​Poroşenko həbsdən çıxan tatar liderlərə zəng etdi

Ukrayna Prezidenti Pyotr Poroşenko Krım Tatar Məclisinin həbsdən azad edilmiş liderləri Axtem Çiygöz və İlmi Umerovla telefonla danışıb.
Poroşenko hər iki lideri həbsdən azad olması münasibəti ilə təbrik edib və onları Kiyevə dəvət edib.
 “Çox şadam ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşmam reallaşıb. Biz o zaman bu razılaşmanı elan edə bilməzdik. Amma mən bununla bağlı Krım tatarlarının lideri Mustafa ağanı xəbərdar etmişdim”, – deyə Poroşenko bildirib.
Ukrayna prezidentinin mətbuat xidməti artıq Poroşenkonun Ukraynanın Türkiyədəki səfirliyinə Çiygöz və Umerovun tez bir zamanda Kiyevə çatdırılması üçün lazımı prosedurların həyata keçirilməsi haqqında tapşırıq verdiyini açıqlayıb.
Qeyd edək ki, Çiygöz və Umerov dünən Krımda həbsdən azad edilərək, Türkiyəyə göndəriliblər. Onları Ərdoğanın xahişi ilə Putinin əfv etdiyi haqda Mustafa Cəmilov məlumat vermişdi. Poroşenko da dolayısı ilə bunu təsdiqləyir.
Ancaq Rusiya Dövlət Dumasının üzvü Ruslan Balbek Çiygöz və Umerovun Krım müftisi Əmirəli Ablayevin xahişi ilə əfv edildiyini açıqlayıb.