Polşa Prezidentinin təyyarəsi Rusiyada partladılıb - KOMİSSİYA RƏYİ

 Polşa prezidenti Lex Kaçinskinin qəzaya uğradığı təyyarənin qanadında partlayış izləri aşkarlanıb.
 
Bu nəticəyə Smolensk yaxınlığında baş verən aviaqəzanı araşdıran yeni Polşa komissiyası gəlib.
Ekspertlərin iddiasına görə, təyyarənin sol qanadının dağılmasına tozağacı ilə toqquşma səbəb olmayıb. Komissiyanın bəyanatında deyilir ki, qanad ağacla təmasdan əvvəl dağılmağa başlayıb və qanaddakı çoxsaylı zədələr partlayışın izlərini daşıyır.
Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə prezident və xanımı da daxil olmaqla, təyyarədəki 96 nəfər həlak olub. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi.
Smolensk vilayət administrasiyasından bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. 2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsi aviaqəzanın araşdırılması haqqında son məruzəni açıqlayıb və faciəyə görə pilotların məsuliyyət daşıdığını bəyan edib.
Polşa mütəxəssisləri isə Beynəlxalq Aviasiya Komitəsinin yekun rəyi ilə razılaşmadılar. Varşava Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham edib.
2015-ci ilin dekabrında Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında bildirib ki, Tu-154M təyyarəsi havada partladılıb. Onun sözlərinə görə, Polşa hökuməti bununla bağlı təkzibedilməz sübutlar əldə edib:
“Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb”.
Ötən ilin sentyabrında Polşanın müdafiə naziri Antoni Masereviç “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib ki, Tu-154M təyyarəsinin qəzaya uğradılması Moskvanın əsas hədəfi idi.
“Bizdə hazırda əsl sübutlar var. Onları Millerin (Smolensk qəzası ilə bağlı əvvəlki araşdırma komissiyası – red.) komissiyası gizlədirdi. Bizdə bu komissiyanın üzvlərinin dəhşətli etirafları var”, - Masereviç bildirib.
Bu ilin aprelində isə Polşa baş prokurorluğu qəzaya görə Rusiya dispetçerlərinin və “üçüncü şəxs”in ünvanına ittihamlar səsləndirib.