“PREZİDENT OLMADAN DA İŞLƏMƏK OLAR” - Sahib Ələkbərov

Baxış sayı:
3049

Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Virtualaz.org bildirir ki, Respublika Velotrekində keçirilən yekun toplantıda federasiyanın baş katibi Fərhad Əliyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, ilin əsas hadisəsi Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına şose velosipedinin qrup ötüşməsində lisenziya qazanması olub: "Rio-2016" ilə müqayisədə Tokio olimpiadası üçün iştirakçı sayının 150-dən 130-a endirilməsi mübarizəni daha da çətinləşdirib. Bütün lisenziya yarışlarında iştirak edən yığma üzvlərimiz 894 xal toplayıb və dünya reytinqində 44-cü olmaqla arzuolunan lisenziyaya sahib çıxıb. Bu yarışlar zamanı millimizin lider idmançıları Elçin Əsədov və Samir Cəbrayılov Avropa, Asiya və Afrikada keçirilən yarışlarda 12 dəfə fəxri kürsüyə qalxıblar. Bundan başqa, gənc oğlan və qızlardan ibarət yığma komanda üzvlərimizdən Nəcəf Bağırov, Nikita Sitov və Lalə Əbdürəhmanova İran, Belçika və Türkiyədə keçirilmiş beynəlxalq yarışların qalib və mükafatçısı olublar". F.Əliyev deyib ki, il ərzində əldə olunan nailiyyətlər ölkə rəhbərliyinin də diqqətindən kənarda qalmayıb: "Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev yığmamızın baş məşqçisi Əbülfəz Məmmədovu mənzillə təltif edib. Bundan başqa, Gənclər və İdman naziri Azad Rəhimovun müvafiq əmri ilə Əbülfəz Məmmədova “Azərbaycanın Əməkdar məşqçisi”, ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədova isə “Azərbaycanın Əməkdar İdman Ustası” fəxri adı verilib". Ə.Məmmədov idmançıların beynəlxalq yarışlarda layiqincə çıxış etdiklərini vurğulayıb. O, "Tokio-2020"yə vəsiqə qazanan yığmanın yerli velosipedçilərdən təşkil olunmasını sevindirici hal kimi qiymətləndirib. İclasa yekun vuran AzVİF-in I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov növbəti ildə federasiyanın qarşısında duran əsas vəzifələrdən danışıb: "Elçin Əsədov Füzulidən olan məcburi köçkündür. O, sübut etdi ki, insan istəsə, hər şeyə nail olar. Şose növündə olimpiadaya cəmi 130 nəfər gedir. Onların içində Elçin də var. Ancaq o, buna tək nail olmadı, kollektiv əməyin nəticəsidir. Düzgün yanaşma, iradə və zəhmət olanda, nəticə əldə etmək mümkündür. Əsədovun Malayziyada birinci yeri tutması partlayış oldu. Onun bu uğuru ilə cənab Prezident də şəxsən maraqlandı. Əsədovun bizi olimpiadada layiqincə təmsil edəcəyinə inanıram. Velosiped idmanında 2 lisenziyamız ola bilərdi. Lakin Kirill Pozdnyakov özünün buraxdığı səhvlərə görə bu imkandan məhrum olundu". I vitse-prezident 2020-ci ildə federasiyanın maddi baxımdan probleminin olmayacağını söyləyib: "Pul çox olanda çox, az olanda az xərclənir. Ancaq vəsait əsas məsələ deyil. Önəmli olan düzgün istifadə etməkdir. Azərbaycanda velosiped idmanı üçün yaradılan şərait heç yerdə yoxdur. Bu, mənim yox, beynəlxalq qurumlarda çalışan rəsmi şəxslərin sözüdür. Bizim sponsorlarımız var, nazirlik də dəstək verir. Maddi baxımdan problem olmayacaq". S.Ələkbərov AVİF-in prezident postunun vakant olmasına da münasibət bildirib: "Bu, mənə aid sual deyil. Biz işimizi görürük. Üç ildir federasiya prezidenti olmadan işləyirik. Demək ki, bunsuz də olur. Əsas məsələ işlərin qaydasında getməsidir. Hər halda bu məsələ də həllin tapar". Sonda S.Ələkbərov il ərzində fərqlənən idmançı və məşqçilərə fəxri diplomlar təqdim edib. Qeyd edək ki, AzVİF-in prezidenti sabiq vergilər naziri Fazil Məmmədovdur.