​PREZİDENTİN MÜDAXİLƏSİ GÖZLƏNİLİR! - “Turan”ın ətrafında nə baş verir və Mehman Əliyev sərbəst buraxılacaqmı?

“Turan” agentliyinin rəhbəri Mehman Əliyevin saxlanılması məsələsinə Prezident İlham Əliyevin müdaxiləsi gözlənilir. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə xəbər verib. “Çox böyük ehtimalla, Mehman Əliyev Prezidentin müdaxiləsi ilə sərbəst buraxılacaq” – mənbə bildirib.

M.Əliyev dünən Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb və burda ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb. M.Əliyevin şübhəli şəxs qismində 48 saatlıq saxlanılmasına qərar verilib. O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Məntəqəsinə aparılıb.

M.Əliyevin saxlanılması müəmmalarla doludur. Ona qarşı belə sərt münasibəti anlamaq çətindir. Cənab Əliyevin rəhbərlik etdiyi agentlik son illərdə ictimai rəyə təsirini demək olar ki, tamamilə itirmişdi. Eyni zamanda, M.Əliyevin özü də bir xeyli ehtiyyatlı, korrekt mövqeyi ilə diqqətlərdən kənarda qalmışdı. Belə olduğu halda hakimiyyət ona qarşı niyə bu qədər sərt olsun? Başqa sözlə, M.ƏLİYEVİN HANSI FƏALİYYƏTİ VƏ KİMİ QƏZƏBLƏNDİRİB?
Bu suala ağılabatan cavab tapmaq çətindir. Hazırda M.Əliyevin saxlanılması ilə bağlı ən populyar versiya ondan ibarətdir ki, o, jurnalistlərə ev bölgüsü məsələsində Prezident Administrasiyasının təkliflərini rədd etdiyi üçün qəzəbə gəlib. Lakin bu versiyanı ciddi qəbul etmək mümkün deyil.  Xüsusən də nəzərə alsaq ki, M.Əliyevin PA-nın müvafiq şöbəsi ilə yaxşı münasibətləri olub, hətta bəzi siyasi məsələlərdə ondan müxalifət daxilində vasitəçi kimi istifadə olunub, belə xırda məsələyə görə ona qarşı belə sərt mövqe tutmazdılar.
Lakin çox əhəmiyyətli bir detalı diqqətdən yayındırmasaq, ehtimal irəli sürə bilərik ki, kimlərsə “Turan” agentliyinin fəaliyyətini davam etdirməsində maraqlı deyil. Məlum olduğu kimi, “Turan” agentliyinin kollektivi bu gün bəyanat yayıb ki, sentyabrın 1-dən agentliyin fəaliyyətini dayandıracaqlar. Bu bəyanatdan dərhal sonra M.Əliyevin sərbəst buraxılacağı haqda dövriyyəyə xəbərlər buraxıldı. /azpolitika.info/