Prezident Administrasiyasındakı struktur dəyişikləri islahatdırmı? – Ekspert rəyi

 Ölkə prezidenti İlham Əliyevin iyunun 1-də Prezident Administrasiyasının strukturunda dəyişiklik edilməsi barədə bir sıra mühüm sərəncamlar imzalaması ölkə gündəminin baş mövzusuna çevrilib, Prezident həmçinin özünə yeni köməkçilər təyin edib. Paralel olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyinat olub.
 
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov deyib ki, struktur dəyişikliyi administrasiyanın fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Bir sıra müşahidəçilər prezidentin son sərəncamını institusional islahatlar istiqamətində atılan mühüm addım kimi dəyərləndirir, eyni zamanda məsələyə 2018-ci il prezident seçkilərinə hazırlığın tərkib hissəsi kimi yanaşanlar da var.
 “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə məsələyə aşağıdakı kimi yanaşır: “Əslində struktur dəyişiklikləri hələ islahat deyil, islahatın müəyyən hissəsidir. Burada insan faktorunun işə salınması, müəyyən dərəcədə optimallaşdırılması hələ islahat deyil. İslahat o vaxt olur ki, real proqramlar həyata keçirilməyə başlayır, onun əsasında hər hansı bir sahədə hansısa dəyişikliklər baş verir. Keçən ilin payızında 12 yol xəritəsi hazırlanmışdı, nə qədər keyfiyyətli, ya keyfiyyətsiz olması başqa söhbətin mövzusudur. Amma onların işə salınması prosesi hələ ki yoxdur. Nəyə görə yol xəritəsinə diqqət çəkirəm? Çünki birinci vitse-prezidentə sosial və iqtisadi istiqamətlər həvalə olunub. Gözləmək lazımdır, ardınca da hökumətdə dəyişikliklər olacaq”.
M.Əliyevin hesablamalarına görə, bu proseslər real olaraq payızda başlaya bilər: “Əslində mən düşünürəm ki, bu, prezident seçkilərinə hazırlıqdır. O zaman seçkilərə təxminən bir ilə yaxın vaxt qalacaq. Yəni iqtisadi islahatların aparılması, həmin o yol xəritələrinin işə salınması və s. Burada əsas məqsəd seçicilərin rəğbətini qazanmaqdır. Həmçinin maksimal dərəcədə seçkiləri hay-küysüz, problemsiz, fövqəladə bir durumsuz keçirmək məqsədi daşıyır. Burada da çalışacaqlar ki, həmin seçici özü təzyiqsiz, güc tətbiqi olmadan, sərbəst qaydada öz seçimini etsin. Ona görə də islahatların aparılması zəruridir. Əslində bu gün Azərbaycanda hamını narahat edən əsas problem sosial-iqtisadi vəziyyətdir. Əgər bu istiqamətdə addımlar atılmağa və nə isə dəyişməyə başlasa, onda əlbəttə ki, seçici daha çox səs verməyə maraqlı olacaq”.