Poroşenkonun “Saakaşvili” riyakarlığı - Mişa vətəndaşlığını qaytara biləcəkmi..

Ukraynada "Yeni qüvvələrin əli" partiyasını yaradan Saakaşvili ölkəni Poroşenkodan "almağı" vəd etmişdi
 
Gürcüstanın sabiq prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko qarşı mübarizəni davam etdirmək üçün öz Ukrayna vətəndaşlığını bərpa etmək və Kiyevə qayıtmaq istəyir.
Ukrayna prezidenti Petro Poroşenko ötən gün onun ölkə vətəndaşlığından məhrum edilməsi barədə sərəncam imzalayıb.
"Sadə ukraynalının" video müraciətində Kiyev hakimiyyətinin köhnə tənqidçisi olan Saakaşvili, ölkədən qovulmasına səbəb müxalifətə keçməsi və etiraz nümayişlərinə hazırlanması olduğunu deyib.
O Poroşenkonu demokratiyadan uzaqlaşmaqda və hakimiyyəti qəsb etmədə ittiham edib.
"Mənim isə yalnız bir vətəndaşlığım var- Ukrayna. Onu məndən almaq mümkün olmayacaq", Saakaşvili deyib.
"Prezident Poroşenko Konstitusiyaya tüpürüb... Bu, Ukrayna cəmiyyətinə birbaşa və birmənalı siqnaldır- daha demokratiyada heç bir oyun olmayacaq", deyə Saakaşvili bildirib.
"Elə ki onlar başa düşdülər ki, biz (müxalifət) payızda küçələrə çıxmaq və cinayətkarlar arasında sövdələşməyə son qoymaq üçün birləşirik, qorxu sağlam düşüncəyə qalib gəldi", Saakaşvili Facebook sosial şəbəkəsində yazıb.
Poroşenkonun sərəncamı
Poroşenkonun Saakaşvilini ölkə vətəndaşlığından məhrum etməsi barədə Ukrayna dövlət miqrasiya xidmətinin saytında məlumat verilib.
"Prezident tərəfindən Ukrayna vətəndaşlığının itirilməsi barədə göstəriş verilib. Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən Saakaşvili haqqında hazırlanan materiallar Baş Prokurorluğa təqdim edilib. Daha sonra Ukrayna prezidenti yanında vətəndaş məsələləri üzrə komissiya təyin olunmuş qaydalar üzrə komissiyanın iclasında məsələni müzakirə edib",- deyə məlumatda bildirilir.
Saytda Poroşenkonun Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi barədə sərəncamı dərc edilməyib.
Ötən ilin payızında qubernator postunu tərk edən siyasətçi, Petro Poroşenkonu kəskin tənqid etmişdi. Vətənində ona qarşı cinayət işi qaldırılıb.
"Bunun doğru olduğunu mənə təsdiqləyiblər", -deyə Ukrayna parlamentinin deputatı, Radikal Partiyanı təmsil edən İqor Mosiyçuk Facebook səhifəsində yazıb.
"Saakaşvilini vətəndaşlıqdan məhrum ediblər və bu da onu sübut edir ki, prezident Petto Poroşenko nəhayət öz səhvlərini etiraf etməyə başlayıb".
Poroşenko 2015-ci ilin mayın 30-da Saakaşviliyə Ukrayna vətəndaşlığı verilməsi barədə sərəncam imzalayaraq, həmin günü onu Odessa vilayətinin başçısı təyin etmişdi.
Odessa qubernatoru postunda olan Saakaşvili yerli nümayəndələrlə münaqişə edərək, o cümlədən Poroşenko administrasiyasının ünvanına da kəskin bəyanatlarla çıxış edirdi.
O, prezidentin ətrafını rüşvətxorluqda ittiham edirdi.
Ötən ilin noyabr ayında Gürcüstanın keçmiş prezidenti qubernator postundan istefa verdiyini bəyan etdi.
Poroşenko iki gün sonra onun istefasının qəbul olunması barədə sərəncam imzaladı.
Saakaşvili həmçinin Ukrayna prezidentinin ştatdankənar müşavir postundan da kənarlaşdırıldı.
"Odessa yalnız Kiyev rüşvətxorlardan azad olunacağı təqdirdə inkişaf edəcək. Ona görə də mən bu vəziyyətdə istefa verməyə və yeni mübarizə mərhələsinə başlamağa qərar verdim ", - deyə Saakaşvili bildirmişdi.
Saakaşvili 2008-2013-cü illər arasında Gürcüstanın prezidenti olub. Daha sonra seçkilərdə məğlub olan Saakaşvili Ukraynaya üz tutub. Gürcüstan rəhbərliyi Saakaşvilinin təhvil verilməsinə çalışırdılar. Vətənində ona qarşı bir neçə cinayət işi qaldırılıb.
Saakaşvili haradadır?
İyulun 25-də Saakaşvili Facebook səhifəsində ABŞ-da olduğunu yazıb.
Ukrayna Ali Radasının deputatı, Petro Poroşenkonun blokunun təmsilçisi Serqey Lişenkonun fikrincə, Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi onun Ukraynaya qayıtmasına mane olmalıdır.
"Poroşenkonun Saakaşvili barədə ssenarisi: ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum etmək. Belə olan təqdirdə Saakaşvili fiziki olaraq Ukraynaya qayıda bilməz. Kiyevin Borispol hava limanında saxlanılacaq Saakaşvili ilk reyslə Gürcüstana ekstradasiya ediləcək. Faktiki olaraq Saakaşvilini Ameriakadan sığınacaq istəməyə və Ukrayna siyasətini unutmağa vadar edirlər ", - deyə Lişenko Facebook-da yazıb.