Polşada Qarabağ münaqişəsinin həllinə mane olan əsas səbəbi tapdılar - “ERMƏNİSTAN RUSİYAYA GÜVƏNİRDİ, BU DƏFƏ YANILDI...”

Baxış sayı:
1497

Azərbaycanla Ermənistan arasında iyulda yenidən kəskinləşən münaqişə, Tovuz istiqamətində baş vermiş toqquşmalar xarici analitiklərin diqqətini növbəti dəfə Qarabağ münaqişəsinə cəlb edib.

Polşa Radiosu Varşava İnstitutunun (Warsaw Institute) analitiki Qjeqoj Kuçinskinin dəyərləndirmələrini efirə verib.

Analitik münaqişənin tarixçəsini xatırladıb və deyib ki, atəşkəsin əldə edilməsindən sonra münaqişə gah kəskinləşib, gah səngiyib. 2016-cı ilin aprelində isə atəşkəs dövründə ən ciddi eskalasiya baş verib. Kuçinski 2020-ci ilin iyulunda münaqişənin yenidən alovlandığını, bu dəfə Ermənistan-Azərbaycan sərhədində toqquşmaların baş verdiyini xatırladıb.

Polşalı analitik münaqişə tərəflərinin qüvvələrini dəyərləndirərək deyib ki, son bir neçə ildə Azərbaycan neft-qaz gəlirləri sayəsind öz ordusunun modernizasiyasını və inkişafını maliyyələşdirə bilib. Nəticədə 90-cı illərin əvvəllərinə nisbətən bu münaqişədə qüvvələr balansı dəyişib. 10 milyonluq əhaliyə və 47 milyard dollarlıq ÜDM -ə malik olan Azərbaycan 3 milyon əhalisi və cəmi 10 milyard dollar ÜDM-i olan Ermənistanla müqayisədə daha böyük potensiala malikdir. Azərbaycanın müdafiə büdcəsi 2.3 milyard dollardır, Ermənistanda isə bu xərclər 600 milyon dollar təşkil edir. Bu da silahların alınması məsələsində aşkar disproporsiyaya gətirib çıxarır, üstəlik hər iki tərəf üçün əsas silah təchizatçısı Rusiyadır.

“Bu münaqişənin həllinə mane olan daha bir mühüm amil Rusiyanın mövqeyidir. Rusiya üçün indiki vəziyyət ən əlverişlidir, çünki daimi təhdidlər Yerevanı Moskva ilə bağlılığa məhkum edib. Məhz Ermənistandakı Rusiya hərbi bazası irimiqyaslı münaqişənin başlamamasının qarantıdır, eyni zamanda ola bilsin Türkiyənin bu münaqişəyə qarışmamasına qarantiya verir”,-polşalı analitik deyib.

Kuçinski qeyd edib ki, Qərb ölkələrinin bu məsələdə maraqları əsasən energetika ilə bağlıdır. Qərb üçün Xəzər regionundan neftin və qazın Avropaya nəqli çox vacidir.

Onun sözlərinə görə, bu münaqişədə Rusiyanın maraqları əhəmiyyətli rol oynayır. Ermənistanla hərbi ittifaqa baxmayaraq Rusiyanın Azərbaycanla münasibətləri də son illərdə xeyli yaxşılaşıb. Ona görə də Moskva eyni vaxtda iki cəbhəyə oynayır, hər iki tərəfi silahlandırır.

Kuçinski Türkiyənin rolu haqda danışarkən deyib ki, Ankara Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verir. “Amma mən düşünmürəm ki, Türkiyə bu münaqişəyə birbaşa qarışacaq, axı Azərbaycan onsuz da Ermənistan üzərində üstünlüyə malikdir. Ona görə də bu münaqişə irimiqyaslı müharibəyə çevrilsə kənardan ona heç kim birbaşa qarışmayacaq”,-analitik deyib.

Kuçinski iyulda baş vermiş toqquşmalarda bir neçə yeni xüsusatı qeyd edib Onun sözlərinə görə, birincisi budur ki, döyüşlər Qarabağdan aralıda baş verib. İkincisi, Rusiya bu hadisələrdə çox ehtiyatlı davranıb, ona görə də əgər Ermənistan Rusiyanın dəstəyinə arxalanırdısa, bu dəfə yanıldı.../Virtualaz.org