Prezidentin gəncləşdirmə siyasətinə MÜQAVİMƏT - "Köhnələr" seçki prosesinə aşkar müdaxilə edir

Baxış sayı:
2923

Elşad Musayev: “Bu adamlar gedib nəticələri, götücələri ilə oynamalıdırlar”
 
Natiq Cəfərli: “Hakimiyyət daxili savaşın bitmədiyini düşünürəm”

 
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası 82 yaşlı Fəttah Heydərov və 79 yaşlı  akademik Ziyad Səmədzadənin deputatlığa namizədliyi qeydə alınıb. F.Heydərov 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olub. O, hazırda da Milli Məclisdə bu dairənin seçicilərini təmsil edir.
Akademik Ziyad Səmədzadə isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəddir.
Maraqlıdır ki, ölkə rəhbərliyi tərəfindən idarəetmədə, parlamentdə gəncləşdirmə siyasətinin aparıldığı yaxud aparılacağı vurğulanır. Ancaq yenə də ömrünün ahıl cağlarını yaşayan insanlar parlamentdə deputat kimi təmsil olunmağa çalışırlar.
Yaşlı adamların yenidən parlamentdə təmsil olunması ilə bağlı  münasibətini “Hürriyyət”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev dedi ki, bu, prezidentin gənclərin parlamentdə təmsil olunması ilə bağlı verdiyi vədlərə daban-dabana ziddir: “Bu, eyni zamanda Azərbaycan xalqının milli mənafeyinə, seçicilərin maraqlarına da ziddir. Həmin adamlar özləri özlərini, parlamenti buraxıblar. Həmin adamlar yenidən parlamentə seçiləcəkdisə, dövlətin milyonlarla vəsaiti  havaya xərclənəcəkdisə, bunların nə əhəmiyyəti var idi? Bu adamlar özləri özlərinə etimadsızlıq göstəriblər, bunlar islahatlara adekvat olmadığını etiraf ediblər.  Yəni mənəvi cəhətdən haqları yoxdur. Bunlar üçün namizədliklərini vermək ayıb olmalıydı”.
 
“Ağsaqqallar ağsaqqal örnəyi göstərməlidir”
 
Yaşlı deputatların yenidən namizədliyini verməsini çox pis örnək hesab edən Musayev vurğuladı ki, ağsaqqallar ağsaqqal örnəyi göstərməlidir: “İndi siz sual versəniz, çoxusu qoxusundan cavab verməyəcək ki, Kəmaləddin Heydərovun xətrinə dəyər və yaxud Ziyad Səmədzadə ilə bağlı klanın xətrinə dəyər. Elə  şey yoxdur, çox pis örnəkdir. Bu adamlar gedib nəticələr, götücələri ilə oynamalıdırlar. 82  yaşı var. Zorla hərəsinə bir dairə veriblər, belə şey olmaz. Onların əvəzinə xaricdə təhsil almış tələbələri keçirdəydilər. Türkiyədə təhsil alan bizim külli miqdarda gəncliyimiz var, orta yaşa gəlib çatıblar, onlardan parlamentə buraxardılar, biz etiraz etməzdik. Qətiyyən qəbul olunmaz haldır və hamı tərəfindən pislənilməlidir. Onsuz da Səmədzadən tutmuş hamısı xalqın səsi ilə seçilməyib. Alt paltarından çıxarılan səslərin hesabına seçilib”.
 
“İlham Əliyev çoxluğun prezidenti deyil, eyni zamanda həm də azlığın prezidentidir”
 
“Yeni Azərbaycan Partiyasının sədri hörmətli, cənab İlham Əliyevdir. Buna o partiyada kim müqavimət göstərir? Müqavimət göstərir, cəzalandırsın. Bu adam islahat elan edib və islahata adekvat da yeni intellektual gənclik və yaxud orta yaşlı nümayəndələr namizəd verilməlidir.  Görünür ki, burada şübhəli məqamlar çoxdur, ya İlham Əliyevi Yeni Azərbaycan Partiyasında bu namizədləri verən,  ondan sonra, illərlə bu mafioz oyunu oynayan adamlar aldadıblar, gözdən pərdə asıblar, ya səhlənkarlıq olub, ya da ümumiyyətlə, İlham Əliyev özü fikir verməyib, elə bu seçkini irəli çəkməklə, müxalifəti seysmik vəziyyətə salmaq niyyəti güdüb, yəni kim namizəd olur, olsun da. Amma İlham Əliyev islahat elan edib, israrla da bunu deyir və ölkədə də xeyli dəyişim var, Prezident Aparatına, ora-bura pis-yaxşı yeni adamlar gəlib. İndi bunun yaxşı işləyəni də, pis işləyəni də var, bunu bir tərəfə qoyaq. Amma bu naftalin iyi vermiş, köhnə adamları təzədən bir də deputat seç, belə şey etmək olmaz və Azərbaycanda cəmiyyətdə bir düşmən münasibəti yaradılır. Bu, səhvdir. Şəxsən mən düşünürdüm ki, İlham Əliyev fürsətdən istifadə edib ölkənin demokratik, müxalifət qüvvələri ilə bir körpü, dost munasibəti yaradacaq. Çünki bu gün güclü o demək deyil ki, hamını əzib keçəsən. İlham Əliyev çoxluğun prezidenti deyil, eyni zamanda həm də azlığın prezidentidir, onu nəzərə almalıdır. O, yalnız YAP-ın prezidenti deyil, bu ölkənin vətəndaşının, hamının prezidentidir”,-deyə partiya sədri əlavə etdi.
 
“Fakt odur ki, Yeni Azərbaycan Partiyası irəli sürür”
 
E. Musayev Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin köhnə komandanın seçkilərə qatılmağa və parlamentdə təmsil olunmağa məcbur etməsi haqda informasiyalara da münasibət bildir. O, bununla bağlı onda informasiyanın olmadığını bildirdi: “Yeni Azərbaycan Partiyasının İcra Aparatının rəhbəri var, Əli Əhmədov. Mənim informasiyama görə, icra işləri ilə o məşğul olur. Hər halda, namizədlərin irəli sürülməsini, təqdim etmə işini İcra Aparatında olanlar həyata keçirir. Mənim Ramiz Mehdiyevin hadisələrə müdaxilə etməsilə bağlı xəbərim yoxdur. Əgər köhnə adamlar namizədliyini irəli sürərsə, onu da mən  qətiyyətlə pisləyərəm. Məndə informasiya yoxdur, fakt odur ki, Yeni Azərbaycan Partiyası irəli sürür. Yeni Azərbaycan Partiyasının da İcra  Aparatı, yerli şöbələri var”.
 
“Hörmətli Cəmil müəllim ortaya mövqe qoysun”
 
E.Musayev başqa bir məsələni də nəzərə çatdırdı: “Bilmirəm, sizin qəzet bunu verəcək-verməyəcək, 9 saylı Binəqədi İkinci Seçki Dairəsində Milli Onkologiya Mərkəzinin direktoru hörmətli akademik Cəmil Əliyevin adından dövriyyəyə bir fikir buraxılır ki, nəyin bahasına olursa-olsun, o, buradan bir nəfər namizədi keçirəcək. Bunu dövriyyə buraxan adamlar müxalifətçi, demokratik qüvvələr deyil, bunu dövriyyəyə buraxan adam o namizədin özü, onun tərəfdarı, bir də onun təmsil etdiyi partiya ola bilər. Bu da Yeni Azərbaycan  Partiyasının təmsil etdiyi hakimiyyət təmsilçiləri olar. Əgər bu ölkədə doğrudan da kiminsə adından istifadə edirlərsə, onda hörmətli Cəmil müəllim ortaya mövqe qoysun, yox etiraz etmirsə, təsdiq edirsə,  biz öz işimizi bilək. Mən bu gün başqa bir müsahibə də verdim, dedim, bununla bağlı ölkə  prezidentinə də, hörmətli akademikə də müraciət edəcəm ki, ortaya konkret mövqe qoysunlar. Biri şeyxdir, öz qudasının oğlunu keçirdir, ondan sonra, cənubda kimisə keçirdir. Biri Kərəm Həsənovdur, qardaşının oğlu Malik Həsənovu keçirdir. Mən idman yarışında onu gördüm, o adam bir ölkənin bayrağını tanımır. 50 ildir Hacı Madəri keçirdirlər. Belə şey olur? Və yaxud da Fəzail Ağamalının Səlyanda nə işi var? Yaxud Sabirabadda 4 dairədə tamamilə o bölgəyə aid olmayan adamlar namizədliklərini veriblər.  İnsanları, heç kimi təhqir etmək olmaz. Yaxud da bizim dairənin ərazisində aidiyyatı olmayan adamları gətirib zorla keçirdiblər. Daha onda bu seçkiyə nə ehtiyac var idi? Yəni mən etiraz edirəm, səsimi çıxardıram. Açığı, mən müxalifətin etiraz edən səsiyəm. Mən əzilənlərin simvoluyam, təmsilçisiyəm. Heç bir partiya səsini çıxarmır, hamı  fikirləşir ki, sakitcə durum, bizə bir pay versinlər. Bu payla ölkəni irəli aparmaq olmaz. Əlbəttə, kimsə istəyirsə ki, bu hökumətə yaxşılıq etsin, səsini çıxarmalıdır”.
Partiya sədri İctimai televiziyada namizədlər üçün pullu efir vaxtının çox baha olmasına etiraz etdi:“İctimai  televiziya elə qiymət qoyub ki, o, faktiki olaraq bu millətin  səsinə qarşı genosid siyasətidir. İctimai televiziyanın başında duran adamı qovmaq lazımdır. Belə şey olmaz”.
 
“Heç kimə yaş senzi ilə əlaqədar qadağa qoyula bilməz”
 
REAL Partiyasının icra katibi Natiq Cəfərli  isə dedi ki, əslində, heç kimə yaş senzi ilə əlaqədar qadağa qoyula bilməz: “Yaş senzi ilə bağlı qadağa yaxud məhdudiyyət qoyulması özü də doğru bir yanaşma deyil. Sadəcə, keçmiş deputatların namizəd olmağa mənəvi haqları yoxdur. Çünki parlament buraxılarkən gətirilən əsas arqument ondan ibarət idi ki, bu parlamentin indiki tərkibdə işləmə qaydaları ölkədə aparılan (rəsmi açıqlamanı deyirəm, mən hələ ki, islahat olduğunu düşünmürəm) islahatlara ayaq uydura bilmir, onlara dəstək ola bilmir, ona görə, buraxılır. Siyasi nöqteyi-nəzərdən seçicilərə hörmətsizlik edərək, özlərinin buraxılmasına səs vermiş insanların yenidən  namizəd olması etik deyil. Yəni dünyanın heç bir ölkəsində belə bir məsələ ilə qarşılaşmaq mümkün olmazdı. Özlərinin normal işləmə qabiliyyətlərinin olmadığını və hətta aparılan siyasətə müəyyən maneçilik yaratdıqlarını etiraf edib, özlərinin buraxılmasına səs vermiş insanların yenidən namizəd olmasına siyasi etika nöqteyi-nəzərindən irad bildirmək olar. Amma kiməsə yaşına, hər hansı bir məsələyə görə qadağa qoymaq, yaxud onların namizədlikləri ilə bağlı hər hansı bir fikir yürütmək doğru deyil”.
 
“Seçici qərar verəcəksə, onun qərarı namizədin fəaliyyətinə və biliklərinə əsaslanacaq, onun yaşına yox”
 
“Ancaq parlamentin dəfələrlə gəncləşdiriləcəyi vurğulandı. O baxımdan, bu sualı qoyduq” dedikdə isə Cəfərli belə cavab verdi: “ Sualınızı anlayıram, doğru da sualdır. Amma problem başqadır. Problem odur ki, gəncləşdirmə siyasəti seçilərə yönəlik bir mesajda səsləndirmək olar, amma hər halda qərarı seçici verir. Prezidentin nə istəyib, istəmədiyindən asılı deyil. Yəni ola bilər ki, ümumi bir xətt olsun, hakim partiya idarəetmənin müxtəlif qollarının gəncləşdirməsi ilə bağlı bir siyasət apara bilər. Amma bu, seçicilərə tövsiyyə edilər bilər ki, hansısa bir siyasəti dəstəkləsinlər, lakin seçkilərdə seçici qərar verəcək. Seçici də qərar verəcəksə, onun qərarı namizədin fəaliyyətinə və biliklərinə əsaslanacaq, onun yaşına yox. Bu nöqteyi-nəzərdən deyirəm ki, seçicilərə qarşı da hər hansı bir tövsiyyə formasında ola bilər, amma hər hansı bir çağırış və seçiciləri yönləndirmək nöqteyi-nəzərindən doğru deyil”.
 
“Sistem daxili problemlərin ölkənin ciddi probleminə çevrilməsinə imkan vermək olmaz”
 
“Əslində bu sualın yaranmasının səbəbi var. Çünki cəmiyyətdə belə iddialar var ki, Ramiz Mehdiyev köhnə komandanın seçkilərə qatılmağa və parlamentdə təmsil olunmağa məcbur edir”  dedikdə Cəfərli qeyd etdi ki, ola bilər: “Mən də hakimiyyət daxili savaşın, bitmədiyini, eliatalararası müqavimətin  davam etdiyini düşünürəm. Belə bir ehtimal mümkündür və bunu heç kəs kənara atmır. Amma bu sistem daxili problemlərin ölkənin də ciddi probleminə çevrilməsinə imkan vermək olmaz. Sistem daxili qarşıdurma ölkənin daxilində ciddi qarşıdurma ilə nəticələnsə, bu, problemlər doğura bilər. Əgər buna gedəcəklərsə, sona qədər müqavimət göstərəcəklərsə, hər hansı bir formada bu günə qədər də yığdıqları maliyyə resurslarından istifadə edib, müəyyən addımlar atacaqlarsa, bu, artıq hakimiyyətin verəcəyi qərarlardan da asılı olacaq. Bugünkü hakim elita, yəni öz mövqeyini diktə edən prezident və onun komandası bunun qarşısını alacaqsa, alacaq, almayacaqsa, cəmiyyətdə “hələ də bu  tipli addımların qarşısını alacaq qədər güclü deyillər” fikri formalaşacaq”.
 
Şamo EMİN,
Hurriyyet.org