Politoloqdan ŞOK AÇIQLAMA: “Klinton prezident seçilsə, Putini devirəcək”

“ABŞ-da noyabrın 10-da keçiriləcək prezident seçkilərinin favoriti Hillari Klintondur”.
Bunu publika.az-a açıqlamasında Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli bildirib.
Q.Hüseynli deyib ki, bu günlərdə keçirilən tele-debatda da Hillari Klinton rəqibi Donald Trampı 62 faiz səslə üstələyib: “Bütün bunlar təkcə Hillari Klintonun Donald Trampa çox güclü rəqib olması ilə bağlı deyil. Eyni zamanda, bu, Trampın Amerika cəmiyyətinə həddindən çox qeyri-populyar olması ilə bağlıdır. Baxmayaraq ki, Donald Tramp aşağı səviyyəli kütlə arasında böyük vədlər verməklə müəyyən səslər qazana bilir. Amma ABŞ cəmiyyətinin mütləq əksəriyyəti Trampı dəstəkləmir. Onlar düşünür ki, Donald Tramp intellektual səviyyəsi, siyasi bacarığı və təcrübəsinə görə ABŞ prezidentliyinə layiq deyil. Hətta, Trampın prezident seçildiyi təqdirdə ABŞ-ı böyük böhrana və çətinliklərə salması təhlükəsini düşünənlər var”.
Politoloq vurğulayıb ki, Hillari Klintonun qadın olması ABŞ cəmiyyətinə əlavə üstünlük verir: “Əgər Hillari Klinton prezident seçilərsə, o, ABŞ tarixinə ilk qadın prezident kimi düşəcək. ABŞ-da indiyədək qaradərili prezident olmamışdı, Barak Obama bununla tarixə düşdü. İndi isə Hillari Klinton tarixə düşə bilər. Çünki onun qadın prezident olaraq seçilməsi şansları kifayət qədər yüksəkdir. Digər tərəfdən isə Hillari Klintonun həyat yoldaşı Bill Klinton ABŞ-da 2 dəfə prezident seçilib. Hillari Klintonun özü isə 6 ilə yaxın ABŞ-ın dövlət katibi vəzifəsində çalışıb. Bütün bu məqamlar da Hillari Klintonun prezident seçilmə şanslarını artırır. Yəni, Hillari Klintonun dövlət idarəçiliyi sahəsində kifayət qədər böyük təcrübəsi olduğu üçün prezident seçilmə şansı da yüksəkdir”.
Politoloqdan ŞOK AÇIQLAMA: “Klinton prezident seçilsə, Putini devirəcək”
Q.Hüseynli deyib ki, əgər Hillari Klinton ABŞ prezidenti seçilərsə, dünyadakı geosiyasi vəziyyət dəyişə bilər: “Əsas məsələ odur ki, Hillari Klinton dünyanın çox gərgin dövründə prezident seçilə bilər. Çünki hazırda dünyada iqtisadi böhran, hərbi və siyasi qarşıdurmalar hökm sürür. Xüsusilə də ABŞ-Rusiya qarşıdurması pik həddə çatıb. Belə bir şəraitdə ABŞ-ın güclü və səbirli prezidentə ehtiyacı var. Hesab edirəm ki, Hillari Klinton bu vəzifələrin öhdəsindən gəlməyi uğurla bacaracaq. Düşünürəm ki, yaxın illərdə ABŞ-Rusiya qarşıdurması səngiməyəcək. Əksinə, daha da arta bilər. Bu qarşıdurmanın gərginləşməsi prosesində ABŞ Rusiyanı küncə sıxa biləcək. Rusiyanın küncə sıxılması isə rəsmi Kremlin Cənubi Qafqaza təsir imkanlarını zəiflədəcək. Bütün bunlar isə Azərbaycan üçün əlverişli imkanlar yaradır. Çünki işğalçı Ermənistanı daim müdafiə edən dövlət Rusiyadır. Əgər Rusiyanın Ermənistana təsir imkanları zəifləsə, o zaman bu, Qarabağ münaqişəsinin də həllinə yeni imkanlar yaradacaq”.
Politoloq qeyd edib ki, Hillari Klinton prezident seçilərsə, bu, Rusiyada Putin hakimiyyətinin sonu ola bilər: “Düşünürəm ki, Hillari Klintonun prezidentliyinin birinci mərhələsində Rusiya prezidenti Vladimir Putin də süqut edərək hakimiyyətdən gedəcək. ABŞ-da yeni prezidentin əsas vəzifələrindən biri də məhz Rusiyada Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Vaxtilə ABŞ İraqla birinci dəfə qarşı-qarşıya gəldi və Səddam hüseyni devirmək istədi. Ancaq ata Corc Buş bunu yarımçıq saxladı. Nəticədə isə oğul Corc Buş atasının yarımçıq qoyduğu işi tamamlayaraq, Səddam Hüseyni devirdi. İndi isə Hillari Klinton ərinin yarımçıq qoyduğu işi tamamlamağa çalışacaq. Çünki vaxtilə Bill Klintonun dövründə Rusiyanı tam çökdürmək planı var idi. Həmin dövrdə Bill Klinton nüvə müharibəsi təhlükəsindən çəkinərək, bu prosesi sonadək davam etdirmədi. Amma böyük ehtimalla bu dəfə Rusiyanın çökdürülməsi çox kəskin olacaq. Bu, dünya üçün də böyük fəsadlara yol aça bilər. Bunun üçün də proses elə aparılmalıdır ki, buradan nə Rusiya xalqı, nə də digər xalqlar ziyan çəksin”.