Prezident "qırmızı xətt"i AÇIQLADI: İşğal edilmiş ərazilərdə...

Baxış sayı:
9343

Xüsusi status haqqında yeni qanunda Donbasın muxtariyyətindən söhbət getməyəcək.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski press-marafonun gedişatında bildirib.
Prezident vurğulayıb ki, yeni qanunda heç bir “qırmızı xətt” keçilməyəcək.
“Biz bu qanunda muxtariyyət haqqında danışa bilmərik”, - prezident vurğulayıb.
Qeyd edək ki, ötən ayın sonu Donbas münaqişəsinin nizama salınması üzrə əlaqə qrupunun iştirakçıları regionun xüsusi statusu haqqında qanunun qüvvəyə minməsinin prosedurunu müəyyən edən “Ştaynmayer formulu”nu imzalayıblar.
Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir. Bununla belə, Rusiya xüsusi statusun verilməsini münaqişənin həlli və ərazinin Kiyevin nəzarətinə keçməsi üçün əsas şərt hesab edir.