​Polis və ANAMA hərəkətə keçdi: Bakıda partladıcı tapıldı

Baxış sayı:
127

Dekabrın 6-da saat 13:08-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 13:32-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Binəqədi rayonunun Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildiriblər ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Binəqədi Rayon Polis İdarəsinin və FHN-nin Mülki Müdafiə Qərargahı radiokimya laboratoriyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri, rayon polis idarəsinin və Mülki Müdafiə Qərargahı radiokimya laboratoriyasının əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Aparılmış təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası və şüşə qabda 1 kiloqram civə maddəsi aşkarlanıb.
Ətrafda 500 kvadratmetr əraziyə yerüstü və 9 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə olaraq agentliyin mütəxəssisləri tərəfindən bir ədəd UZRQM partladıcısı tapılıb.
Şüşə qabda aşkar olunmuş 1 kiloqram civə maddəsi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına aidiyyəti üzrə təhvil verilib, bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı isə agentliyin mütəxəssisləri tərəfindən götürülərək məhv edilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əraziyə təkrar baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.