Prezidentin köməkçisi arvadını necə öldürdüyünü açıqladı - Beş dəfə atəş açıb, ikisi...

Baxış sayı:
820

Keçmiş İran prezidentinin köməkçisi, Tehranın bələdiyyə başçısı Məhəmməd Əli Nəcəfi həyat yoldaşını öldürməkdə günahlandırılaraq həbs edilib.

Nəcəfi polis bölməsində verdiyi müsahibədə deyib ki, xanımı Mitranı mübahisə əsnasında təsadüfən öldürüb.

Həm bu müsahibə, həm də hadisənin özü İranda böyük mübahisələrə səbəb olub.

Dövlət televiziyasının müxbirinin Məhəmməd Əli Nəcəfidən aldığı müsahibə sosial mediada bir çox iranlı tərəfindən tənqid edilib.

Həmin müxbir cinayətlə bağlı hazırladığı xəbərdə Mitra Nəcəfinin öldürüldüyü silahı nümayiş etdirib.

O xəbərdə Tehran Təhlükəsizlik İdarəsinin nümayəndəsi general Rza Lütfiylə müsahibə də yer alıb. O, Nəcəfinin beş dəfə atəş açdığını, Mitra Nəcəfiyə iki güllə dəydiyini deyib.

Sosial media istifadəçiləri cinayətdə şübhəli bilinən Nəcəfiyə müsahibə boyu "hörmətlə yanaşılmasını" da tənqid ediblər.

Növbəti gün Nəcəfi məhkəməyə məhbus geyimində gətirilib. Onun bu geyimdəki şəklinin paylaşılmasını iranlılar müsahibənin doğurduğu narazılığı azaltmaq cəhdi kimi qiymətləndiriblər.

35 yaşlı Mitra bələdiyyə başçısının ikinci arvadıymış

35 yaşlı Mitra 67 yaşlı Nəcəfinin ikinci arvadıymış. İranda çoxarvadlılıq qanunla icazə verilən hal olsa da, onların arasındakı yaş fərqi də sosial mediada tənqid edilib.

İRNA xəbər agentliyinə müsahibə verən hakim Məhəmməd Səhriari son zamanlar Nəcəfiylə arvadı arasında problemlər olduğunu deyib.

Hadisə zamanı Mitra Nəcəfinin 13 yaşlı oğlunun da evdə olduğu bildirilir.

Nəcəfinin ilk evliliyindən olan qızı istintaqa verdiyi ifadədə Mitranın "İranda bir kəşfiyyat qrupuyla əlaqəli olduğunu" deyib.

Bunu Məhəmməd Əli Nəcəfi də iddia edib.

Mitra Nəcəfi

Nəcəfi islahatçılar qanadının tanınmış üzvlərindən idi

İslahatçılar qanadına yaxın şəxs kimi tanınan Məhəmməd Əli Nəcəfi 2018-ci ildə vəzifəsindən istefa verib.

Bununla bağlı rəsmi açıqlamasında o, səhhətindəki problemləri səbəb göstərib.

İstefadan dərhal sonra Nəcəfinin ikinci dəfə evlənməsi xəbəri yayılıb.

İslahatçı Həsən Ruhaninin qalib gəldiyi 2013-cü ildə Nəcəfi 7 ay prezident köməkçisi vəzifəsində çalışıb.

Amerikanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Massachusetts Texnologiya İnstitutunun (MİT) riyaziyyat fakültəsini bitirmiş Nəcəfi müxtəlif vaxtlarda fərqli nazirliklərə rəhbərlik edib.