Prezident yumşaldı, söyüşcül icra başçılarına orden verdi - ƏVVƏL “VİCDANSIZ”, “SATQIN”, “SƏVİYYƏSİZ” DEMİŞDİ...

Baxış sayı:
10735

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Müstəqillik Günü ərəfəsində bir sıra məmurların və ictimai xadimlərin orden və medallarla təltif edilməsi haqda fərman imzalayıb. Virtualaz.org özbək mənbələrinə istinadən xəbər verir ki, siyahıda dövlət başçısının bu yaxınlarda sakinlərin evlərini sökdükləri üçün bərk danladığı bəzi icra hakimləri də yer alır.

Belə ki, Fərqana və Əndican vilayətlərinin icra hakimləri Şuxrat Qəniyev və Şuxrat Abdurahmanov “Əmək şöhrəti” ordeni ilə təltif olunublar. Bu icra hakimləri həm də tabeçiliklərindəki məmurları küçə söyüşləri ilə söyməsi ilə məşhurdur.

 

Avqustun 2-də isə prezident Mirziyoyev videoselektor müşavirəsi zamanı Fərqana vilayətinin başçısı Şuxrat Qəniyevi satqınçılıqda ittiham etmişdi, bildirmişdi ki, onunla birlikdə “böyük işlər” görmək mümkün deyil.

Prezidentin qəzəblənməsinin səbəbi Fərqana vilayətinin Riştan rayonunda evlərin kütləvi sökülməsi və nəticədə əhalinin kütləvi narazılığı idi.

“Sən də Ermanov kimi (Farxod Ermanov Xorəzm vilayətinin icra hakimidir,-red.) vicdansızsan, evlərin sökülməsi haqda axmaq qərar vermisən. Bu söküntüdən əvvəl yaxşı olardı ki, öz başını söküb atasan. Bəyəm mən bu qədər vaxtda səni buna görə yetişdirmişdim? Sən bütün Özbəkistanı biabır etmisən...Vicdansız, mən sənə Riştan üçün pul ayırdım ki, rayonu abadlaşdırasan, amma əvvəlcə insanlarla razılaşasan. Ermanov vilayətə təzə başçılıq edir, amma sən və Ruziyev satqınlarsınız. Bəyəm sizinlə böyük işlər görmək olar? Heç vaxt!”,-Mirziyoyev demişdi.

Prezident daha sonra insanları narazı salan icra hakimlərindən tələb etmişdi ki, çıxıb internetdə üzr istəsinlər. Onlar da buna əməl ediblər və sakinləri yığaraq üzr istəyiblər, müvafiq videonu internetdə yayıblar...