Polkovnik: "10 günə Qarabağı azad etmə tapşırığı..."

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün qarşıdakı aylarda baş tutacağı barədə verilən açıqlamalar çox keçmədi ki, təkzib edildi. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da bu günlərdə belə bir görüşün yeri və vaxtı ilə bağlı konkret məlumatın olmadığını bildirdi.
 
Əslində İrəvanın tutduğu aqressiv mövqe danışıqların bərpasının belə fayda verməyəcəyinə şübhə yeri qoymur. Realliq bundan ibarətdir ki, Ermənistan ötən ilin aprel döyüşlərindən sonra danışıqları birtərəfli qaydada dayandırıb. Düzdür, işğalçı Rusiyanın diktəsi ilə təşkil olunan danışıqlarda iştirakdan imtinaya cəsarət etməyib. Lakin ötən il iki, bu il isə bir - yenə də Kremlin arbitrliyi ilə - görüşü çıxmaq şərtilə, sonrakı təşəbbüslərə İrəvandan rədd cavabı verilib. İndi isə nəzərlər BMT Baş Assambleyansına yönəlib. Güman olunur ki, assambleya çərçivəsində tərəfləri heç olmasa XİN başçıları səviyyəsində bir araya gətirmək mümkün olacaq. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland də bu barədə danışmışdı. Diplomatın “biz yeni hərbi toqquşmaların ehtimalını azaltmalıyıq. İlk növbədə təmas xəttindən snayperlər götürülməli, beynəlxalq nəzarətçilərin sayını artırmalı və izləyici cihazlar yerləşdirməliyik” açıqlamasından belə aydın olur ki, həmsədrlərin niyyəti status-kvonun qorunub saxlanmasıdır. Hansı ki, bu vəziyyətin olduqca təhlükəli olduğunu elə böyük güclər də dəfələrlə bəyan edib.
Deməli, indiki vəziyyətdə masaya Azərbaycan üçün ideal sayılacaq həll variantının qoyulmasından söhbət gedə bilməz. Belə olan təqdirdə torpaqların azadlığına Azərbaycan beynəlxalq qanunlara uyğun şəkildə özü qərar verməli olacaq.
Əslində Azərbaycanın öz ərazilərini işğalçılardan təmizləməsı üçün yetərincə imkanları var, bunu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan ordusunun ön sıralarda qərarlaşması da təsdiqləyir. Üstəlik, orduda xidmətdən imtina edən erməni cəmiyyətindən fərqli olaraq, Azərbaycan xalqı son damla qanına qədər Qarabağın azadlığı uğrunda döyüşlərə hazır olduğunu dəfələrlə sübuta yetirib. Azərbaycan ictimai rəyi əmindir ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə savaşa başlasa, qısa müddətdə torpaqlarımızdakı düşməni əzib-keçəcək.
İki gün əvvəl Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olması da düşmənə ciddi xəbərdarlıq sayıla bilər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sdər müavini Aydın Mirzəzadə Modern.az-a bildirib ki, baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri Zakir Həsənovun cəbhə xəttinə səfər etməsi Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığının gücləndirilməsi istiqamətində görülən tədbirlərdən biridir.
“Azərbaycan müharibə vəziyyətindədir. Ermənistan isə işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Ona görə də problemin həlli üçün hər zaman hərb variantı daima gündəlikdədir. Ötənilki aprel hadisələri göstərdi ki, Azərbaycan bu gün düşmən ölkədən hərb sahəsində bütün parametrlərdə üstünlüyə malikdir. Ermənistan Azərbaycanın döyüş hazırlığından özü üçün bir nəticə çıxartmalıdır. Azərbaycan əbədi olaraq torpaqlarının işğal altında qalmasına dözməli deyil. Bu məsələ ölkə başçısının, cəmiyyətin və dövlətin daima diqqət mərkəzindədir. Biz problemin sülh yolu ilə həll olunmasında maraqlıyıq və bunun üçün maksimum səylər göstəririk. Amma Ermənistan bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla silahlanmaqla, döyüş hazırlığı yüksək olmaqla və hazırlığına dövlət tərəfindən diqqət yetirməklə hər an bu torpaqları hərb yolla azad etməyə hazırdır. Bununla belə Ermənistana yenə də şans verilir. Azərbaycanın sülh yolu ilə torpaqlarını azad etməkdə bütün fəaliyyəti şəffafdır”.
A.Mirzəzadə deyib ki, Yaqub Eyyubovla Zakir Həsənovun cəbhəyə hərbi formada səfər etməsi onu göstərir ki, hamı əsgərdir: “Hətta Azərbaycan prezidenti İlham Əliyev də cəbhə xəttinə səfər edərkən hərbi formada olur. Dünənki səfər Silahlı Qüvvələrin döyüş hazırlığı və döyüş bölgəsinə yaxın yaşayış məntəqələrində yaşayan sakinlərin problemlərinin həlli üçün vacibdir. Ermənistan ordusunun vaxtaşırı həmin yerləri atəşə tutması nəticəsində dağıntıların aradan qaldırılması, insanların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədi daşıyır”. Deputat bildirib ki, bu səfər Ermənistana ciddi mesajdır: “Bu, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə etdiyini bir daha sübut edir”.
 “Əgər son durumu analiz etsək, həm dövlət başçılarının, həm dövlət qurumlarının, həm də hərbi dairələrinin leksikonunda əlbəttə ki, daha çox güc variantı ilə bağlı ab-hava daha çox üstünlük təşkil edir. Danışıqlarıın bərpasına cəhdləri daha çox beynəlxalq qurumlar istəyir. Bu, heç də Azərbaycan və Ermənistanın cəhdləri kimi qiymətləndirilə bilməz”.
Bunu isə Horadiz əməliyyatının rəhbəri, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert dedi ki, aprel döyüşlərindən sonra Ermənistan artıq iç üzünü tam göstərib: “Həmin döyüşlərdən sonra İrəvanın mövqeyi onu göstərdi ki, bu ölkə heç vaxt sülh yolu ilə torpaqları azad etməyəcək. Yəni bu məsələ ilə bağlı suallara artıq aprel döyüşlərindən sonra birmənalı cavab aldıq. O döyüşlərdən sonra Ermənistan birmənalı şəkildə sülh danışıqlarındən uzaqlaşdı və heç bir danışıqlara getməyəcəyini bəyan etdi. Həmçinin bəyan etdi ki, Azərbaycan aprel döyüşləri zamanı azad etdiyi torpaqları azad etməyənə qədər Ermənistan danışıqlara qatılmayacaq. Bundan başqa, hər iki-üç aydan bir bəyan etdilər ki, biz həmin torpaqları ya yenidən işğal edəcəyik, ya da əvəzində Azərbaycanın başqa ərazilərini ələ keçirəcəyik. Hətta bu istiqamətdə bəyanatlarla yanaşı, konkret cəhdlər də oldu, düşmənin təxribat-diversiya qrupları çox fəal şəkildə hərəkətə keçdi. Amma Azərbaycan ordusu bu cəhdlərin qarşısını ala bildi. Ermənistan ordusu itkilər verəndən sonra isə artıq erməni cəmiyyəti ayağa qaxdı, ölkədə əsgər anaları dəfələrlə Müdafiə Nazirliyinin binası qarşısında piketlər keçirdilər, bundan sonra isə cəbhədə gərginlik nisbətən səngidi”.
Lakin Ş.Ramaldanov işğalçının özünün mənfur niyyətlərindən əl çəkmədiyini digər faktlarla konkretləşdirdi: “Bu hadisələrdən sonra Ermənistan Suriya qaçqınlarından muzdlu döyüşçü kimi cəbhədə istifadə etməyə başladı. Bütün bunlar onu göstərir Ermənistan sülh yolundan imtina yolunu seçib. Biz Ermənistan ordusunun vəziyyətini bilirik. Digər tərəfdən, Ermənistan cəmiyyəti dəfələrə tələb edib ki, onların uşaqlarının başqa ölkənin ərazisində xidmət etməsinə son qoyulsun. Erməni ailələri müxtəlif yollarla öz uşaqlarını əsgərlikdən yayındırırlar. Əsas məsələ budur ki, erməni gəncləri gedib Qarabağda xidmət etmək istəmir. Hətta hərbçilərə 10 min dollar vəd olunsa da, vəziyyət dəyişmədi. Yəni işğalçı ölkədə hərbi çağırışçılarla vəziyyət gərgin olaraq qalır. Bu ordu daha çox öz havadarlarına, ilk növbədə Rusiyaya arxalanır”.
Amma polkovnik torpaqların azqad olunmasının alternativini görmür: “Bugünkü vəziyyəti qiymətləndirəndə belə bir nəticə çıxarırıq ki, Ermənistan sülh yolu ilə həll variantına, Azərbaycanın təkliflərinə razı olmayacaqsa, Azərbaycanın güc yolu ilə torpaqlarını azad etməkdən başqa çıxış yolu qalmayacaq”.
Rusiya və ya başqa faktorlara gəldikdə, ekspert bunları bildirdi: “Birincisi, bizim Rusiya ilə çox yaxın münasibətlərimiz var, strateji tərəfdaşımızdır. Amma biz 10 gün - 2 həftəyə torpaqların işğaldan azad olunması tapşırığını yerinə yetiməliyik. Bu tapşırığı yerinə yetirsək, Rusiya faktoru minimuma enəcək. Lakin bu məsələ uzansa, Rusiya faktoru da, digər faktorlar da işə qarışacaq. Çünki Qarabağ məsələsində bir sıra beynəlxalq qüvvələrin ciddi maraqları var. O qüvvələr zamin durublar ki, məsələ ancaq sülh yolu ilə həllini tapacaq. Ancaq reallıq bundan ibarətdir ki, məsələnin sülh yolu ilə həlli imkanları tükənib. Ermənistan torpaqları azad etmək istəmir, Azərbaycan isə öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyini bəyan edir. Deməli, Azərbaycanın yeganə çıxış yolu budur ki, öz sözünü desin. Cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə həm hərbçilərlə görüşlərdə, həm də müxtəlif tədbirlərdəki çıxışlarında öz fikrini deyib. Şərait özü artıq buna gətirib çıxarır ki, Azərbaycan güc variantını seçməli olacaq. Əks təqdirdə biz Rusiya faktorunu nəzərə alıb nə qədər gözləyəcəyik? Artıq 23 il keçib”.
Peşəkar hərbçi öz təcrübəsindən konkret misal çəkdi: “1994-cü il Horadiz əməliyyatında o istiqamətdə 4 ay düşmən müdafiə işlərini həyata keçirmişdi, istehkamlar qurmuşdu, yəni müdafiə işləri bütün tələblərə uyğun təşkil olunmuşdu. Ancaq Azərbaycan ordusu 2 gün ərzində 23 yaşayış məntəqəsini, işğal olunmuş ərazilərin 27 km-lik dərinliyini azad etdi. 94-cü ildə aparılan əməliyyatı günlərə bölsək, görərik ki, indi də qısa zamanda bu tapşırığı yerinə yetirə bilərik. O zaman da Rusiya faktoru var idi, ancaq Azərbaycan ordusu qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldi. Biz o vaxt 2 gün ərzində 27 km dərinliyə doğru irəliləyə bilmişiksə, deməli, bu gün də Azərbaycan ordusu öz sözünü deməyə qadirdir. Bu gün işğal olunmuş ərazilərdə ən dərin istiqamət 100 km-ə yaxındır, günlərə böləndə məlum olur ki, bizim torpaqları azad etməyimimiz üçün neçə gün lazımdır”.
Horadiz təcrübəsi göstərir ki, Azərbaycan qısa müddətdə düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Xatırladaq ki, Horadiz əməliyyatı həyata keçiriləndə Azərbaycanın müstəqil ordusu hələ formalaşmamışdı, silah-sursat problemi yaşanırdı. Bu gün isə 26 yaşlı Azərbaycan ordusu ən müasir silahlarla, hərbi texnika ilə təchiz olunub. Deməli, Qarabağı işğaldan azad etmək üçün “ildırımsürətli müharibə” üçün 5 gün də kifayət edər. Hər halda cənab Ramaldanovun rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı bunu deməyə əsas verir...