POST-SEÇKİ DÖVRÜ – Natiq Cəfərli yazır

Baxış sayı:
1740

Cəmiyyətdə hələ də ciddi cavabsız suallar var: Erkən seçki nədən oldu? Belə bərbad seçki olacaqdısa o mağmın parlament nədən buraxılmışdı? Son təyin olunan parlamentdə eyni sifətləri görəcəkdiksə bu boyda həngamə nəyə lazım idi? Bu seçkilərin qazanananı kim oldu? Son siyahı kim tərəfindən təsdiqləndi? Əvvəl düşündükləri ilə son nəticə eynimi oldu?
Heç kimə sirr deyil ki, orta, ortadan da bir pillə üst məmurlar arasında REAL-a simpatiya ilə baxan insanlar çoxdu, bizim əsas hədəf qrupumuz orta sinif olduğundan, bizim eybəcər sistemdə də orta sinif əsasən məmurlardan formalaşdığından bizim ideoloji və siyasi xətt onlara yaxındır. Seçkidən əvvəl o çevrələrdən gələn optimist ssenari belə idi: Seçkilər normal keçirilir, 10-15 arası müxalif, əsl müstəqil, peşəkar insanların Parlamentə seçilməsinə mane olmurlar - nəticədə ölkənin önü açılır, məmləkəyin sivil yolla dəyişməsi üçün Parlament əsl müzakirə, iqtidar-müxalifət dialoqunun mərkəzinə çevrilir, boykotçular həm mənəvi və siyasi məğlubiyyətlə üzləşərək marqinallaşır, siyasi səhnədə ciddi zəifləyirlər. Parlament nüfuz mərkəzinə çevrilir, ilk olaraq QHT, Siyasi Partiyalar haqqında yeni qanunlar qəbul edilir, daha sonra Konstitusiyaya mütərəqqi dəyişikliklər təklif olumur, proporsional seçki sistemi yenidən tədbiq edilir, referendum keçirilərək indiki eybəcər idarəetmə sistemi dəyişdirilir. Çünki bu gün iqtisadiyyatda atılmağa cəhd edilən istənilən pozitiv addım zay idarəetmə sistemi ilə toqquşub çilik-çilik olur. Bu sistem islahatları mümkünsüz edir. Həm də yeni parlament Qarabağ danışıqlarında ölkəyə edilən təzyiqləri neytirallaşdırmalı, dövlətin imicini yaxşılaşdırmalı idi.
Bu optimist ssenarini səsləndirənlər dediklərinə inanırdılar, çünki məntiq və siyasi gedişat da bunu diktə edirdi.

Əgər doğrudandan da belə bir ssenari var idisə, nədən baş tutmadı? Əgər gözləntilər doğrulmadısa deməli seçkini İlham Əliyev uduzdu, onun yeni komandası siyasi təcrübəsizliyi və dişsizliyi ilə kök atmış köhnə komandaya məğlub oldu. Çünki üst qatı təmizləmək azdı, orta və aşağı qat hələ də yeni komandanın nəzarətində deyil. Prezidentin 17 ildə çox səhvi olub, amma ən böyük səhvlərindən biri o oldu ki, 2003-2015-ci illərdə böyük neft pullatı dövründə ərtafından asılı olduğu üçün onların şişməsinə, böyük nüfuz, kapital yığmasına, hərəsi öz dövlət vəzifəsini şəxsi biznesinə çevirməsinə imkan verdi. Hər bir bu gün vurulmuş kimi görünən iri məmurun böyük kapitalı, dövlət vəzifələrində birbaşa ona tabe olan, onun sözünü dinləyən öz yaxın adamları var. İndi onları vəzifədən uzaqlaşdırmaq azdı, onların kök atmış, dövlət orqanlarına, müxalifətə, sivil topluma, mediaya yerləşdirdikləri adamları da qazıb üzə çıxartmaq lazımdır - bu isə riskdir. Köhnələrin pulu, hər yerdə öz adamları olduğundan yeni komandaya ən böyük təhlükə də məhz onlardan gəlir.

Beləliklə, əgər doğrudan da əvvəldə yazdığım optimust ssenari baş tutsaydı bu köhnə oyunçuların (iqtidar-müxalifət) sonu olacaqdı. Buna imkan vermədilər, verə bilməzdilər - nəticədə "islahat nağılı" bitdi, cəmiyyətin bir çox kəsmində iqtidara inamsızlıq artdı, seçki yolu ilə dəyişikliyin mümkünsüzlüyü tezisi, boykotçuların arqumenti gücləndi, ölkənin radikallaşması baş verdi, sivil dəyişikliklərin önü tıkandı. Deməli udan hələ ki, ölkəni köhnə qayda ilə idarə etmək istəyənlər oldu. Gücləri göstərdilər, prezident də heç nə etmədi, ya da edə bilmədi.
Son iqtidar-müxalifət dialoq söhbəti seçkilərdə baş verənlərin düzəldilməsi cəhdidir. Yeni komanda ayılıb təşəbbüs göstərmək istəyir, səmimi və qətiyyətli olsalar bəlkə nəsə edə bilərlər. Bunun üçün 27 ildi "Sprut" kimi kök atmış əsgi sistemi qazımağa özlərində güc tapmalıdırlar, "osminoqun" əl-ayaqlarını kəsməyə siyasi gücləri və qərarlıqları olmalıdı. Əsas döyüş sistem daxilində olmalıdı - bacaracaqlarmı? Bilmirəm, hələ ki, çox zəif görünürlər, hələ ki, siyasi qərarlılıq hiss edilmir, hələ ki "Sprutla" mübarizə aparmağa "Komissar Kataniləri" yoxdur. Belə...

Natiq CƏFƏRLİ
 
P.S. Lütfən ciddi müzakirə aparaq, düşünək, boş lağlağı edənlər, bəsid düşüncələri olanlar o yanda oynasınlar...