Polşanın gizli qəhrəmanı, azərbaycanlı polkovnik: kod adı "Damazy" - ARAŞDIRMA

Baxış sayı:
469

Gənc zabit Varşavanın Belvedere saray kitabxanasında kitablarla məşğulkən saatı unudur, qəfildən vacib bir görüşü olduğunu xatırlayaraq yerindən qalxır və kitabxanadan tələsik çıxır. O qədər tələsir ki, hətta plaşını düymələməyə fürsət tapmır. Pilləkanları enəndən sonra isə bəlkə də orduda heç kimin başına gəlməyəcək bir təsadüflə qarşılaşır. Polşanın birinci adamı, ölkə və dünya tarixinin önəmli hərbçilərindən biri olan marşal Yozef Pilsudski onun qarşısında dayanıb.

Bu həmin Pilsudski idi ki, Qızıl Ordunu biabırçı bir şəkildə məğlub edib Stalini Polşaya buraxmamışdı. Əlbəttə polyak ordusunun zabiti üçün bu qarşılaşma çox fövqəltəbii bir hadisəydi. Bir neçə saniyəlik səssizlikdən sonra marşal plaşının yaxasını düymələməyi unutmuş, qəfil təsadüfdən ağappaq olmuş zabitə gülümsəyir və soruşur.

-O ən azından gözəldirmi?

-Bəli pan marşal, gözəldir.

-Onda get! Amma plaşını düymələ!

Pilsudskinin həyacanının səbəbini dəqiq təxmin etdiyi və anlayışla qarşıladığı bu zabit həmin dövrdə Polşa ordusunda xidmət edən, gələcək həyat yoldaşı Vanda Eminoviçlə görüşə tələsən, Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş zabiti Vəli bəy Yadigar idi.

Vanda Eminoviç

Bolşevik işğalından sonra öz ölkəsini tərk etmək məcburiyyətində qalan Vəli bəyin marşal Pilsudski ilə hələ iki görüşü olacaqdı. XX əsr Polşa tarixinin  ən önəmli generallarından və dövlət adamlarından biri olan Kazimierz Sosnkowski onun haqqında yazacaqdı. "Öz doğma ölkəsini unutmamaqla bərabər o Polşanın ən sadiq və böyük oğullarından biri idi".

Yadigarovlar

Vəli bəy Yadigar 1898-ci ildə Borçalının Təkəli kəndində Yadigarovlar ailəsində doğulub. Yadigarovlar Azərbaycanın ən köklü nəsillərindən biridir.  Onlar haqqında Abbasqulu ağa Bakıxanovun "Gülüstani İrəm" əsərində də məlumatlara rast gəlinir.

 "Fətəli xan, Azərbaycan və bəlkə də bütün İran işlərini nizama qoymaq xəyalı ilə Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da Sadiq bəy Yadigaroğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O qədim valilər nəslindən yadigar qalıb... Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadır. Səfir Sadıq bəy Nuxada (Şəkidə) xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu".

Sadıq bəyin böyük oğlu Ağacan Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını qurmuşdu. 1797-ci ildə İraklinin Sadıq bəyə, onun oğulları Ağacana, Mustafaya, Allahverdiyə, İsmayıla və onların varislərinə verdiyi imtiyaznamədə belə yazılıb.

“... Ağa Məhəmməd xan Tiflisi odlara qalayıb viranə qoyanda sən bizimləydin və nə qədər bacardın bizə kömək elədin, oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və bizə sədaqətlə xidmət göstərdilər. Tiflis dağıdılan vaxt sən çox şey itirdin, xatırlanan imtiyaznamələri də o vaxt itirdin. Cani-dillə, sədaqətlə xidmətini nəzərə alıb, həmin imtiyaznamələrin qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə bağışlayırıq”.

Vəli bəyin Varşavada tatar qəbiristanlığındakı məzarının üzərində polyakca "Ostatni książę Borçalo." yəni "Borçalının sonuncu şahzadəsi" ifadəsini görəndə də məhz bu tarixi xatırladım.

Vəli bəy adına xatirə lövhəsi

Yadigarovların sonrakı tarixində Azərbaycan Xalq Cumhuriyyəti önəmli yer tutur. Belə ki, bu nəsildən cumhuriyyət tariximizə yeddi hərbçi adı yazılıb. Poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar.

Üç ordunun zabit

Vəli bəy ilk hərbi təhsilini 1909-1915-ci illərdə Tiflis hərbi gimnaziyasında alıb. I Dünya müharibəsində iştirak edən gənc zabit çar ordusunda döyüşlərə qatılıb, məşhur Borusilov müdafiəsində iştirak edib.

1917-ci il bolşevik inqilabından və çar ordusunun dağılmasından sonra keçmiş çar zabitləri təqib olunurdu. Vəli bəy min bir çətinliklə Azərbaycana qayıdır və dərhal AXC-nin ordu sıralarına yazılır, Şəki süvari alayında eskadron komandiri vəzifəsində çalışır. Vəli bəyin ordu sıralarında fərqlənməsi 1920-ci il Novruz bayramı ərəfəsində ermənilərin Qarabağa hücumuna təsadüf edir. Şəki süvari alayı bu döyüşlərdə ermənilərə ağır zərbə vurur.

3-cü Şəki süvari alayının komandiri polkovnik Tonkiyev martın 26-da general-mayor Həbib bəy Səlimova göndərdiyi məktubda belə yazırdı: ...."Düşmənin çoxsaylı süvari dəstəsini başılovlu qaçmağa məcbur etmiş 1-ci yüzlüyün korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm".

Azərbaycan Qızıl Ordu tərəfindən işğal olunanda Vəli bəy Şəki süvari alayı ilə birlikdə Gürcüstana keçir və ordan da Türkiyəyə mühacirət edir. Bu vaxt Polşa, Fransa, Almaniya və digər Avropa ölkələri öz qapılarını mühacir hərbçilər üçün açmışdılar. Vəli bəy qardaşı Arçil bəy ilə birlikdə Polşanı seçir, 1921-ci ildə hər iki qardaş Polşaya gəlir.

Vəli bəy Yadigarın valideynləri, Sadiq bəy və Olga xanım.

Onun bu qərarı təsadüfi deyildi. Belə ki, anası Polşa tatarlarından olan Olqa Kroçibaşeva idi. Aşbazları Martin Yanitski də polyak idi və 1863-cü il polyak üsyanında iştirak eləmişdi.

Polşadakı "o türk"..

Məmməd Əmin Rəsulzadə marşal Yozef Pilsudskiyə ünvanladığı 1923-cü il tarixli məktubunda mühacir azərbaycanlı zabitlərin Polşa ordusuna qəbulunu xahiş edir və yazırdı: "Bu çox illərdən bəri bizim millətimiz arasında mövcud olan parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir."

Marşal Pilsudski isə bu məktuba "Mənim ən böyük arzum Azərbaycan ordusunun igid zabitlərini qoruya bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir",  deyə, cavab vermişdi.

Vəli bəy Yadigar Polşaya gələndən bir neçə il sonra polyak ordusu sıralarına qoşulur və hərbi təhsil alır. Bu illərdə tanış olduğu polyak qızı Vanda Eminoviçlə evlənir, hərbi akademiyanı bitirir və müxtəlif hərbi vəzifələrdə çalışır. 1934-cü ildə mayor rütbəsinə yüksəlir,

Maraqlı fakt ondan ibarətdir ki, marşal Pilsudski Qafqazdan gələn zabitləri şəxsən özü diqqətdə saxlayırdı.  Qeyd etdiyimiz təsadüfi görüşdən əlavə Vəli bəy Pilsudski ilə daha iki dəfə də görüşür. Türkiyədən Polşaya gələn nümayəndə heyətini qarşılamaq üçün marşala tərcüməçi lazım olur, Pilsudki "o türkü çağırın gəlsin", deyir. Həmin türk isə Vəli bəy Yadigar olur.

Üçüncü dəfə isə Pilsudskinin dəfnində "görüşürlər". Belə ki, marşalın dəfni zamanı hərbi qaravuldakı zabitlər arasında Vəli bəy də olur.

II Dünya müharibəsi və mühacirət..

Almanların Polşaya hücumu zamanı Polşa ordusunun böyük bir hissəsi əsir düşür. Əsir düşənlər arasında Vəli bəy Yadigar da var idi. Amma polyak olmadığı üçün almanlar tərəfindən "auslander" kimi azad edilir. Vəli bəy mübarizəni dayandırmır. 1940-cı ildə Varşavaya qayıdır və "Armia Krajowa"-ya (AK-Polyak Xalq Ordusu) bağlı, gizli "Jelen", yəni "Maral" alayını yaradır. 1942-ci ildə qızı Züleyxa Yadigar dünyaya gəlir. Həmin illərdə Vəli bəy və həyat yoldaşı Vanda  AK üçün gizli fəaliyyətlərdə iştirak edirlər.

Zuleyxa Maria Yadigar

"Anam "Maral"-da rabitəçi idi və bəzən gizli məktubları mənim uşaq arabamda aparırdı" -qızı Züleyxa Yadigar o günlər haqqında belə deyir.

Bu vaxt Vəli bəy Yadigar artıq polkovnik rütbəsinə yüksəlmişdi və öz alayından başqa həm də Baş Komandanlıqda süvarilər departmentinin sədri vəzifəsini yerinə yetirirdi. "Maral" alayındakı hər kəs polkovniki çox sevirdi. Hətta əsgərləri onu "ulduzu parlaq şəxs" adlandırırdılar, onunla əməliyyatlara qətiyyətlə və inamla gedirdilər. Onlarda belə bir inam formalaşmışdı ki, əgər Vəli bəy əməliyyatda iştirak edirsə deməli pis heç nə olmayacaq.

Yelen alayının bayrağı

Müharibənin sonlarına yaxın, sovetlər Polşanın şərq hissəsini tutanda Vəli bəy general Bor Komorowskidən Vyanaya getmək əmri alır. Daha sonra Varşava üsyanı başlayır və polkovnik təcili Varşavaya qayıdır. "Maral" alayının taleyi də digər polyak üsyançılarının taleyi kimi olur. Alayın Varşavadakı Gestapo binasına uğursuz hücumundan sonra böyük bir qismi almanlar tərəfindən məhv edilir. Bu vaxt Vəli bəy çarəsiz son əmrini verərək alayı buraxır və yaxınlaşan sovet qoşunlarının əlinə keçməmək üçün Varşavanı tərk edir. Bir neçə yer dəyişsə də axırda ailəsiylə birlikdə Argentinaya köçür. Burada o AK cəmiyyətini, Qafqazlılar dərnəyini yaradır.

Qızı Züleyxa Yadigar o günləri belə xatırlayır.

"Argentinaya gələndən dörd il keçmiş uzun və ağır xəstəlikdən sonra anam vəfat etdi. Onun ölümündən kiçik qızının bütün məsuliyyəti atamın boynuna düşdü. İş tapmaq asan deyildi, xüsusən də polyak ordusunun zabiti üçün. Bir müddət gəmidə yükdaşıyan kimi işlədi, daha sonra fabrikdə bir işə düzəldi, fəhlə kimi də çalışdı. O dövrdə Argentinadakı bütün polyak zabitləri bu cür işlərdə çalışırdılar. "

1971-ci ildə polkovnik Vəli bəy Yadigar Buenos Ayresdə vəfat edib və  ölməmişdən azad Polşada dəfn olunmağını vəsiyyət edib.

Varşava tatar qəbiristanlığında azərbaycanlı polkovnik

Polkovnikin bu vəsiyyəti 1990-cı ildə baş tutur. Onun və həyat yoldaşının məzarı Varşavaya köçürülür. Həmin vaxt Varşavada nəşr olunan "Zycie Warszawa" qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində bu  haqda yazır: "Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır..."

Vəli bəy Yadigar

Vəli bəyin məzarını tapmaq çətin oldu. Bələdçimiz yox idi, bunun üçün qəbiristanlığın az qala bütün məzarlarındakı adlara baxdıq. Müxtəlif dövrlərdə yaşamış Polşa tatar ziyalılarının adlarını oxudum. Məzarlıqda Türkiyə dövlətinin açdığı kiçik bir məscid vardı, ordan da soruşdum, bilən olmadı. Ən nəhayət daha yorulub getmək istəyirdik ki, son baxdığım məzar daşının üzərində "Wanda Eminowicz Jedigar" yazısını gördüm. Məzarın üstünü bütünlüklə kir və toz basmışdı. Su gətirib üstünü təmizlədik, bundan sonra yazılar daha aydın oxunmağa başladı. "Veli bek Jedigar" və "Wanda Eminowicz Jedigar". Beləcə "Borçalının son şahzadəsin"in son mənzilinə etdiyimiz ziyarəti də tamamlamış olduq.

Vəli bəyin hekayəsi öz dövründə müxtəlif səbəblərdən Azərbaycandan köçməyə məcbur qalmış bütün həmyerlilərimizin hekayəsi kimi kədərli bitib. Mənə görə bu qaçılmaz bir sonluqdur, çünki bunun səbəbi xalqların müstəqilliyini və azadlığını əlindən alınan Sovet İmperiyasının varlığını xeyli uzun bir dövrdə davam etdirməsi oldu. Bizim coğrafiyada bu taleyi bir çox millətlərin mühacirləri yaşadı. Amma polkovnik yeni həyat üçün getdiyi və özünə ikinci vətən bildiyi Polşada da qala bilmədi və heç aid olmadığı bir yerə getmək məcburiyyətində qaldı. Bu baxımdan onun hekayəsi ikiqat kədərlidir.

Polkovnikin polyak Minsk arxivində tapdığım fotosunda o və dərs dediyi polyak tələbələr var. Məni ən çox təsirlərindən bu foto oldu. Sonradan AK-yə qatılmış bu gənclərin adlarını Varşava üsyanı arxivində axtardım və nəticə gözlədiyim kimi oldu. Vəli bəyin bu tələbələrindən heç biri üsyandan sağ çıxmayıb.

Vəli bəy kadetlər korpusunda dərs deyərkən.

Polşada yaşadığım müddət boyunca bu ölkə ilə bizim tariximizin nə qədər oxşar olduğunu daha dərindən anlayırdım. Sovet İmperiyası hər iki ölkənin hərbçi elitasını çox pis şəkildə məhv elədi. Tək təskinliyimiz odur ki, hər iki tərəfdən də bu çətin dövrdə müxtəlif fədəkarlıqlar edərək təkcə öz ölkəsini düşünməyən və özünə bənzər taleyi yaşayan digərlərinə də yardım edən unudulmaz fərdlər olub.

Araz Bayramov, 
Xüsusi olaraq musavat.com üçün
Varşava, Polşa.

Yazıda istifadə olunan mənbələr.

1) Minskie Archiwum Cyfrowe.

2) Muzeum Powstania Warszawskiego, Archiwum

3) polonia-baku.org

4) Şəmistan Nəzirli "General Yadigarov qardaşları". Baku 2004