Prezident Administrasiyasında “Həsənov-Mehdiyev” tandeminin çöküşü - DAHA NƏLƏR GÖZLƏNİLİR...

Baxış sayı:
943

Prezident Administrasiyasında son qlobal dəyişikliklər bir  istisna olmaqla, ölkənin əsas idarəetmə orqanının bütün şöbələrini əhatə etdi.

Bir neçə şöbə ləğv edildi, digərlərində sıravi heyətdə ixtisarlar edildi və ya onların rəhbərləri dəyişdirildi.

Bu dəyişikliklər yalnız ərazi və təşkilati məsələlər şöbəsinə təsir göstərmədi. Beləliklə, bu şöbənin müdiri Zeynal Nağdəliyevin mövqeyinin möhkəmləndirildiyini deyə bilərik. O, əvvəllər də mühüm səlahiyyətlərə sahib idi, bu da idarənin keçmiş rəhbəri,  Nağdəliyevin qərarlarının qarşısını mümkün qədər almağa çalışan Ramiz Mehdiyevin qısqanclığına səbəb olurdu.

Z.Nağdəliyevin kadrla bağlı qərarlarının R.Mehdiyev tərəfindən sabotaj edilməsi,  “yalnış” kimi təqdim edilməsi və onun günahlandırılması halları az deyil.

Məsələn, bir neçə təyinatın qarşısı R.Mehdiyev tərəfindən alınmışdı, buna səbəb kimi  Z.Nağdəliyevin namizədlərinin “etibarlı olmaması” göstərilirdi. Buna əsas olaraq namizədlərin qohumlarının və ya yaxınlarının sosial şəbəkələrdə müxalif düşüncəli jurnalistlər və ya fəallarla ünsiyyətdə olması barədə xüsusi xidmət orqanlarının məlumatları götürülürdü.

Ancaq namizədin blok edilməsinin əsl səbəbi R.Mehdiyevin administrasiyadakı bütün təyinatları inhisara almaq istəyi idi.

Vaxtaşırı mətbuatda Z.Nağdəliyevin “yanlış” kadr siyasəti ilə bağlı məlumatlar gedirdi ki, ki, bu da artıq “Naxçıvan klanı”nın digər lideri Əli Həsənovun işi idi. Bu tandem illərdir ki, öz klanından olmayan gənc kadrların administrasiyaya gəlişinin qarşısını alırdı.

Son zərbə, daha doğrusu, Əli Həsənovun şöbəsinin dağıdılması müəyyən dərəcədə rəhbərliyin onun bütün “xidmətləri”nə verdiyi qiymət oldu.

“Mehdiyev-Həsənov” tandemi administrasiyaya nəzarət uğrunda mübarizədə öz rəqiblərinə Qərbin və ya Rusiyanın agentləri, Fətullah Gülənin və ya Azərbaycan müxalifətinin tərəfdarları damğasını vuraraq “batırmaq”dan çəkinmədi.

Bu qarayaxma kampaniyasında əsas rolu Əli Həsənovun nəzarətində olan KİV və telekanallar, habelə sosial şəbəkələrdəki trolllar ordusu oynadı.

Bir çox halda məhz belə “ideoloji” işin sayəsində Azərbaycanın imicinə böyük ziyan vuruldu. Bu uğursuzluğun son sübutu kriminal keçmişi olan şəxsin bloger adı altında xaricə göndərilməsi və Milanda erməni baş nazir ilə ictimai müzakirəyə çıxması oldu.

Cəmiyyətin lümpenləşməsi, telekanallar və KİV-dən aktiv istifadə etməklə mənəvi deqradasiya, “Həsənov-Mehdiyev” tandeminin cəmiyyət üçün qoyduğu ən nəzərəçarpan mirasdır. Bundan qurtula biləcəyikmi?

"Turan" İA