məsələn, biz bu işi Ermənistanda gördük. Nikol Paşinyan süni sürətdə parlament böhranı yaratdı və parlament buraxıldı. Gürcüstanda iki halda parlament buraxıla bilər:
1. Hökuməti müəyyən müddətdə təsdiq etmədikdə;
2. Yenə bəlli prosedur nəticəsində büdcə təsdiq olunmadıqda.
Bundan başqa halda qanuni, xalqın iradəsi ilə seçilmiş parlamenti buraxmağa heç kimin səlahiyyəti yoxdur. Yəni əvvəlki Konstitusiyada prezidentin parlamenti buraxmaq üçün müəyyən imkanları var idi. Mövcud Konstitusiyaya görə, ölkə prezidentinin parlamenti buraxmaq imkanı yoxdur. Burada müxalifətin məqsədi xalqı küçəyə tökmək, cəmiyyətdə qarşıdurma yaratmaq, vəziyyəti gərginləşdirmək və sonra növbədəkənar parlament tələbi ortaya qoymaqdır.
- Necə bilirsiniz, iqtidar bunun qarşısnı ala biləcək?

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org