Polisdə “qaranquş” işgəncəsi: Müşfiq Quliyev danışır - “KƏNDİRİ AĞZIMDAN SALIB GERİ DARTDILAR, ÇƏKİB...”

Baxış sayı:
10423

Rusiyada biznesmenin və onun azyaşlı oğlunun qətlində ittiham olunan, istintaq təcridxanasında ağlasığmaz işgəncələrə məruz qalan, daha sonra bəraət alıb Azərbaycana qayıdan Müşfiq Quliyev buradan İşgəncələrə Qarşı Komitəyə müraciət edib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin martında Rusiyanın Orenburq vilayətində baş verən dəhşətli qəti törətməkdə ittiham olunan Müşfiq Quliyev iki qohumu ilə birgə şübhəli şəxs qismində saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər üçünün barəsində həbs qətimkan tədbiri seçilib. Lakin sonradan məlum olub ki, saxlanılan azərbaycanlıların heç birinin sözügedən qətldə əli olmayıb. Ölüm işi ilə bağlı ittihamlar onların üzərindən götürülüb və azadlığa buraxılıblar.  

Təcridxanada saxlanıldıqları müddətdə dəhşətli işgəncələrə məruz qalan Müşfiq Quliyev və onunla birgə həbs olunan iki qohumu bununla bağlı müvafiq orqanlara şikayət etsələr də bu günə kimi faktla bağlı cinayət işi başlanmayıb.

Qeyd edək ki, azərbaycanlıların hər üçü - Müşfiq Quliyev, Muşfiq Şıxaliyev və Ramin Şahmarov ötən il iyunun 1-də İşgəncələrə Qarşı Komitənin Orenburq şəhər bölməsinə müraciət ediblər. Müraciətlərində heç bir əsas olmadan 7 mart 2018-ci ildə polis əməkdaşları tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə aparıldıqlarını göstəriblər. Rusiyalı biznesmenin və azyaşlı oğlunun qətlində əlləri olduğunu söyləməyi tələb ediblər. Nəhayət, istintaq təcridxanasındakı işgəncələrə tab gətirməyən Müşfiq Şıxəliyev “qatil” olduğunu etiraf etmək məcburiyyətində qalıb. M.Şıxəliyevin dediyinə görə, qətli “etiraf”etməsinə  səbəb polis əməkdaşları tərəfindən zorlanacağı barədə hədələnməsi olub.

Digər “qatil” - Müşfiq Quliyev da  işgəncələrə məruz qalıb, döyülüb. Polis əməkdaşları ona fiziki təzyiq göstəriblər,  etirafedici ifadə almağa çalışıblar. M.Quliyev isə yalnız Rusiya ərazisinin tərk etdikdən sonra baş verənlərlə bağlı hüquq müdafiəçilərinə müraciət edib.

Müraciətdə deyir: “Ötən il martın 7-də məni İstintaq Təcridxanasında gətirdilər. Təcridxana əməkdaşı qalın bir kitab götürüb başıma qoydu, kitabın üstündən yumruq zərbələri endirməyə başladı. Elə bil başıma gürzlə çırpırdılar. Vurduqca təhqir edir, nalayiq söyüşlər söyürdülər”.

M.Quliyevin sözlərinə görə, onları döyüblər, söyüblər, alçaldıblar, boğublar. Nəhayət polislər M.Quliyevə qarşı “qaranquş” işgəncə növünü tətbiq edəndən sonra o dözməyib, törətmədiyi əməli boynuna almaq barədə ifadəni imzalayıb.

Quliyev “qaranquş” işgəncəsini belə təsvir edir: “Əməkdaş məni üzü üstə döşəməyə uzatdı, başıma kəndiri doladı, elə elədi ki, kəndir ağzıma girdi və dişlərimi araladı, nəticədə ağzım açıq qaldı. Sonra həmin kəndiri geri dartıb dizlərimə qədər apardı, pəncə nahiyəsinə bağladı. Beləliklə, mən çox narahat və ağrılı pozada qaldım, xüsusən də onurğamda şiddətli ağrı yarandı, çünki geriyə əyilmişdi. Digər əməkdaş isə qıçlarımın arasından keçən kəndiri ayağı ilə basırdı ki, mənə daha dözülməz ağrı versin. Bu vəziyyətdə məni təxminən yarım saat saxladılar”.

M.Quliyev deyir ki, işgəncələr gün ərzində davam edib, onların bədənlərinə elektroşok veriblər, güclə dərman içiriblər. Dərmanı içdikdən sonra sərxoşluq hissi yaranıb. Əl-qolunu bağlayıb zorla iynə vurublar.

Anoloji işgəncələri onun Rusiyada yaşayan doğmalarına və yaxınlarına da verəcəklərini polislərdən eşidən Müşfiq təhlükənin daha da yaxında olduğunu anlayıb. Təcridxanada ona doğmalarının dəqiq ünvanları, ad - soyadları açıqlanıb.

"Axşam tərəfi polis əməkdaşları ayaqlarımı açdılar, məni qonşu otağa köçürdülər. Stolun üstündəki sənədləri imzalamağımı əmr etdilər, onları oxumağa imkan vermədilər. Sənədlərin hamısını imzaladım. Bundan sonra daha mənə toxunmadılar, əllərimdəki qandalları da çıxartdılar. Amma yenə yemək vermirdilər, ayaqyoluna getməyə qoymurdular” – müraciətdə belə deyir.

Hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Komitənin əməkdaşı Albina Mudarisovanın sözlərinə görə, komitəyə ünvanlanan şikayətlə bağlı materialları oxuyarkən imzalanmış kağızların arasında sözügedən cinayətin Müşfiq Şıxəliyev və Ramin Şahmarov tərəfindən törədildiyini əks etdirən sənədlər olub.

Quliyevin ifadələrinə əsaslanaraq, yenidən istintaq hərəkətləri başlanılıb, dindirmələr, üzləşmələr aparılıb, hadisə yerinə baxış  keçirilib. Nəhayət, istintaq tərəfindən Quliyevə qətllə bağlı ittihamlar irəli sürülüb, Şahmarovla Şıxəliyev isə şübhəli şəxs kimi tanınıblar.

Lakin bir həftədən sonra Şahmarovla Şıxəliyevin günahı sübuta yetirilmədiyindən hər ikisi azadlığa buraxılıb. Qətl hadisəsi baş verən zaman onların ət biznesi ilə əlaqədar Başqırdıstanda olduqları müəyyənləşdirilib.

İki ay sonra Müşfiq Quliyev də azadlığa çıxıb. Çoxsaylı şahidlərin ifadəsi əsasında onun alibisi təsdiq edilib. Həbsdə olarkən M.Quliyevin Rusiyada müvəqqəti yaşamaq icazəsinin müddəti bitib. Yaranmış vəziyyətin girovuna çevrilən Müşfiq  daha 10 ay Rusiyadan məcburi qaydada deportasiya olunacağını gözləyib. Bu müddət ərzində kimdənsə hüquqi yardım istəməyə ehtiyat edib, qorxub. Yalnız Azərbaycana qayıtdıqdan sonra İşgəncələrə Qarşı Komitəyə müraciət etmək qərarına gəlib.

Xatırladaq ki, 2018-ci ilin yanvarında Orenburqda baş vermiş amansız qətl və həmin qətlə görə tutulan azərbaycanlılar haqda Rusiya mətbuatı uzun müddət yazıb. Həmin vaxt biznesmen Çernov azyaşlı oğlu ilə birlikdə öldürülüb, “Toyota Land Cruiser” markalı avtomobili yandırılıb. Qətlin üstü indiyə qədər açılmayıb. Həmin qətlə görə tutulan və günahı sübut edilmədiyi üçün buraxılan azərbaycanlılardan isə Rusiya Baş prokurorluğu rəsmən üzr istəyib.