"Polislərə yazılan “bonus” onları daha çox cərimə yazmağa sövq edir..." - Vaqif Əsədov SÜKUTU POZDU

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "Polislərə yazılan “bonus” onları daha çox cərimə yazmağa sövq edir" başlığı ilə yayılan xəbərlərə münasibət bildirib.
Muxalifet.az-ın oxu.az-a istinadən xəbərinə görə, polis polkovniki bildirib ki, yol polisinin əsas vəzifəsi təhlükəsizliyi təmin etməkdir: "Xüsusilə pik saatlarda DYP əməkdaşları yol hərəkətinin tənzimlənməsi ilə məşğul olurlar. Sürücülərə istiqamət  göstərirlər, keçmə növbəsini təmin edirlər ki, vətəndaşlar aidiyyəti hərəkət üzrə gecikməsin və ləngimə baş verməsin.
Eyni zamanda, gün ərzində Bakı şəhərində törədilən inzibatı xətalarla bağlı tənbeh tədbirlərinin sayına nəzər salsaq, görərik ki, polis tərəfindən tərtib edilən inzibati protokollar ümumi tətbiq edilən cəza sanksiyalarının təxminən 25 faizini təşkil edir. Yəni Azərbaycanda olan texniki vasitələr inkişaf etmiş ölkələrlə yanaşı, bizdə də tətbiq edildiyindən gün ərzində törədilən xətaların 65-70 faizi məhz texniki vasitələrin köməyilə qeydə alınır. Törədilən qəzalar i-patrul sisteminin, Bakı şəhərində quraşdırılan videokameraların, eyni zamanda, sürət ölçən cihazların köməyilə müəyyənləşdirilir.
Vətəndaşa tətbiq olunan inzibati protokollar texniki vasitələrlə göndərilsə  də, bu narazılıqla qarşılanmamalı və çatışmazlıq kimi təqdim edilməməlidir.
Qeyd edilən başlıqla yazılan xəbərlərdə polisin aldığı 25 faizlik "bonus"a qısqanclıq hiss edilir. Bu da ictimaiyyətdə çaşqınlıq yaradır".