“Pompeo təklif edib ki, bu dəfə Vaşinqtonda görüşək...” - YEREVAN İSƏ ŞƏRH VERMİR

Baxış sayı:
28285

ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda görüşməyi təklif edib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Varşavada keçirdiyi brifinqdə açıqlayıb.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən nazir  aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb.
"Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir", - E.Məmmədyarov deyib.
Ermənistan Xarici İşlər Nazirliyi isə Qarabağa dair nazirlər səviyyəsində növbəti görüşün Vaşinqtonda keçirilməsi təklifini şərh etməyib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, növbəti görüşün yeri və vaxtı rəsmən məlum olan kimi ictimaiyyətə bu haqda məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtona səfərinin hazırlandığı barədə məlumatlar var idi. Bu günlərdə Milli Məclisin üzvləri Asim Mollazadə və Səməd Seyidovun daxil olduğu nümayəndə heyəti Vaşinqtonda olub, Konqresdə və digər siyasi dairələrdə görüşlər keçirib.